Elşən Həsənov: "Deyilən tipli ərazilərdə hansısa demokratik normalara əməl edilməsindən söhbət gedə bilməz"
Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb. Bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.
O, çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Dnestryanı, həmçinin, Krıma aid olduğunu da bildirib: "Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin, Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nin insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb".
O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqamətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.
Almaniya rəsmisinin separatçı rejimlərdə monitorinqin vacibliyi barədə səsləndiriyi təklifə necə yanaşmaq olar?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, belə bir monitorinqin keçirilməsi olduqca zəruridir: "Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar zamanı Ermənistan var gücü ilə monitorinq missiyasının həyata keçirilməsinə çalışıb. Ancaq diqqət edək ki, bu monitorinqlə Almaniyanın xarici işlər nazirinin təklif etdiyi monitorinq arasında böyük fərq var. Ermənilər atəşkəsə nəzarət mexanizmlərinin artırılması ilə bağlı monitorinq missiyasının səlahiyyətinin və mandatının artırılmasını irəli sürür. Almaniya rəsmisi isə separatçı rejimlərin ərazilərində maneəsiz olaraq insan haqlarının araşdırılmasını istəyir. Buna olduqca böyük zərurət var. Çünki dünyanın mühüm institutları tərəfindən tanınmayan, legitimliyi olmayan bu qurumların ərazisində istənilən növ özbaşınalıqların hökm sürməsinə qəti şübhə yoxdur. Konkret olaraq Dağlıq Qarabağla bağlı biz kifayət qədər siqnalları beynəlxalq qurumlara təqdim etmişik. Bəllidir ki, Dağlıq Qarabağın ərazisində heç bir yerdə qeydiyyata alınmayan türmələrdən tutmuş, narkotik plantasiyalarına qədər nə istəsən var. Hətta məlumatlar olub ki, həmin yerlərdə insanlar qanunsuz olaraq işlədilir, azadlıqdan məhrum edilərək saxlanır. Belə bir missiyanın mandat əldə etməsi bizə və separatçılıqdan əziyyət çəkən bütün təşkilatlara lazımdır. Ancaq belə bir halın olması həmin separatçı rejimlərin başında duranlara qətiyyən sərf etmir. Yəqin ki, onlar bu təklifə müqavimət göstərəcək. Hesab edirəm ki, deyilən tipli ərazilərdə hansısa demokratik normalara əməl edilməsindən söhbət gedə bilməz. Çünki həmin rejimlərin özlərinin mahiyyəti antidemokratikdir. Zənnimcə, bu təklifə həm də Rusiya etiraz edəcək. Çünki separatçı rejimlərin əksəriyyəti onun orbitindədir və belə ərazilərə Avropa institutlarının ayaq açması Moskvanı qətiyyən qane edə bilməz".
Məhəmmədəli QƏRİBLİ