Qarabağ ərazisi dünyada insanın məskunlaşdığı ilk ərazilərdən biridir. Bu ərazi hələ XIX əsrdən başlayaraq dünyanın bir çox həvəskar arxeoloqlarının diqqətini cəlb edib. Möhtəşəm Azıx və Tağlar mağaraları, bu mağaraların qədim sakinləri tərəfindən yaradılan Quruçay arxeoloji mədəniyyəti nəinki təkcə Qarabağın, eləcə də bəşər tarixinin ilk mərhələsini öyrənmək üçün əvəzsiz abidələrdir.
Qarabağ ərazisi ilk əkinçi və maldar tayfalarının yaratdığı Kür-Araz arxeoloji mədəniyyətinin abidələri ilə də zəngindir. Bunlar bütünlüklə e.ə. VI-V minilliklərdə həmin ərazidə əhalinin təsərrüfat həyatını, onun məişətini, adət və ənənəsini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan arxeoloqları tərəfindən az-çox öyrənilən çoxtəbəqəli Qarakəpək təpə abidəsi, Xantəpə, Kültəpə, Günəştəpə, Şəkərcik, Şomulu, Zərgərtəpə və onlarla başqaları bütünlüklə Qafqaz eneolitinin ən nadir abidələridir.
Qarabağ ərazisi ilk tunc dövrü abidələri ilə də zəngindir. Tədqiqatçıların fikrincə, ümumiyyətlə Azərbaycanda əsasən hələ Kür-Araz eneoloji dövründə üç mis emalı mədəni mövcud olub. Qarabağda elə bir mədənin olması bu ərazidə ümumiyyətlə tunc dövrü abidələrinin, o cümlədən yeni tipli yaşayış məskənlərinin, qəbir abidələrinin, istehsalat ocaqlarının meydana gəlməsinə zəmin yaradıb. Bu abidələrin tədqiqi göstərir ki, Qarabağda oturaq həyatın, bununla bağlı olan əkinçiliyin və sənətkarlığın geniş şəbəkəsi yaranıb, yarımköçəri maldarlıq təsərrüfatı formalaşıb. Günəştəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə, Üzərliktəpə və başqa komplekslərdən ibarət həmin abidələrdə, xüsusilə orta tunc dövrü abidələrində müdafiə istehkamlarının mövcudluğu xüsusi mülkiyyət meyllərinin gücləndiyini göstərir. Bununla da ibtidai icma quruluşunun tədricən dağılmasının əsası yaranırdı. Bu baxımdan ilk şəhər əlamətlərini özündə əks etdirən Üzərliktəpədə qazıntı işləri zamanı zəngin materiallar əldə edilib. Qarabağın son tunc, ilk dəmir dövrü Xocalı abidələri kompleksində öz əksini tapır. Buraya kurqan, kromlex, menhid və tsikloplar kimi nadir abidələr daxildir.
Azərbaycan ərazisində eradan əvvəl IV əsrdən etibarən möhtəşəm Alban dövləti formalaşmağa başlayıb. Alban tayfalarından olan qarqarların və utilərin yaşadığı Qarabağ ərazisi bütünlüklə Albaniyanın etnik, siyasi və iqtisadi rayonlarından birinə çevrilib. Məlumdur ki, IV əsrin I rübündə bütün Zaqafqaziyada olduğu kimi, Albaniyada da xristianlıq dövlət dini səviyyəsinə yüksəlib. Albaniyada xristianlığın ən geniş yayıldığı ərazi məhz Qarabağ bölgəsi olub. Ümumiyyətlə, ilk feodalizm dövrü Qarabağ ərazisində bir tərəfdən xristianlıq geniş inkişaf tapıb və xristian abidələri yayılıb, digər tərəfdən də orada yeni-yeni şəhərlər və müdafiə qalaları tikilib. Bunların içərisində sonradan bütün ölkənin paytaxtına çevrilən Bərdəni, Alban hökmdarlarının yay iqamətgahı Alyen şəhərini göstərmək olar.
Arxeoloji axtarışlar nəticəsində ilk feodalizm dövründə Qarabağ ərazisində dini və etnik baxımdan bir qədər müxtəliflik hiss olunur. Belə ki, xristian məbədləri və xristian dəfn adəti ilə yanaşı, bu dövrdə Qarabağda bütpərəstliyə aid daş heykəllərin geniş şəbəkəsi yaranıb. Bu heykəllər əsasən Ağdam, Mirbəşir, Ağdərə və Xankəndi ərazilərində yaradılıb.
Bütünlükdə Albaniyada olduğu kimi, Qarabağın da həyatında ən böhranlı günlər VIII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, bu vaxtdan Alban xristianlığı daxilindəki monofizit, diofizit və nesterian cərəyanları arasında yaranan ziddiyyətlər, bununla əlaqədar əhalinin böyük bir qrupunun müqəddəs İslama meyl etməsi və nəhayət, siyasi cəhətdən ölkənin ərəb əsarəti altında olması, bütün ölkədə olduğu kimi, Qarabağda da ciddi siyasi böhranla nəticələnib.
