Cənub sərhədlərimizdə yaxın tezlikdə Azərbaycana da təsir göstərə biləcək yeni hərbi əməliyyatlara start veriləcəyi gözlənir və əksər ekspertlər bunun artıq qaçılmaz reallıq olduğunu bəyan edir. Söhbət ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamaq niyyətindən gedir və onlar belə müharibənin olacağına dair gedərək daha açıq şəkildə anonslar verir. Aydındır ki, İrana qarşı mümkün müharibə bu ölkədən Azərbaycana köç dalğasının başlanmasına səbəb olacaq və bu da ölkəmizə ən böyük təsir sayılır.
İndilikdə isə görünən odur ki, ABŞ və İsraildə İranla müharibəyə intensiv hazırlıq gedir. Bunun əsas səbəbi İranın Suriyada fəaliyyəti və son dövrlərdə intensiv şəkildə həyata keçirdiyi raket sınaqlarıdır. Bu arada İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) yerli istehsal olan yeni ballistik raketi sınaqdan keçirib. SEPAH komandiri Əmir Əli Hacızadənin sözlərinə görə, "Hörmüz-2" raketi 250 kilometrdəki hədəfi uğurla məhv edib. Yeni ballistik raket 300 kilometrə qədər olan hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Daha əvvəl məlumatlı mənbələrə istinadən ABŞ-ın "Fox News" telekanalı bildirib ki, İran martın əvvəlində "Fateh-110" kiçik radiuslu iki ballistik raketi sınaqdan keçirib. Raketlərdən biri Oman körfəzində yerləşən hədəfi vurub. Bütün bunlar isə ABŞ-da narazılıqla qarşılanır. Elə bu səbəbdən ABŞ artıq Fars körfəzindəki müttəfiqlərinin ballistik raketlərlə təchiz edilməsi məsələsini nəzərdən keçirir. ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Cozef Votel bu xüsusda bildirib: "Biz Fars körfəzindəki bəzi tərəfdaşlarımıza ballistik raketlərin tədarük imkanlarını nəzərdən keçiririk". ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil. Bunu Ağ Evin mətbuat katibi Şon Spayser də təsdiq edib: "Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O, açıq şəkildə bildirib ki, ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək". Onu da qeyd edək ki, bu günlərdə İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb. ABŞ isə bunu İranın təxribatı adlandırıb və məsələyə sərt reaksiya verilməsini istisna etməyib. ABŞ-ın müdafiə naziri Cim Mattis bildirir ki, İran dünyada terroru dəstəkləyən əsas dövlətdir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley isə diqqəti Suriya məsələsinə yönəldir və qeyd edir ki, İran və onun dəstəklədiyi şiə milisləri Suriyadan çıxarılmalıdır. Diplomat bildirib ki, İran Suriyada problemin həllinə əngəl yaradır. ABŞ-ın Suriyada problemin dinc yolla həllini və BMT-nin bu istiqamətdəki səylərini dəstəklədiyini vurğulayan Nikki Haley qeyd edib ki, bu proses davam etdirilməlidir: "Siyasi həll yolları tapmaq üçün danışıqlar davam etdirilməlidir. Artıq Suriya terrorçuların sığındığı liman olmamalıdır. Bunun üçün də İranı Suriyadan çıxarmaq lazımdır. İsrailin də sərhədlərinin təhlükəsizliyini qorumalıyıq". Bu fonda ABŞ İrana qarşı hərbi əməliyyatları istisna etmir.
İsrailin baş naziri Benyamin Netanyahu isə daha açıq mövqe sərgiləyir. O qeyd edir ki, İsrail İranın Suriyadakı hərbi iştirakından narahatdır və bunun qarşısını almaq üçün hücum edə bilər. Netanyahu bu günlərdə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və İranın Suriyada artan hərbi iştirakından narahat olduqlarını bildirib. Netanyahu vurğulayıb ki, İran Suriyada hərbi iştirakını möhkəmləndirməklə Qolan təpələrində İsrailə qarşı cəbhə açmağa çalışır: "İsrail bu planın reallaşmasına qəti şəkildə qarşıdır və ola bilsin, hücum etməyə üstünlük verəcək. Rusiya prezidenti Vladimir Putinlə görüşüm zamanı mən qeyd etdim ki, İsrailin Suriyadakı münaqişənin nizamlanması ilə bağlı hər hansı bir etirazı yoxdur, lakin biz İran və onun əlaltılarının bu saziş çərçivəsində Suriyadakı hərbi mövcudluğunu saxlamalarına qətiyyətlə qarşı çıxırıq". İsrail indiki şəraitdə onu da yaxşı bilir ki, İrana mümkün hərbi müdaxiləsində ABŞ-dan hərtərəfli dəstək alacaq. ABŞ prezidenti Donald Tramp da açıq bəyan edir ki, ABŞ-İsrail ittifaqı sarsılmazdır: "Mən İranın ballistik raket proqramını dəstəkləyən təşkilatlara və insanlara qarşı sanksiyalar tətbiq etdim və İsraillə sarsılmaz birliyin mövcud olduğunu bir daha təsdiqlədim". Qeyd edək ki, ABŞ fevralın əvvəllərində İrana qarşı yeni sanksiyalar tətbiq edib. Binyamin Netanyahu isə bildirir ki, İsrail və ABŞ arasında alyans, xüsusilə İran tərəfindən gözlənilən ümumi təhlükə, həmçinin Yaxın Şərqdə yeni imkanlar sayəsində möhkəmlənib: "İsrail və ABŞ arasında ittifaq həmişə sarsılmaz olub, lakin ittifaq daha da möhkəmləndi. O, iki səbəbdən möhkəmləndi: hər şeydən əvvəl, mənimlə prezident Tramp arasında çoxillik şəxsi münasibətlər mövcuddur, ikinci mühüm səbəb gözlənilən ümumi təhlükələr və Yaxın Şərqdə mövcud imkanlardır". Netanyahunun sözlərinə görə, iki ölkə liderinin şərik olduğu fikir İran tərəfindən artan təhlükənin qiymətləndirilməsidir: "Biz hər ikimiz əsas şeyi - İran tərəfindən artan təhlükəni və müxtəlif sahələrdə İranın təcavüzünə müqavimət göstərmək zərurətinin olduğunu görürük".
Tahir TAĞIYEV