Dağlıq Qarabağ məsələsində bu gün Ermənistan üçün ciddi narahatlıq doğuran əsas məqamlardan biri Rusiyanın problemə yanaşmasının və geosiyasi maraqlarının dəyişə biləcəyidir. Belə şəraitdə Ermənistan döyüş meydanında tək qalacağını və qısa zaman ərzində işğal altındakı əraziləri tərk edəcəyini yaxşı bilir. Artıq Ermənistanda bu xüsusda həyəcan təbili çalınır.
Elə politoloqlar da erməni tərəfinin mövqeyinin gedərək zəifləməkdə olduğunu bəyan edir. Hesab edilir ki, Rusiyanın məsələyə fərqli prizmadan yanaşmaq niyyəti Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunu rusiyalı siyasi analitik Oleq Kuznetsov da təsdiq edir. O vurğulayır ki, Rusiya dövlət gəmisini ermənipərəst mövqedən uzaqlaşdıraraq Azərbaycana tərəf çevirməyə başlayır: "Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq İrəvana təzyiq vasitəsi olacaq". Onun sözlərinə görə, bu şəraitdə Qarabağ klanı Ermənistanda hakimiyyətini qorumaq üçün Azərbaycana müqavimət göstərməyə çalışacaq, lakin məğlub olacaq. Digər ekspert Qriqori Trofimçuk da yaranmış vəziyyətdə müharibə ehtimalının artdığını bildirir. O, cəbhədə yaranan son gərginliyi də bununla izah edir: "Bu gün Dağlıq Qarabağda münaqişənin gərginləşməsi birbaşa 2016-cı ilin aprel müharibəsindən sonra problemin həlli istiqamətində heç bir addımın atılmamasının nəticəsidir. Rəsmi Bakı danışıqların, eləcə də Vyana və Sankt-Peterburq sammitlərinin hansısa nəticə verəcəyinə çox ümid edirdi. İndi fevral hadisələrindən sonra elə təəssürat yaranır ki, Qarabağdakı hadisələr heç kimi maraqlandırmır" - Q.Trofimçuk vurğulayıb.
Politoloq Dağlıq Qarabağ ətrafında vəziyyətin ağır olduğunu bildirib və bunu münaqişənin həlli üçün yaranmış bütün şanslardan istifadə olunmaması ilə izah edib: "Bu şansların nə vaxt yarandığını xatırladım. Birincisi, 1994-cü ildə atəşkəsin elan olunmasından dərhal sonra. Atəşkəs rejimi 23 ildir qüvvədədir, amma heç bir nəticə verməyib. İkincisi, keçənilki aprel müharibəsindən dərhal sonra. Üçüncüsü isə Ağ Evdə prezident dəyişikliyi zamanı. Həmin vaxt 3 ölkə - Azərbaycan, Ermənistan və Rusiya münaqişəni aralarında həll edə bilərdi".
Bu durumda "Karnegi" fondunun Rusiya mərkəzinin eksperti Aleksey Malaşenko isə bildirir ki, Dağlıq Qarabağ zonasında gərgin hadisələr vaxtaşırı təkrarlanacaq. Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayana qədər qarşıdurma davam edəcək: "Bu gün münaqişənin nizama salınması üçün ilkin şərt yoxdur. Tərəflər öz ənənəvi siyasətini davam etdirəcək".
Malaşenko hesab edir ki, Krımdan, Donetskdən və Suriyadan sonra Dağlıq Qarabağda da vəziyyətin dalana girməsi Rusiyanın diskreditasiyasına, yəni nüfuzdan düşməsinə aparır: "Məhz bu səbəbdən Rusiya tərəfləri danışıqlar masasına qaytarmağa çalışır. Bununla yanaşı, Moskva ATƏT-in Minsk Qrupunda amerikalı və fransız həmkarları ilə həmrəylik nümayiş etdirir. Çünki danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki beynəlxalq proseslər fonunda Rusiyanın nüfuzunun itirilməsinə gətirib çıxaracaq". Məhz bu səbəbdən Rusiyanan aktivləşməsi istisna olunmur və bu hal heç də Ermənistanın maraqlarına uyğun olmayacaq. Digər tərəfdən o da faktdır ki, Rusiyanın aktivləşməsi istənilən nəticəni verməsə və Ermənistan danışıqlarda konstruktiv mövqeyə getməsə, müharibə qaçılmaz olacaq. Məhz bu şəraitdə Rusiyanın Ermənistanı yalqız buraxması Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər. Bu fikri ABŞ Mərkəzi Kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" araşdırma mərkəzi də təsdiq edir. Mərkəz bildirir ki, bu münaqişə xarici oyunçudan, yəni Rusiyadan asılıdır: "Lakin regionda üstün mövqeyə malik olmasına baxmayaraq, Rusiyanın vasitəçiliyində ötən ilə heç bir irəliləyiş olmadı. Aprel müharibəsi bu il yenidən qayıdır və görünən odur ki, Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar ehtimalı yüksək olaraq qalacaq.
Rusiyanın Ermənistan və Azərbaycanda marağı var və bu ölkələrə xarici təsirləri yaxına buraxmamağa, öz mövqeyini bərkitməyə çalışır. Moskva Ermənistanda buna nail oldu. Hazırda Ermənistanın iqtisadi və strateji sahələrinin çox hissəsinə nəzarət edir. Azərbaycan isə daha müstəqildir və şaxələndirilmiş xarici siyasət aparır. Türkiyə ilə sıx əlaqələrə malikdir, böyük enerji istehsalçısıdır. Rusiya Avropanın enerji bazarında öz mövqelərini gücləndirmək üçün, həmçinin, Türkiyənin Yaxın Şərqdə iddialar irəli sürməsi fonunda Bakı üzərində öz təsir imkanlarını artırmaq istəyərdi". "Stratfor" Rusiyanın Dağlıq Qarabağ münaqişəsində "Lavrov planı"nı tətbiq etmək arzusunda olduğuna diqqət çəkib: "Bu plana görə, Qarabağ ətrafındakı yeddi rayonun beşi Azərbaycana qaytarılır. Azərbaycan bu planla müəyyən qədər razılaşa bilər, lakin Ermənistan qarşı çıxır. Rusiya bu planı tətbiq edərsə, o zaman İrəvanın müqavimətini qırmalıdır. Lakin indiki halda Sarkisyan hakimiyyəti torpaqların qaytarılmasına qarşı çıxır. Ermənistanda aprelin 2-nə parlament seçkiləri təyin olunub. Moskva İrəvan hakimiyyətinin bir neçə fiquru və müxalifət liderləri ilə əlaqələri inkişaf etdirir ki, onlar münaqişənin nizama salınmasında Rusiya variantını qəbul etməyə meylli ola bilər". "Stratfor" Dağlıq Qarabağda genişmiqyaslı müharibənin ola biləcəyini istisna etmir və qeyd edir ki, yeni müharibədə Rusiya öz planını Ermənistana daha asanlıqla qəbul etdirə bilər.
Tahir TAĞIYEV