Aydın Mirzəzadə: "Çox istərdim ki, ölkələr Türkiyəyə qarşı belə münasibətin yolverilməzliyini qəbul etsin"
Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirib.
Açıqlamada bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələrin, həmçinin, Niderlandın hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etdiyi, insan hüquqları mövzusunda "mentorluq" etdiyi və başqalarına irad tutmaqda "adətkarlıq" nümayiş etdirdiyi bildirilir.
Qurum rəsmisi H.Hacıyev qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: "Bu, Diplomatik və konsulluq münasibətləri haqqında Vyana Konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış, eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hazırda Avropada yayılmaqda olan islamafobiya, ksenofobiya və ayrıseçkilik kimi neqativ meyllərin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir".
Avropa ölkəsi olan Niderlandın son davranışını necə dəyərləndirmək olar?
Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Niderlandın Türkiyəyə qarşı belə münasibət göstərməsi Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir: "Türkiyə həmişə Avropa, eləcə də qonşu ölkələrə məhz belə münasibətlə yanaşıb. Tanınmış, demokratik ənənələrə malik Avropa ölkəsinin Türkiyə rəsmilərinə, Türkiyənin xarici işlər nazirinə qarşı bu cür münasibət göstərməsi anlaşılan deyil. O, Avropanın özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir.
Çox təəssüf ki, Avropada antitürk əhval-ruhiyyəsi baş qaldırmaqdadır. Bu ya Türkiyənin müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır, ya da hakimiyyətdə olan siyasi partiyalar qarşıdan gələn seçkilərdə daha çox səs toplamaq üçün belə addım atır. İstənilən halda, vəziyyət bu həddə gəlib çatmalı deyildi. Onsuz da dünya siyasətində kifayət qədər problemlər var. Onsuz da beynəlxalq siyasətin diqqət edəcəyi məqamlar kifayət qədərdir. Amma Türkiyə ilə münasibətləri pozmaq, Türkiyənin xarici işlər nazirinin ölkəyə buraxılmasından imtina etmək bütün diplomatik normalara ziddir. Çox istərdim ki, ölkələr Türkiyəyə qarşı belə münasibətin yolverilməzliyini qəbul etsin və Türkiyə ilə münasibətləri normaya salmaq üçün öz təşəbbüsləri ilə addımlar atsın".
Məhəmmədəli QƏRİBLİ