"Nə qədər ki, Rusiya Ermənistana müttəfiq, bizə isə tərəfdaş kimi baxacaq, vəziyyət belə də qalacaq"
Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik missiyasını davam etdirmək niyyətindədir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün razılaşmalara əməl edilməsi münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri ilə əməkdaşlıq çərçivəsində, həmçinin, Rusiya, ABŞ və Fransa prezidentlərinin beş birgə bəyanatında göstərilən müddəalar əsasında vasitəçilik missiyasını davam etdirmək niyyətindəyik. Bu sənədlərdə münaqişənin hərbi yolla həllinin yolverilməz olduğu, Azərbaycan və Ermənistan prezidentlərinə məsələni güc tətbiq etmədən həll etmək çağırışı mövcuddur. Bununla paralel olaraq, münaqişə tərəfləri ilə sıx əlaqələri nəzərə alaraq, üçlükdə razılaşdırılmış yanaşmalar çərçivəsində Rusiyanın fərdi səyləri də davam etdiriləcək".
Mariya Zaxarovanın nəzərdə tutduğu üçlükdə razılaşdırılmış yanaşmalar nədən ibarət ola bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Mariya Zaxarovanın nə deməsindən asılı olmayaraq, Rusiyanın yeni təklifi yoxdur: "Biz bunu proseslərin gedişindən görürük. Lavrovun və bir sıra Rusiya rəsmilərinin verdiyi bəyanatlardan da görünür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir yenilik yoxdur. Ermənilərin danışıqlar prosesini tərk etməsi də onların arxayınçılığına bir sübutdur. Yəqin ki, üçtərəfli razılaşma deyəndə Zaxarova özləri və münaqişə tərəflərini nəzərdə tutur. Biz Rusiyanın vasitəçiliyini çox görmüşük, ortada bir nəticə varmı?
Rusiya, sadəcə, danışıqlar prosesini öz inhisarında saxlamaq istəyir. Dağlıq Qarabağın statusu ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var. Biz qanuna, beynəlxalq hüquqa əsaslanırıq. Ermənistan isə deyir ki, müharibə edib qan tökmüşüksə, bunun müqabilində nəsə əldə etməliyik. Rusiyaya bu mövqe sərf etdiyi üçün, seyrçi qalır. Əks halda, biz onların Ermənistana təzyiqini görərdik. Zaxarovanın bu bəyanatında yeni, ümidverici nəsə görmürəm. Nə qədər ki, Rusiya Ermənistana müttəfiq, bizə isə tərəfdaş kimi baxacaq, vəziyyət belə də qalacaq".
Məhəmmədəli QƏRİBLİ