Qulu İsmayılov: "Əslində, İran özü də "Cənub Qaz Dəhlizi"nə qoşulmaqda maraqlı tərəf kimi çıxış edir"
Avropa Komissiyasındakı mənbələrin verdiyi məlumata görə, İran Avropanın enerji təchizatında mühüm rol oynaya bilər. Mənbə iddia edir ki, bu, İranın "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilməsindən sonra reallaşacaq. Ekspertlər İranın bu məsələdə olduqca maraqlı olduğunu bildirir. Çünki belə bir şansı yaxlamaqla zəngin qaz ehtiyatlarına malik olan İran Avropa bazarına maneəsiz çıxış imkanı əldə edər. Bildirilir ki, belə bir hal Avropa üçün də sərfəli olar. Çünki bazara əlavə oyunçunun girməsi təbii qazın qiymətini ucuzlaşdıra bilər.
OPEC-in məlumatına görə, İran qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur. Onun ehtiyatı 33,5 trilyon kubmetr təşkil edir.
İranın "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək şansını ekspertlər necə dəyərləndirir?
İqtisadçı Qulu İsmayılovun sözlərinə görə, sanksiyalar və embarqonun aradan qaldırılmasından sonra İran dünya iqtisadiyyatına sürətlə inteqrasiya etmək kursunu tutdu: "İran ötən il ərzində milyardlarla dollarlıq müqavilələrə imza atdı. İranın çalışdığı ən mühüm istiqamətlərdən biri isə qaz ehtiyatlarını dünya bazarına çıxarmaqla bağlıdır.
Belə görünür ki, İran Avropa bazarlarına, neftlə yanaşı, böyük həcmdə qaz da çıxarmağı düşünür. Avropa üçün maraq doğuran mühüm amillərdən biri isə bu qazın qitənin bazarlarına hansı marşrutla çatdırılacağıdır. Burada İran qazının Avropaya Azərbaycan üzərindən çatdırılmasına böyük maraq müşahidə olunur. Hətta bu barədə dünyanın ən nüfuzlu media qurumları da yazılar dərc edib. Faktiki olaraq İran dünyada ən iri təbii qaz ehtiyatlarından birinə sahib olsa da, lazımi ixrac strukturuna malik deyil. Bununla əlaqədar İslam Respublikasının bir neçə variantı mövcuddur. Variantlardan biri İran körfəzinin dibi ilə Avropaya yanacaq tədarükü infrastrukturuna malik olan Omana qədər boru kəmərinin tikilməsidir. Amma İran üçün ən sərfəli variant təbii qazın Azərbaycan üzərində Avropaya nəqlidir. Bunu Avropa rəsmiləri özləri də bəyan edir. Onlar İranın "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulacağını istisna etmir. Əslində, İran özü də "Cənub Qaz Dəhlizi"nə qoşulmaqda maraqlı tərəf kimi çıxış edir. Çünki məhz bu kəmər Avropanı alternativ mənbədən təbii qazla təmin edəcək. Ancaq ABŞ-da olan hakimiyyət dəyişikliyindən sonra yeni prezidentin İrana qarşı sərt mövqe sərgiləməsi bu məsələni bir qədər ləngidə bilər. Həm İran, həm də Avropa rəsmi Tehranın TAP layihəsində iştirakından məmnunluq ifadə edirsə, çox güman ki, proses məntiqi sonluqla nəticələnəcək".
Məhəmmədəli QƏRİBLİ