"Bu o demək deyil ki, Sarkisyana böyük dəstək vəd edilib"
Ermənistan KİV-i Sarkisyanın Fransaya reallaşan son səfəri ətrafında geniş piar kampaniyası aparmağa başlayıb. İddia olunur ki, guya həmin səfərdə Ermənistan prezidenti böyük dəstək alıb. Hətta belə fikirlər də səsləndirilir ki, verilən dəstək Dağlıq Qarabağ konfliktini də əhatə edir.
Ekspert Elşən Mustafayevin sözlərinə görə, bu cür absurd fikirləri Ermənistan KİV-i ölkələrində ruh yüksəkliyi yaratmaq üçün dövriyyəyə buraxır: "Düzdür, Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfəri çərçivəsində fransalı həmkarı Fransua Ollandla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Ancaq bu o demək deyil ki, Sarkisyana böyük dəstək vəd edilib. Mən bu görüşü daha çox formal sayıram. Çünki bir aydan sonra Fransada prezident seçkiləri keçiriləcək və Fransua Olland daha prezident olmayacaq. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir, lakin Olland bir ay sonra vəzifəsindən uzaqlaşacaqsa, onun münaqişənin həlli ilə bağlı hansı dəstəyi və ya təklifi ola bilər? Bu ay Azərbaycan Prezidentinin də Fransaya səfəri olacaq. Eynilə İlham Əliyevin də Ollandla son görüşü olacaq. Dağlıq Qarabağla bağlı fikir mübadiləsi olsa belə, Olland bu məsələdə rol oynaya bilməyəcək. Bu səbəbdən də Sarkisyanın Fransa səfərindən böyük dəstək aldığını iddia etmək elementar məntiqsizlikdir. Fransanın, digər həmsədrlər kimi, Dağlıq Qarabağ məsələsində tutduğu mövqe bizi qane etməyə bilər. Çünki ortada prinsipial mövqe, daha doğrusu, Ermənistana təzyiq yoxdur. Fransanın bəzi jestləri isə anlaşılandır. Çünki orada böyük təsir imkanlarına malik olan erməni lobbisi var. Bu heç də o demək deyil ki, onlar prezidentləri tam idarə edə bilir. Ollandın Sarkisyanla keçirdiyi görüşü vidalaşma adlandırmaq olar".
Məhəmmədəli QƏRİBLİ