Ermənistanın üzləşdiyi problemlərin həlli üçün Dağlıq Qarabağ münaqişəsinin çözümü əsas şərtdir. İndi bu fikir Ermənistanda gedərək daha geniş yayılır və onu dəstəkləyənlərin sayı da sürətlə artır. Burada hesab edilir ki, təhlükəsiz, sülh və əminamanlıq içində yaşamaq, sosial-iqtisadi sferada tərəqqiyə nail olmaq üçün Azərbaycanla danışıqlar masasında Qarabağ konfliktinin həlli istiqamətində real addımların atılması çox mühüm şərtdir.
Əks halda Ermənistanda hansısa ciddi dəyişiklik olmayacaq və hazırkı Serj Sarkisyan hökuməti də xalqı səfalət içində saxlamaqda davam edəcək. Bu mövqeni dəstəkləyənlərdən biri olan Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da bildirir ki, Qarabağ məsələsi Ermənistanın bütün fəlakətlərinin kökündə durur: "Çox təəssüf ki, hazırkı hökumət bu münaqişənin həllində istənilən addımları atmır. Çünki münaqişənin mövcudluğu hakimiyyətə sərf edir və ölkəni fəlakətin astanasına gətirib çıxarmasının hesabını Qarabağ münaqişəsini əsas gətirərək vermir. Buna görə də biz parlament seçkilərində bu hakimiyyətin dəyişməsinin ilk əsasını qoymalıyıq. Çünki bu hökumətin fəaliyyəti ona yönəlib ki, siz hamınız kasıb olub, seçki öncəsi rüşvəti gözləməlisiniz. Ona görə ki, varlı olsanız, rüşvət götürməyəcəksiniz və onların təklif edəcəyi məbləğ heç bir əhəmiyyət kəsb etməyəcək. Hökumətin məqsədi məhz buna görə sizi səfalət içərisində saxlamaqdır".
Qrant Baqratyan "Joxovurd" qəzetinə müsahibəsində bildirib ki, Ermənistan hər an partlayacaq bombanı xatırladır: "Ölkə əhalisi iş tapa bilmir, çətin şərtlər altında həyatlarına davam edirlər. Bu da sosial etirazları gücləndirir". Onun sözlərinə görə, sosial etirazlar artan kimi hakimiyyət diqqəti Qarabağ cəbhəsinə yönəldir. Sabiq baş nazir cəbhədə son günlərdə artan gərginliyn kökündə məhz bu amilin dayanmasını istisna etmir. Onun sözlərinə görə, Ermənistanda hansısa ölkə əhəmiyyətli hadisə olanda cəbhədə vəziyyət gərginləşir: "Bunun heç də təsadüf olmadığını artıq cəmiyyətdə də yaxşı bilirlər. İndi aprel seçkiləri yaxınlaşdıqca cəbhədə vəziyyətin niyə birdən-birə gərginləşməsi üzərində çox baş sındırmaq lazım deyil. Hazırda Ermənistanda yaşayan minlərlə insan iş tapa bilmir, çətin şərtlər altında həyatına davam edir. Ən böyük problem isə sosial təminatla bağlıdır. Belə insanlar dövlətdən heç bir yardım və güzəşt əldə edə bilmir. Əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar. Serj Sarkisyan indiyədək hakimiyyətdəki yerini möhkəmləndirməkdən başqa heç nə etməyib. Doqquz ildə bu klan Ermənistanı səfillərin ölkəsinə çevirib. Ölkədə heç bir irimiqyaslı layihə həyata keçirilmir. İnsanların yaşayış səviyyəsi həddindən artıq ağırdır. Artıq Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir. Xarici borc isə 8 milyard dollardır. Durmadan artan bu rəqəm Ermənistanı iqtisadi kollapsa gətirib çıxaracaq. Son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Amma şəxsi məlumatlarıma görə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir. Bunlardan narazılıq edəndə də hakimiyyət Qarabağ münaqişəsini əsas gətirir. Amma artıq xalq bununla barışmalı deyil. Qarabağ məsələsi onsuz da bizə çox böyük problemlər gətirib".
