Dağlıq Qarabağ münaqişəsi yenidən hərbi müstəviyə keçəcəyi təqdirdə bunun Ermənistan üçün ciddi fəlakətələrə gətirib çıxaracağına dair edilən xəbərdarlıqlardan rəsmi İrəvan görünür, hələ də lazımi nəticələr çıxarmaqda çətinlik çəkir. Əksinə, sülh danışıqlarından yayınmaqla, cəbhədə təxribatçı addımlara getməklə İrəvan müharibə ehtimalını daha da artırmış olur.
Halbuki, Serj Sarksiyan iqtidarının bu siyasəti artıq Ermənistanın özündə də böyük narazılıqla qarşılanır. Məsələn, "İravnuk" qəzeti yazır ki, hərbi əməliyyatların yenilənməsi cəbhə itkilərinin artması deməkdir və indiki halda bu qətiyyən Ermənistana lazım deyil: "Hələ döyüşlərin hansı nəticələrə gətirib çıxaracağını da dəqiq proqnoz etmək olmaz. Hər halda, ötən ilin aprelindən mütləq dərs çıxarılmalıdır. Məsələnin bu səbəbdən sülh yolu ilə həlli İrəvan üçün prioritet olmalıdır".
Amma görünən odur ki, Sarkisyan iqtidarı ölkə daxilində yarıtmaz siyasəti üzündən üzləşdiyi təzyiqlərdən yayınmaq üçün həmişəki siyasətinə sadiq qalaraq cəbhədə vəziyyətin gərginləşməsini ön planda saxlayır. Enyi zamanda İrəvan danışıqlar prosesindən yayınmaqla təxribatçı mövqeyindən geri çəkilmək niyyətində olmadığını ortaya qoyur. Elə bu səbəbdən danışıqlar, belə demək mümkünsə, dalana dirənmiş vəziyyətdədir və bunun əsas günahı da məhz İrəvanın üzərinə düşür. Halbuki, "Madrid prinsipləri" əsasında Qarabağ münaqişəsinin həll prosesinə dinc müstəvidə başlanılmasına dair Ermənistanın özündə də çağırışlar var. Erməni politoloq Ara Papyan bu xüsusda bildirir: "Dağlıq Qarabağla bağlı danışıqlar masasında "Madrid prinsipləri" var. Başqa sənəd yoxdur". Bu mənada o, Serj Sarkisyanın danışıqlar masasında əsas şərtin "Dağlıq Qarabağın müstəqilliyi" ilə bağlı olduğu haqda fikirlərinin heç də reallığı əks etdirmədiyini bildirir. Erməni politoloq qeyd edib ki, Azərbaycanın buna razılaşacağını düşünmək ağılsızlıqdır. Papyan bu şəraitdə Ermənistanın siyasəti üzündən Qarabağda yeni müharibənin başlayacağı proqnoz edir: "Bu, "dördgünlük müharibə" kimi olmasa da, ciddi toqquşma baş verəcək. Gərginlik sabah, yaxud bir müddət sonra ola bilər. Lakin buna hazırlığın getdiyi ortadadır".
Erməni jurnalist Sarkis Artsruni də "armenianreport" portalında yazır ki, Ermənistan prezidentinin Dağlıq Qarabağ siyasəti ölkəni sonu görünməyən macəraya sürükləyir. O qeyd edir ki, ümumiyyətlə, Ermənistan hakimiyyəti Qarabağ məsələsində konseptual yanaşmaya malik deyil: "Hakimiyyət bu məsələdə əsasən şəraiti və ani maraqları rəhbər tutur. Parlament seçkilərində seçkiqabağı kampaniyada da Dağlıq Qarabağ məsələsi ani maraq olaraq istifadə olundu. Birinci prezident Levon Tert-Petrosyan ərazilərin qaytarılmasından danışdı, hakimiyyət onu "xəyanət"də ittiham etdi. Bizim siyasi fikrimizin faciəsi ondan ibarətdir ki, Qarabağ problemində Levon Ter-Petrosyanın konsepsiyası yeganə proqram olaraq qalır, buna heç bir alternativ yoxdur, yaxud da ortaya qoyulmayıb. Siyasi güclərin əksəriyyəti üçün Qarabağ problemi şüarlar səviyyəsində qalıb". Artsruni əlavə edib ki, Serj Sarkisyanın Qarabağ siyasəti ziqzaqa oxşayır: "Bu siyasət açıq və gizli hədəfdən ibarətdir. Açıq şəkildə şəraitə görə oynayır, gizlində isə status-kvonu bərkitməyə çalışır. Seçkilərə qədər Ermənistan hakimiyyətinin siyasəti daha konkret idi və faktiki olaraq, Bakı ilə istənilən danışığı rədd edirdi. Lakin seçkidən sonra yeni mərhələ başlandı və Moskvada Lavrov-Nalbandyan-Məmmədyarov görüşü keçirildi. Həmin görüşdə nəsə əldə olunmasa belə, bu, Ermənistanın mövqeyinin yumşalması deməkdir". Erməni jurnalist Ermənistan üçün təhlükəli olan başqa bir məsələnin olduğunu da qeyd edib: "İrəvan status-kvonun möhkəmləndirilməsi siyasəti aparırsa, bu, Bakı ilə uzunmüddətli qarşıdurma deməkdir. Yəni Azərbaycana qarşı sistemsiz Ermənistan dayanacaq. Hakimiyyətin isə Qarabağla bağlı heç bir konsepsiyası yoxdur. Sarkisyanın Qarabağ ziqzaqı təhlükəli macəraya çevrilə bilər".
