Dünyanın əsas geosiyasi çəkişmə nöqtələrindən sayılan Cənubi Qafqazda son günlərdə xüsusi diqqət cəlb edən hadisələrdən biri də Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi müstəvidə formalaşan yeni münasibətlərdir. Bu mənada üç ölkənin müdafiə nazirlərinin Gürcüstanda baş tutan görüşünün geniş müzakirə predmetinə çevrilməsi də təbii sayıla bilər. Hadisələrin təhlili göstərir ki, tərəflər hərbi müstəvidə əməkdaşlıqlarını daha da dərinləşdirəcək və belə vəziyyət regiondakı münaqişələrin, o cümlədən də Qarabağ konfliktinin taleyinə müəyyən təsir göstərmək iqtidarındadır.
Hələlik isə əsas diqqət qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə yönəlib. Türkiyənin müdafiə naziri Fikri İşık bu xüsusda bildirir: "Bizim regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərdə nümayiş etdirdiyimiz birgə mövqe bütün dünya üçün örnək olacaq". Onun sözlərinə görə, hər üç ölkənin yerləşdiyi coğrafiya, neft, təbii qaz və digər enerji resurslarından istifadə, eləcə də boru kəmərlərinin və digər infrastruktur layihələrinin təhlükəsizliyi bütün dünyanın diqqət mərkəzindədir: "Türkiyə, Azərbaycan və Gürcüstan arasında qədim tarixi olan dostluq əlaqələri var. Siyasi, iqtisadi sahədə çox gözəl münasibətlərimiz var. Bu da bizə hərbi sahədə əməkdaşlığımızı daha da genişləndirməyə və inkişaf etdirməyə imkan yaradır. Bizim dövlət başçılarımızın, xarici işlər və müdafiə nazirlərimizin birgə zirvə görüşlərinin keçirilməsi ənənəvi hal alıb".
Nazir Türkiyə baş naziri Binəli Yıldırımın böyük bir nümayəndə heyəti ilə Tiflisə səfərinə də toxunub: "Bu səfər və bizim üçtərəfli görüşümüz ortaq işbirliyimizlə yanaşı, Qafqazda sülhün, təhlükəsizliyin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Biz üçtərəfli görüşümüzdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün toxunulmazlığını bir daha qeyd etdik, bölgədəki bütün münaqişələrin ölkələrin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyini qeyd etdik".
Azərbaycanın müdafiə naziri Zakir Həsənov da görüşü yüksək qiymətləndirir. "Müdafiə nazirlərinin üçtərəfli görüşündə təhlükəsizlik və müdafiə sahəsində çox mühüm məsələləri müzakirə etdik"- deyən nazir bildirib ki, görüşün çox gözəl nəticələri olub: "Biz bölgədəki vəziyyəti müzakirə etdik və regional təhlükəsizliyi artırmaq üçün səylərimizi artırmağı qərara aldıq. Görüşdə separatizmə və terrora qarşı birgə mübarizə aparmaq üçün də razılığa gəldik". Z.Həsənov vurğulayıb ki, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə sahəsindəki birgə əməkdaşlığı tamamilə təhlükəsizliyin artırılmasına, sülhə və iqtisadi inkişafa xidmət edir.
Gürcüstanın müdafiə naziri Levon İzoria isə əməkdaşlığın dərinləşməsi fonunda qeyd edir ki, yaxın günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə hərbi təlimləri keçiriləcək. Nazir qeyd edib ki, üç ölkənin müdafiə sahəsindəki birgə fəaliyyəti müsbət şəkildə inkişaf edir: "Bu il biz 5 dəfə görüşmüşük. Biz bu dəfə də çox önəmli məsələlərdən danışdıq. Gələcəkdə bu formatın genişlənməsi məsələsi də müzakirə olunub". Üç ölkə arasında hərbi əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edən nazir daha sonra bildirib: "Bizim birgə əməkdaşlığımız Azərbaycan, türk və gürcü xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir".
Baş verənlərlə bağlı Rusiyanın "Kommersant" qəzeti yazır ki, üç ölkə hərbi müstəvidə əlaqələrini yeni səviyyəyə qaldırır. Qeyd olunur ki, bu ölkələr həm də iqtisadi müstəvidə sıx tərəfdaşdır: "Müdafiə nazirlərinin görüşü ilə yanaşı, Türkiyənin baş naziri Binəli Yıldırımın Gürcüstana birgünlük səfəri baş tutub. Binəli Yıldırımın səfəri zamanı ikitərəfli münasibətlərin bir çox sahələri ilə yanaşı, Bakı-Tiflis-Qars strateji dəmir yol xəttinin istifadəyə verilməsi məsələsi də müzakirə olunub.
Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır və baş nazir Yıldırım keçirdiyi mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə iki dəfə artırılacağına dair vəd verib. Gürcüstanın Türkiyə ilə iqtisadi tərəfdaşlığı dərinləşdirməsi strateji maraqlardan irəli gəlir, çünki bu, Rusiyanın Gürcüstanda iqtisadi mövqelərini möhkəmləndirməyə yönəlmiş səylərinə qarşı yeganə düzgün seçimdir.
Maraqlıdır ki, Türkiyə baş nazirinin səfərindən cəmi bir gün əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov Gürcüstana gedib, Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli danışıqları olub. Bu danışıqlarda üç ölkə arasında hərbi ittifaqın yaradılması mövzusu üstünlük təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyev çoxdan Bakı-Tiflis-Ankara formatı üzrə hərbi müttəfiqlik təklif edir. Bu geosiyasi manevrlərin mahiyyəti odur ki, Dağlıq Qarabağ münaqişəsinin getdikcə alovlanmağa başladığı bir vaxtda Ankara və Bakı, o biri tərəfdən İrəvan Gürcüstanı öz tərəfinə çəkməyə, yaxud Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlaması halında Tiflisin maksimal sərfəli mövqeyinə nail olmağa çalışır".
Tahir TAĞIYEV