Pərakəndəlik və feodal çəkişmələri nəticəsində yeni-yeni şəhər - qalalar, o cümlədən məşhur Kirs qalası, Oğlanqala, Laçınqala, Lehk qalası və başqaları yaranıb. Əvvəlki şəhərlərin müdafiə istehkamları gücləndirilib. Alban xristian kilsələrində isə bərpa işləri adı altında yenidənqurma başlanıb və kilsələr monofizit ehkamları əsasında inşa edilib. XII əsrin sonu, XIII əsrin əvvəlləri Qarabağın yuxarı hissəsi üçün yeni bir siyasi prosesin başlanğıcı olub. Belə ki, Mehranilər sülaləsinin Sünik çarlığı ilə qohum olan yeni nəslin nümayəndələri keçmiş Alban sənətini bərpa etməyə çalışıb və bu məqsədlə Qarabağın yuxarı hissəsində Xaçın feodal çarlığını yaradıblar. Tezliklə güclənən bu çarlığa öz dövrünün ən görkəmli feodallarından olan Cəlalilər sülaləsinin nümayəndəsi Həsən Calal başçılıq edib. O özünü Alban hökmdarı və Alban sənətinin bərpaçısı adlandırıb. Məhz bu zaman Qarabağın orta əsr abidələrində III mərhələ başlayıb. Bu dövrün xarakterik cəhəti ondadır ki, keçmiş Alban kilsəsinin şöhrətini bərpa etmək üçün onlarla yeni möhtəşəm kilsə tikilib və əvvəlkilər bərpa olunub. Həsənriz məbədi, Xostavəng kompleksində Arzu xatun məqbərəsi, Beşikmidağ mağara kilsəsi və bir çox başqaları məhz bu dövrdə inşa edilib. Qarabağın müsəlmanlığı qəbul etmiş əhalisi arasında isə ərəb və fars dilli epiqrafik abidələr yayılıb. Ümumiyyətlə, Qarabağ həmişə Azərbaycanın feodal dövlətləri olan Sacilərin, sonra Salarilərin, daha sonra Şəddadilərin, Atabəylərin, Qaraqoyunluların tərkibində olub. Səfəvi dövründə isə buralar xüsusi bəylərbəyliyə çevrilib. XVIII əsrdə Qarabağ xanlığı yaranıb. Bütün bu proseslər müəyyən dərəcədə öz əksini abidələrdə tapır. Təəssüflər olsun ki, Qarabağın abidələri həmişə planlı şəkildə ermənilər tərəfindən dağıntıya məruz qalıb. Demək olar ki, bugün bütün Alban kilsələri bərpa adı altında ermənilər tərəfindən sökülərək Qriqorian üslubunda inşa edilib və bu kilsələrdəki Alban yazıları planlı şəkildə məhv edilərək erməniləşdirilib.
Bu ərazidəki abidələrə hücum keçmiş sovet hakimiyyəti illərində də davam etdirilib. Belə ki, ayrı-ayrı Ermənistan vətəndaşları və Eçmiədzin kilsə xadimləri tərəfindən Qarabağın epiqrafik abidələri qanunsuz şəkildə oğurlanaraq İrəvan xanlığında qurulan Ermənistana aparılıb, "Alban" sözü yazılan daşların məhvi üçün xüsusi kampaniya başlanıb və bu işlər gizli və pərakəndə halda görülüb.
İndi artıq 25 ildir ki, ermənilər işğal etdikləri Qarabağda abidələrlə əlaqədar Azərbaycanın izini itirmək üçün üç istiqamətdə iş aparırlar:
1. Bilindiyi kimi, Beynəlxalq qanunlara görə, müharibə gedən ölkələrdə mənəvi mədəniyyət abidələrinə toxunulmur. Fəqət ermənilər özlərinə xas xarakterlə maddi-mədəniyyət qalıqlarını ələ keçirdikdən sonra Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda və digər şəhərlərdəki muzeyləri və bu muzeylərdə toplanmış bütün kolleksiyaları erməniləşdirdilər və bu materialları öz abidələri kimi təbliğ etməyə başladılar. Bu baxımdan ermənilər tərəfindən xüsusi qruplar, cəmiyyətlər, könüllü dəstələr yaradılıb. Onlar həmçinin erməni tarixi baxımından interpretasiya edə biləcəkləri Xotavəngdəki Müqəddəs Yelisey məbədində, eləcə də Ayoğlan və Aliars abidələrində qalmış yazılı daşları İrəvana və Eçmiədzinə daşıyıblar. Hələ 1968-ci ildə Qanzasarda olarkən Ermənistandan xüsusi ustalar gətirilib bu məbədin guya bərpasına kömək etmək bəhanəsilə bir çox yazılı kitabələri çıxarıblar. Onlar bu işləri İrəvan xanlığında, Zəngəzurda, Göyçə mahalında... da özlərinə xas ustalıqla görüblər.