Daha bir maraqlı məqam isə indiyə qədər Qarabağ münaqişəsinin həllində böyük əngəl olan erməni disporunun da Sarkisyan iqtidarının konfliktlə bağlı siyasətindən narazılıq etməsidir. Diasporda belə fikir formalaşmağa başlayır ki, məhz Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət fonunda hakimiyyət öz çirkin məqsədlərini reallaşdırır. Məsələn, bildirilir ki, disporun Ermənistana göndərdiyi yardımlar hakimiyyət rəsmiləri tərəfindən Qarabağ münaqişəsi əsas gətirilərək mənimsənir. Erməni siyasi şərhçi Musa Mikaelyan artıq diasporun bununla barışmaq niyyətində olmadığını və bu səbəbdən Ermənistana maliyyə yardımı ayırmaqdan imtina etdiyini bildirir. Onun sözlərinə görə, diaspordan olan biznesmenlər Ermənistana investisiya yatırmaqdan imtina edir, həmçinin, pul ayırmırlar: "Ermənistan prezidenti Serj Sarkisyanın parlament seçkiləri ərəfəsində "Təhlükəsizlik və inkişaf" şüarı artıq diasporda da istehza doğurur. Bu səbəbdən tədricən diasporun avans və krediti azalmaqdadır".
Erməni ekspert qeyd edir ki, Sarkisyan xarici səfərləri zamanı diasporla tez-tez görüşlər keçirir, sahibkarlardan, biznesmenlərdən Ermənistana yardım etmək, investisiya yatırmaq xahişi edirdi: "Amma Sarkisyanın xahişi nə qədər çox olursa, diaspor, ilk növbədə də diaspordan olan biznesmenlər Ermənistana yardımdan imtina edir. Onlar Ermənistana gəlməkdən belə boyun qaçırırlar. Nəticədə diasporun yardımları kifayət qədər azalıb və bu, getdikcə ümumiyyətlə yoxa çıxacaq. Bu situasiya deməyə əsas verir ki, Ermənistanı böyük fəlakət gözləyir". Mikaelyan dediklərinə onu da əlavə edib ki, təkcə diaspordan gələn maliyyə azalmır, həmçinin, ianələr də yoxa çıxır: "Hayastan" fondunun vəziyyəti buna əyani sübutdur. Erməni milyonçuları, yaxud Rusiya milyarderləri vaxtilə bu fonda ianə verməkdə olduqca əliaçıq idilər. Son zamanlar bu ianələr də yoxa çıxıb". O qeyd edir ki, dispor qüvvələri Qarabağ münaqişəsini hər zaman əsas gətirən indiki hakimiyyəti, belə demək mümkünsə, daha "yemləmək" istəmir. Mikaelyan vurğulayır ki, hakimiyyətin Qarabağ siyasəti, sadəcə, iriçaplı məmurların varlanmasına xidmət edir və belə vəziyyət təkcə disporu yox, həm də bütün xalqı narazı salır: "Bunun nəticələrini hakimiyyət parlament seçkilərində görəcək. Ona görə də əbəs deyil ki, seçkilərə qatılan qüvvələr Qarabağ məsələsinin həllində, indiki hakimiyyətdən fərqli olaraq, real addımlar atacaqlarını bəyan edirlər".
Məhz belə bir vaxtda gələn ay keçiriləcək parlament seçkilərində əsas müxalif qüvvələrdən biri sayılan "Ohanyan-Raffi-Oskanyan" blokunun təmsilçisi olan keçmiş müdafiə naziri Seyran Ohanyan da bildirir ki, problemlərin həlli üçün indiki hakimyyətin dəyişməsi şərtdir: "Ermənistanda köklü dəyişikliklərin əsl zamanıdır. İqtidardakı Respublika Partiyasının simasında bütün hakimiyyət getməlidir. Bundan sonra bütün problemlər, o cümlədən Dağlıq Qarabağ konflikti həllini tapa bilər". Blokun digər təmsilçisi olan keçmiş xarici işlər naziri Vardan Oskanyan hakimiyyətin ölkəni ağır vəziyyətə saldığını bildirir və burada Qarabağ məsələsinin həllinin uzanmasının heç də az rol oynamadığını qeyd edir.
