Günel Fərhadqızı: "ABŞ səfirinin verdiyi bu qiymət Ermənistandakı biznes mühitinin hansı durumda olduğu barədə aydın təsəvvür yaradır"
Məlum olduğu kimi, bir neçə gün əvvəl İstanbul maliyyə mərkəzi layihəsi çərçivəsində maliyyə qurumlarının Türkiyəyə gəlməsi üçün addımlar atılarkən, kapital bazarları baxımından əhəmiyyətli bir qurumdan əks istiqamətdə qərar çıxıb. 1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən, Bakı Fond Birjasının (BFB) da üzv oduğu Avrasiya Birjaları Federasiyası mərkəzi ofisinin İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürülməsilə bağlı qərar verilib.
FEAS sədri və Misir Birjasının sədri Məhəmməd Omran üzvlərinə göndərdiyi e-poçtla FEAS-ın 16 mayda Tehranda keçirilən növbədənkənar ümumi yığıncağında səs çoxluğu ilə Federasiyanın mərkəzinin İstanbuldan İrəvana köçürməsi barədə qərar verildiyini bildirib.
Türkiyə FEAS-ın qurucu üzvləri arasında yer alırdı və təşkilatın mərkəzi ofisi Birja İstanbulun binasında idi. Birjaya yaxın mənbələr Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərq ölkələrinin üzv olduğu FEAS-ın əhəmiyyətli bir şəbəkə olduğunu, Türkiyənin yaratdığı bu təşkilatın mərkəzinin Ermənistana köçürülməsinin sektor üçün bəxtsizlik olduğunu bildirir.
Maraqlıdır ki, Ermənistan mətbuatı bu mövzu ətrafında böyük ajiotaj yaradıb. Rəsmi İrəvanın nəzarətində olan KİV-də bildirilir ki, verilmiş bu qərar Ermənistanı cəlbedici bir ölkəyə çevirəcək və həmin ölkəyə qoyulan investisiyaların həcmi əhəmiyyətli dərəcədə artacaq.
Ermənistanı xarici investisiyanın cəlbi üçün cəlbedici ölkə saymaq olarmı?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, FEAS-ın İrəvana köçürülməsinin arxasında heç bir ciddi iqtisadi səbəb dura bilməzdi: "Biz bu qərarı təəssüflə qarşıladıq. Çünki 1995-ci ildə İstanbulda qurulan və 22 ildir Türkiyədən fəaliyyət göstərən FEAS-ın İrəvana köçürülməsilə bağlı qəbul edilən qərar yalnız bizi deyil, dünyanın bütün ciddi maliyyə institutlarının təəccübünə səbəb oldu. Həmin quruma Asiya, Balkan ölkələri, Şimali Afrika və Yaxın Şərqdən 33 ölkənin birjaları üzvdür. Bununla yanaşı, FEAS-ın 11 birja olmayan üzvü, 3 müşahidəçi üzvü və 4 də mübadilə təşkilatı üzvü var. Bakı Fond Birjası da 2001-ci ildən etibarən Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) üzvüdür. İqtisadi əsaslandırması olmayan belə bir qərardan sonra Ermənistanın guya cəzbedici ölkə olması ətrafında yaratdığı şou isə tam əsassız və gülüncdür. Çünki Ermənistan, faktiki olaraq, regionu əhatə edən bütün ciddi infrastruktur, enerji layihələrindən kənarda qalıb. Bunun da səbəbi aydındır. Yürütdüyü işğalçı siyasət, yaxın qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürməsi və kriminal rejim tərəfindən idarə olunması səbəbindən belə taleyi yaşamağa məhkumdur. Ermənistanın öz daxilində olan ekspertlər ölkədəki vəziyyəti acınacaqlı adlandırır. Təbii ehtiyatlarla zəngin olmayan ölkədəki vəziyyət vətəndaşları kütləvi şəkildə Ermənistanı tərk etməyə sövq edir. Ermənistan indi yalnız Rusiyanın ayırdığı dotasiyalar hesabına başını birtəhər girləyir. Bu asılılıq da onu Moskvanın əlaltısına çevirib. Ermənistanda investisiya mühiti heç vaxt şəffaf olmayıb ki, kimlərisə cəlb etsin. Bu günlərdə ABŞ səfiri onların energetika sahəsinə ABŞ-ın investisiya ayıra biləcəyi ehtimalını səsləndirdi. Ancaq vurğuladı ki, bunun üçün Ermənistandakı daxili bazar, biznes mühiti tam şəffaflaşmalı, xarici təsirdən azad olmalıdır. ABŞ səfirinin verdiyi bu qiymət Ermənistandakı biznes mühitinin hansı durumda olduğu barədə aydın təsəvvür yaradır".
Məhəmmədəli QƏRİBLİ