2. Ermənilər Azərbaycana və albanlara məxsus bütün abidələri məhv ediblər. Məlumdur ki, Qarabağdakı erməni dilli epiqrafik abidələrdə əhali özünün Alban xalqına məxsus olduğunu həmişə qeyd etməyə çalışıb. Demək olar ki, Qarabağdakı bütün nişan daşları "Yes ağnanes" - "mən albanlı" ifadəsi ilə başlanıb. Məhz bu ifadəni pozaraq onlar nadir abidələri eybəcərləşdiriblər.
3. Ermənilər öz əməllərinin üstünü ört-basdır etmək üçün dünyaya car çəkirlər ki, guya Azərbaycan planlı şəkildə Qarabağda erməni abidələrini məhv edib və nəticədə Ermənistan dövləti böyük xərc hesabına ərazinin nəinki erməni abidələrini, eləcə də digər tarixi abidələri bərpa etməyə məcbur olur.
Ermənilər deyir: "Ədalətin bizim tərəfimizdə olub-olmaması önəmli deyil, biz qalib gəlməliyik. Bu, yeganə yoldur! Biz qalib gələndə hansı üsullardan istifadə etdiyimizi bizdən soruşan olmayacaq..." Bu fikir Hitlerin dəsti-xəttinə çox bənzəyir. Doğrusu, Qriqorian kilsəsinin ehkamlarına arxalanan və hər zaman dövlət səviyyəsində fəaliyyət göstərən bu qatı şovinizm xalqları fəlakətlərə, müharibələrə, qırğınlara düçar edib, bu gün də düçar etməyə davam edir.
Azərbaycan əsrlər boyu bu şovinizmin hədəfi olub, bu gün də onun hədəfindədir. Erməni şovinizminin siyasəti böyük dövlətçilik şovinizmidir. Bu, öz rəqiblərini siyasi təzyiq altında tutmaq qüdrətinə malik effektiv bir vasitədir. Erməni şovinizmi bütün zamanlarda şantaj üsullarına bağlı olub, sirli siyasi bir oyun kimi özünü büruzə verib. Erməni şovinistlər öz mənfur ideyalarını həyata keçirmək üçün ilk növbədə Qriqorian kilsəsinin daxildə və xaricdə fəaliyyət göstərən qüvvələrinə, xarici erməni lobbisinə və diasporuna güvənirlər. Onlar çirkin əməllərini dünya ictimaiyyətindən yayındırmaq istəyirlər. Fəqət nə tarix, nə də ictimai fikir erməni qəsbkarları və onların havadarlarının saxtakarlığını ört-basdır edə biləcək. Doğrudur, tarix boyu təcavüzkar və hiyləgər olan ermənilər özlərini məzlum bir xalq kimi qələmə verərək dünya ictimaiyyətinin diqqətini çəkmək istəyiblər və bəzən bunu bacarıblar. Fəqət həqiqəti gizləmək, pərdələmək o qədər də asan deyil. Tarixi məlumatlar göstərir ki, erməni milləti yüzillər boyunca özlərinə hakim olan dövlətlər tərəfindən siyasi, dini, iqtisadi və mədəniyyət təzyiqi görüb, əziyyətlər içərisində yaşayıblar. Bu əziyyətlərin başında tez-tez baş verən məcburi köçlər gəlir. Bu da ermənilərin ikiüzlülük, satqınlıq, idarəsi altında olduqları dövlətə qarşı törətdikləri xəyanətlər və onların bir yerdə yerləşib inkişaf edə bilməmələrindən irəli gəlir.
Bu da bir həqiqətdir ki, erməni iddialarının təməlində azdırılan bir tarix yatır. Bu azdırılan tarixin yalan olmasını rəsmi sənədlər işığında dünya ictimaiyyətinə çatdırmaq hər bir elm adamının borcudur. Əks təqdirdə tarixi yalanlar davam etdiriləcək. Biz illərdən bəri davam etdirilən bu əslsiz iddialar qarşısında əsl günahkarların vətəndaşı olduğu dövlətə xəyanət edən ermənilər olduğunu və tarixin yalan bilməzliyini dünya ictimaiyyətinə, xüsusilə də erməni iddialarına dəstək verən dövlətlərə rəsmi sənədlərlə bildirməliyik. Bu da bir həqiqətdir ki, arxiv sənədləri tarixi hadisələrə siyasi baxımdan yanaşmaları aradan qaldırır, həqiqətləri ən obyektiv şəkildə əks etdirir.
Bu gün erməni lobbisi və diasporu uydurduqları saxta məlumatlar və yalanlarla öz milli varlıqlarını təbliğ etməkdədirlər. Hələlik bunlara bəzi ölkələr inanır. Fəqət tarix boyu heç bir dövlətin məqsədi erməni məsələsini həll etmək olmayıb. Bu da bir həqiqətdir ki, bütün dünya ictimaiyyəti ermənilərin kimliyini bilir və onları terrorçu bir cəmiyyət olaraq qəbul edir. Hesab edirik ki, olduqları yerlərdə kimsəni özlərindən üstün görməyən ermənilər də qeyri-insani davranışlarına, əsilsiz iddialarına görə tarix qarşısında özlərini məhkum etdiklərini bilməlidirlər.
Fazil QARAOĞLU, professor