Akif Nağı: "Hazırda Ermənistanın nəzarəti altında olmasına baxmayaraq, bütün ölkələr, beynəlxalq qurumlar həmin ərazilərin Azərbaycana aid olduğunu bəyan edir"
Avropa İttifaqı (Aİ) hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqlı deyil və münaqişə tez bir zamanda beynəlxalq hüquq normaları çərçivəsində siyasi yolla həll olunmalıdır. Bunu Ermənistan-Aİ Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
O qeyd edib ki, Aİ bu münaqişənin həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini tam dəstəkləyir.
Maraqlıdır ki, Ermənistan mətbutı Mogerininin işlətdiyi bir ifadəni böyük sevinclə qarşılayıb və onun ətrafında şoular düzəltməklə məşğuldur. Mogerini bildirib ki, Avropa İttifaqı Ermənistanın ərazi bütövlüyünü tanıyır. Çox maraqlıdır ki, Aİ rəsmisi belə bir ifadəni niyə və hansı zərurətdən işlədib? Çünki bildiyimizə görə Ermənistan heç bir ərazi itkisindən əziyyət çəkmir. Əksinə, həmin ölkə Azərbaycanın 20 faiz torpağını işğal edib. Adətən biz müxtəlif rəsmilərin dilindən belə bir fikrin Azərbaycana ünvanlandığını görmüşük və məntiqi də qəbul edirik. Çünki biz ərazi itkisindən əziyyət çəkən ölkəyik. Ermənistanın Magerininin onların ərazi bütövlüyünü tanıması ilə bağlı işlətdiyi fikir ətrafında toy-bayram etməsi nə ilə bağlıdır?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin Mogerininin bu ifadəsi ətrafında ajiotaj yaratması onların savadsızlığından xəbər verir: "Hesab edirəm ki, Mogerini bu ifadəni ümumi kontekstdə işlədib. Adətən diplomatik normalara uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsilə bağlı şərh verən diplomatlar bildirir ki, tərəflərin ərazi bütövlüyünü tanıyırıq. Biz belə növbətçi ifadələri diplomatların dilindən çox eşitmişik. Hesab edirəm ki, bu ifadənin Ermənistana heç bir aidiyyəti ola bilməz. Çünki mübahisə predmeti olan Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlar sırf Azərbaycan ərazisidir. Hazırda Ermənistanın nəzarəti altında olmasına baxmayaraq, bütün ölkələr, beynəlxalq qurumlar həmin ərazilərin Azərbaycana aid olduğunu bəyan edir. Hər hansı diplomatın və ya rəsmi nümayəndənin dilindən "biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" ifadəsini eşidiriksə, deməli, bu həmin mənanı kəsb edir. Yəni onlar demək istəyir ki, Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonların Ermənistana aidiyyəti yoxdur. Ermənilər elə başa düşüb ki, Mogerini Ermənistanın ərazi bütövlüyü deyəndə yəqin ki, Dağlıq Qarabağı da nəzərdə tutub. Belə gülməli məntiqdən başqa sevinmək üçün heç bir əsas görmürəm. Ermənistanın ərazisi olduğu kimi yerindədir, ancaq o başqa bir ölkənin 20 faiz torpağını işğal edib. Deməli, belə xislətdə olan bir ölkə heç bir ərazi bütövlüyü problemindən əziyyət çəkmir. Bunu yersiz bir canfəşanlıq sayıram".
Məhəmmədəli QƏRİBLİ