Hazırda Ermənistanda bu səpkidə ən böyük təhlükə qismində hərbi əməliyyatların yenidən bərpa edilməsi göstərilir. Halbuki, qarşı tərəfdə o da etiraf edilir ki, danışıqlar masasında Azərbaycanla razılığa gəlmək Ermənistanın qarşısında yeni inkişaf yolu aça bilər. Eyni zamanda Ermənistanın, Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri yaxşılaşa bilər və bu, ermənilərin gələcəyi baxımından çox vacib olay ola bilər. Sarkis Artsruni yazır ki, əslində Ermənistanın xilası bu proseslərdən birbaşa asılıdır. Bu mənada o, diqqəti Avropa Komissiyasının xarici məsələlər və təhlükəsizlik üzrə komissarı Federika Mogerininin Avropa İttifaqı-Ermənistan əməkdaşlığının növbəti şura iclasında səsləndirdiyi fikirlərə yönəldir. Federika Mogerini bildirib ki, Brüssel türk-erməni münasibətlərinin düzəlməsinə kömək etməyə hazırdır. Qeyd edilir ki, Mogerini ilə görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da türk-erməni münasibətləri haqda, demək olar, eyni ifadələri işlətdi. Sarkis Artsruni yazır ki, Türkiyə ilə münasibətlərin düzəlməsi Ermənistan üçün gedərək daha böyük əhəmiyyət kəsb etməyə başlayır: "İrəvan, bütün imtinalara rəğmən, Ankaradan hələ də xahişlərini edir. Çünki Ermənistan Avropa İttifaqına çıxış üçün Türkiyənin əsas dəhliz olduğunu anlayır. Güman ki, iclasda türk-erməni münasibətləri məhz İrəvanın istəyi ilə gündəmə gətirilib. Nalbandyan da Mogerini ilə arxa planda bunu müzakirə edib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə qapılarını İrəvanın üzünə bağlayıb. İrəvan Ankaradan dəfələrlə xahiş edib ki, "Qarabağ olmadan müzakirə edək". Amma Ankara bununla razılaşmır".