"Gallup International Association" təşkilatının İrəvan nümayəndəliyinin direktoru Aram Navasardyan isə bildirir ki, xalq da hakimiyyətin Qarabağ məsələsinin həlli istiqamətində real addımlar atmamasından narazılıq edir. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olmasının səbəbini də ilk növbədə münaqişənin həllinin uzanmasında axtarmaq lazımdır. O, keçirdikləri rəy sorğularında da bunun təsdini tapdığını bildirir. Onun sözlərinə görə, rəy sorğusunda iştirak edən insanların böyük əksəriyyəti hesab edir ki, ölkə iqtisadiyyatında ciddi problemlər mövcuddur. Navasardyan deyib ki, rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir. Navasardyan burada əhalinin əsas diqqəti Qarabağ münaqişəsinə də yönəltdiyini və konflikt səbəbindən ölkənin durumunun ağır olduğunu düşündüklərini də xüsusi olaraq diqqətə çatdırır. Amma hakimiyyətin Qarabağ siyasətindən erməni cəmiyyətində artan narazılıq təkcə ağır sosial-iqtisadi vəziyyətlə bağlı deyil.
Ermənistanda hesab edilir ki, Qarabağ münaqişəsinin həllinin uzanması ölkənin təhlükəsizylini də ciddi şəkildə təhdid edir. Bunun ən bariz təsdiqi cəbhədə həyatını itirən erməni hərbçilərinin sayının artmasıdır. Daha bir məqam isə münaqişə üzündən Azərbaycanla olan münasibətlərdir. Erməni vətəndaş fəalı Asmik Bunatyan belə vəziyyətin Ermənistan üçün çox təhlükəli olduğunu vurğulayır. Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması imkanının böyük olduğunu deyən Asmik Bunatyan açıq şəkildə problemin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həllini tapmasını vacib sayır. Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurası qətnamələrinin mövcudluğuna diqqət çəkən Bunatyanın sözlərinə görə, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə xalqların bir-birinə düşmən münasibəti üstünlük təşkil edir: "Azərbaycan və Ermənistan xalqları sülhün təminatı və gələcək nəsillərimiz naminə münaqişəyə son verməlidir. Mən iki xalqın sülh içində yaşaması ideyasını tamamilə dəstəkləyir və münaqişənin sülh yolu ilə ən sürətli həllinə ümid edirəm. Bu səbəbdən əsas məqsədi Cənubi Qafqazda sülhün bərpası və saxlanması olan Ermənistan-Azərbaycan Sülh Platformasına tam dəstəyimi bildirirəm". Bu fikirdən də aydın görünür ki, Qarabağ münaqişəsinin Ermənistanın təhlükəsizliyinə ciddi problem olmasını İrəvanda dərk edənlərin sayı artır. Məhz belələri münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həllini vacib sayır və bunun Ermənistanın özü üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edirlər. Erməni iqtidarının hadisələrə bu cür yanaşmalara uzun müddət müqavimət göstərə biləcəyi isə inanlırıcı sayılmır. Hər halda, bir neçə gündən sonra keçiriləcək parlament seçkilərinin gedişində bu xüsusda ciddi dəyişikliklərin olması gözlənir. Məhz bu seçkilər saxtalaşdırılmayacağı təqdirdə, xalqın Serj Sarkisyan iqtidarını hakimiyyətdən kənarlaşdırmaq üçün öz mövqeyini ortaya qoyması gözlənir. Parlament idarə üsulunun bərqərar olacağı Ermənistanda hakimiyyətə iddialı qüvvələr isə Qarabağ münaqişəsinin həllini artıq ön plana çıxarır. Onlar, indiki hakimiyyətdən fərqli olaraq, bu istiqamətdə real addımlar atacaqlarını bildirir və buna görə də xalqdan geniş dəstək alırlar. Çünki erməni cəmiyyətində Qarabağ münaqişəsinin həllinin ölkədə yaşanan problemlərə son qoyulmasına gedən əsas yol olduğunu qəbul edənlərin sayı artır. Hakimiyyətin isə fərqli mövqe tutması, sadəcə, yeni vətəndaş qarşıdurması yaradır. Elə bu da hakimiyyətdən narazılığı artıran daha bir faktor kimi çıxış edir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.