Yeganə Hacıyeva: "Bir sözlə, bu adda planın olmasını tamamilə absurd sayıram"
Ermənistan mediası Sarkisyan və sonra İlham Əliyevin Fransaya reallaşan səfərindən özünəməxsus nəticələr çıxarmağa başlayıb. Onların iddiasına görə, guya Dağlıq Qarabağ probleminin həllilə bağlı "Olland planı" adlanan tənzimləmə mexanizmi mövcuddur.
Erməni KİV-i iddia edir ki, həmin plan Sarkisyanla tam razılaşdırılıb və İlham Əliyevin Fransaya reallaşan səfəri çərçivəsində bu istiqamətdə müzakirələr aparılacaq. Bildirilir ki, planın tərkib hissəsinə əvvəl Dağlıq Qarabağın statusunun müəyyənləşməsilə bağlı referendumun keçirilməsi, ardınca isə işğal altında olan ətraf 7 deyil, 5 rayonun qaytarılması aiddir. Səslənən bu iddianı nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bunu Ermənistanın növbəti uydurmaları silsiləsinə aid edə bilərik: "Dağlıq Qarabağ probleminin tənzimlənməsilə bağlı həmsədrlərin iştirakı ilə bir neçə plan üzərində danışıqlar aparılıb. "Yenilənmiş Madrid", "Kazan" kimi ad çıxarmış prinsipləri bura aid edə bilərik. Düzdür, bu istiqamətdə aparılan danışıqların tam məğzi açıqlanmasa da, ümumi məlumatlar ictimailəşib. Qısası, "Mərhələli həll planı"nı özündə ehtiva edən prosesdən Ermənistan boyun qaçıraraq qeyri-konstruktivlik nümayiş etdirir. Həmin planların heç birində Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendumun əvvəl keçirilməsi, ardınca isə 5 rayonun azad edilməsi müddəası yoxdur. Azərbaycan Prezidenti öz müsahibələrində bizim ölkəmizin maraqları çərçivəsində ata biləcəyimiz addımalara aydınlıq gətirib. Bildirilib ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunu verməyə hazırıq. Bunun əvəzində ermənilər heç bir addım atmaq istəmədi. Azərbaycan heç vaxt maraqlarına uyğun olmayan razılaşmaya imza atmaz. Ollandın adı ilə hansısa planın olması da tam absurddur. Sadəcə, bununla onlar Sarkisyanın səfərinə məhsuldarlıq donu geydirmək istəyir.
Olland həmsədr ölkənin prezidenti olaraq öz səlhiyyət müddətində bir iş görə bilməyibsə, prezidentlik dönəminin bitdiyi zamanda nə edə bilər? Bilirsiniz ki, Ollandın prezident səlahiyyətinin bitməsinə çox az vaxt qalıb. Bir sözlə, bu adda planın olmasını tamamilə absurd sayıram".
Məhəmmədəli QƏRİBLİ