Xatırladaq ki, qardaş Türkiyə Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ və digər əraziləri işğal etməsini əsas tutaraq, İrəvanla heç bir diplomatik əlaqələr qurmur, həmçinin 1993-cü ildən, Kəlbəcərin işğalından sonra bu ölkə ilə sərhədlərini bağlayıb. 2009-cu ildə münasibətlərin düzəlməsi ilə bağlı imzalanmış Sürix protokolları da arxivə göndərilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəfələrlə Türkiyəyə "ilkin şərt olmadan münasibətləri düzəldək" çağırışı, belə demək olarsa, havadan asılı qalıb. Bu fonda Ermənistanda daha yaxşı anlayırlar ki, Qarabağ məsələsi həllini tapmadan İrəvanın Ankara ilə münasibətlərində hansısa yenilik gözləmək əbəsdir. Ankara, eləcə də Bakı ilə münasibətlər yaxşılaşmadan Ermənistanın hansısa inkişafından söhbət gedə bilməz. Bu səbəbdən Ermənistanda Qarabağ məsələsinin dinc müstəvidə danışıqlarla həllini istəyənlərin sayı artır və onlar hakimiyyətin mövcud Qarabağ siyasətindən açıq narazılıq edir. Bu siyasətin Ermənistanı sadəcə məhvə sürüklədiyini də qabarıq formada dilə gətirirlər. Digər tərəfdən həmin qüvvələr bu məsələdə Qərbin dəstəyinə də böyük ümidlər bəsləyir. Məsələ burasındadır ki, Qərbin, o cümlədən Avropa İttifaqının Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarmaq niyyətləri mövcuddur. Amma bunun üçün Ermənistanın Avropa İttifaqına çıxışının təmin olunması da zəruridir və bu da Türkiyəsiz mümkün deyil. Yaranmış vəziyyəti Qərbdə də aydın sezirlər. Elə bu səbəbdən Qarabağ məsələsinin daışıqlar müstəvisində çözümünün vacibliyi Qərbdə də vacib amil kimi qəbul olunur. Hesab edilir ki, Avropa İttifaqına İrəvanın çıxışı üçün mütləq mənada Türkiyə ilə sərhədlər açılmalı və Ermənistana Avropaya çıxış üçün dəhliz verilməlidir. Lakin bu məsələnin qeyd olunan səpkidə həlli üçün Ermənistanın zəbt olunmuş Azərbaycan ərazilərini azad etməsini Türkiyə əvvəlki kimi əsas şərt olaraq ortaya qoyur. Ötən zaman Ankaranın bu siyasətdən qətiyyən imtina etmək niyyətində olmadığını aydın şəkildə meydana qoyub. Bunu bir müddət əvvəl NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan təmsilçisi Koryun Nahapetyanın diqqətinə bir daha çatdırdı və qeyd etdi ki, Türkiyə Azərbaycanla bir millət, iki dövlətdir: "Azərbaycan torpaqlarını mənmi işğal etmişəm? Qarabağı mənmi işğal etmişəm? Siz işğal etdiniz, niyə çəkilmirsiniz? Biz sizə bəzi məsləhətlər verdik, təkliflər irəli sürdük, "buradan çəkilsəniz, sərhədləri açarıq" dedik. Siz dediniz ki, Azərbaycanı niyə şərt kimi qoyuruq? Biz də "Azərbaycan bizim qardaş ölkəmizdir" cavabını verdik. Dedik ki, Azərbaycanın məsələsi bizim məsələmizdir". Beləliklə, həm Qərb, həm də Ermənistan yaxşı bilir ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyənin sərhədləri açması mümkün deyil. Belə vəziyyətdə Ermənistanın Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar atmaması bu ölkənin tənəzzülünün daha da dərinləşməsinə rəvac verəcək. Yuxarıda qeyd olunduğu kimi, hadisələrin bu səpkidə inkişafı artıq Ermənistanın özündə də narazılıq yaradır. Ermənistanda artıq çoxları aydın görür ki, Qarabağ məsələsinin həlli təkcə Türkiyə ilə sərhədlərin açılması yox, həm də ölkənin regional layihələrə qoşulmasına gedən yolun başlanğıcıdır. Belə vəziyyət Ermənistanın bir dövlət olaraq xilası, Rusiyanın təsir dairəsindən çıxması, bunun əksi isə müharibə və Ermənistan üçün yeni itkilər deməkdir. Elə bu səbəbdən indiki Qarabağ siyasətini davam etdirmək istəyən Sarkisyan iqtidarının mövqeyindən narazılıq artır.
Bunu erməni ekspert Armen Badalyan da etiraf edir və vurğulayır ki, artıq Ermənistan cəmiyyətində Dağlıq Qarabağa mənfi münasibət formalaşıb. Onun sözlərinə görə, indi 1988-ci il deyil, bunu anlamaq lazımdır: "Qarabağ məsələsi bizə heç nə gətirmədi. Çoxları cəmiyyətdə Qarabağ mənşəli prezidenti və 1 mart hadisələrini gördü. Bu səbəbdən artıq şüurlarda dəyişiklik baş verib. Həm cəmiyyət dəyişib, həm də Qarabağ məsələsinin mahiyyəti. Qarabağ münaqişəsi Ermənistana yalnız fəlakət gətirdi. Bütün bunlar öz izini qoyur və bu, nə vaxtsa öz təsiri göstərə bilər. Bizim üçün Qarabağ qələbəsinin mənası tamamilə itirilib. Əksinə, bu münaqişə indi Ermənistana böyük problemlər, mğlubiyyətlər qazandırır".
Hazırda Ermənistanda bu mövqedə olanların sayı durmadan artır və ölkə hakimiyyəti bütün bunlarla hesablaşmağa məcburdur.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.