Məhəmməd Əsədullazadə: "Planda təkcə İŞİD olmadığına görə NATO proseslərə cəlb edildi"
Məlum olduğu kimi, NATO ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya qoşulmaq barədə qərar qəbul edib. Belə ki, NATO üzvü olan 28 ölkə İraq və Suriyada İŞİD-ə qarşı koalisiyaya qoşulmaq qərarı verib. ABŞ NATO-nun koalisiyaya qoşulması ilə bağlı bir il öncə üzvlərə çağırış edib. Amma NATO-nun qəbul etdiyi qərar üzv ölkələrin hökumət başçıları tərəfindən rəsmən tam təsdiqlənməyib.
Məlumat üçün qeyd edək ki, bir ildir ABŞ NATO-nu tam olaraq İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulmağa dəvət edir. Ancaq qurum müxtəlif səbəblərdən koalisiyaya qoşulmaqla bağlı qərarın qəbul olunmasını yubadırdı. Görünən odur ki, artıq qərar verilib. Ümumilikdə, indiki dövrdə NATO-nun İŞİD-ə qarşı koalisiyaya qoşulmasında məqsəd nədir və bu nə ilə nəticələnə bilər? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Ər-Riyadda Amerika-ərəb-müsəlman konfransında İŞİD-ə qarşı beynəlxalq koalisiyanın daha da effektiv olacağını, Suriyada bu terror təşkilatına qarşı şiddətli mübarizə aparacağını qeyd etməsi NATO-nun bu prosesə cəlb edilməsi ilə nəticələnib: "İlk dövrdə NATO Suriya böhranı və terror təşkilatlarına qarşı koalisiyada yer almırdı. Görünən odur ki, Yaxın Şərqdə İran və Rusiyanın daha çevik siyasət aparması, regionda öz təsir dairəsini genişləndirməsi NATO-nu bu addımı atmağa məcbur edib. ABŞ NATO-dakı müttəfiqləri ilə Suriyada İŞİD-ə qarşı müharibədə iştirak edəcəksə, deməli, bu, Suriya münaqişəsinə NATO-nun müdaxiləsi olacaq. Nəticədə proseslər Əsəd rejiminə qarşı çevriləcək. ABŞ Yaxın Şərqdə təkbaşına mübarizə aparmaq niyyətində deyil. Rusiya və İrana qarşı, NATO başda olmaqla, Ərəb koalisiyası ilə birgə Suriyada terror təşkilatının vurulması gələcəkdə bu ölkənin siyasi həyatında mühüm rol oynamasına gətirib çıxaracaq. Artıq İŞİD zəiflədilib, bununla ABŞ təkbaşına da döyüşməyə qadirdir. Amma planda təkcə İŞİD olmadığına görə NATO proseslərə cəlb edildi. Burada Əsəd rejimi hədəf alınıb. NATO-ya qarşı İran və Rusiyanın kəskin mövqeyi nəticəsiz olacaq. NATO ilə Türkiyə də bu proseslərdə yer alsa, Türkiyənin rolu daha da arta, ABŞ-la anlaşa bilər. Bu da Rusiya ilə Türkiyənin yenidən əks cəbhədə olmasına gətirəcək. NATO müdaxilə edərsə, Yaxın Şərqdə əsas güc Qərb ölkələri olacaq. İran və Rusiyanın mövqeyi zəifləyəcək. Bundan əlavə, NATO-nun müdaxiləsi olarsa, ABŞ-ın YPG-ni dəstəkləməsi heç bir məna daşımayacaq. YPG-yə İŞİD-ə qarşı mübarizədə ehtiyac olmamalıdır".
Vidadi ORDAHALLI