Aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda ölkədə əsas ictimai-siyasi diqqət sabiq prezident Levon Ter-Petrosyanın Qarabağ formulu üzərində cəmləşməkdədir. Çünki bu ölkədəki siyasi qüvvələr arasında məhz sözügedən şəxs və komandası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret təkliflər səsləndirir və məsələnin həllinin Ermənistan üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayır.
Erməni mediası isə xatırladır ki, hələ münaqişənin ilk illərində Levon Ter-Petrosyan Dağlıq Qarabağda sülhün qarşılıqlı güzəştlərlə əldə olunmasına çalışıb. Amma buna nail ola bilməyib. O da etiraf edilir ki, həmin vaxt Qarabağ məsələsi həllini tapsaydı, Ermənistan indiki kimi acınacaqlı vəziyyətə düşməz, dövlət kimi varlığını sual altına qoymazdı.
Məsələ ilə bağlı "İravnuk" qəzeti yazır ki, ötən illər ərzində Ermənistan məhz Qarabağ münaqişəsinə görə inkişafdan qalıb. Əvəzində isə ötən əsrin 90-cı illəri ilə müqayisədə Azərbaycan mövqelərini kifayət qədər gücləndirə bilib. Qəzet yazır ki, sosial-iqtisadi durumu sürətlə pisləşən Ermənistanda hakimiyyətdə olanlar məhz Qarabağ konflikti sayəsində ölkəni çapıb-talayıb və münaqişə həllini tapmayacağı halda bu siyasətdə hansısa dəyişiklik də gözlənilmir. Qeyd olunur ki, məhz bu səbəbdən erməni cəmiyyətində böyük əksəriyyət münaqişənin həllinin tapılmasında maraqlıdır ki, bu da diqqəti daha çox Levon Ter-Petrosyan faktoru üzərində cəmləyir.
Qeyd edək ki, Levon Ter-Petrosyanın komandasında qarşılıqlı güzəştlərə cəhd 1994-cü və 1998-ci illərdə olub. Məhz həmin dövrlərdə Ter-Petrosyan açıq bəyan edirdi ki, Ermənistanın təhlükəsizliyi Qarabağ münaqişəsinin həllindən keçir, əks halda ötən zaman tamam fərqli və çox zəif Ermənistanın yaranmasına gətirib çıxaracaq. O bildirirdi ki, Ermənistanın güclü dövlət olmasının yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Xatırladaq ki, hələ prezident olduğu 1997-ci ildə Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan danışıqları və dünyadakı siyasi prosesləri təhlil edərək, Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanının 15 noyabr 1997-ci il tarixli sayında "Nə hərb, nə sülh" başlıqlı məşhur bir məqalə ilə çıxış etmişdi. Burada o vurğulayırdı ki, erməniləri qızışdırıb Azərbaycanla münaqişəyə cəlb edən böyük dövlətlərin heç biri Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Bildirirdi ki, həmin dövlətlər Ermənistandan özlərinin siyasi məqsədləri üçün istifadə edir. Ter-Petrosyan onu da qeyd edirdi ki, Ermənistanın özünün belə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa cəsarəti çatmır. Ona görə də Ermənistan güzəştə gedərək inkişaf yolunu tutmalıdır. O bildirirdi ki, münaqişənin "nə hərb, nə sülh" vəziyyətində qalması Ermənistanın xeyrinə deyil. "Zaman Azərbaycanın xeyrinə işləyir" deyən Ter-Petrosyan Ermənistanın ağır iqtisadi vəziyyətə düşəcəyini də proqnozlaşdırmışdı. Bununla keçmiş prezident Azərbaycanın da razılıq verdiyi mərhələli həll planı ilə Qarabağ münaqişəsinin çözümünü taprmasını mümkün sayırdı. Ter-Petrosyan diqqəti ona da yönəldirdi ki, Azərbaycan tərəfi Ermənistanla müqayisədə getdikcə güclənir və bu gedişlə ölkəsinin onun qarşısında tab gətirməsi mümkün olmayacaq. Onun məqalədə səsləndirdiyi fikirlərdən belə bəlli olurdu ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu veriləcək. Ter-Petrosyan məsələnin bu səpkidə həlli üçün beynəlxalq ictimaiyyətin də təzyiqlərinin olduğunu etiraf edirdi: "Aydın şəkildə başa düşmək lazımdır ki, beynəlxalq birlik Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə uzun müddət barışmayacaq, çünki bu vəziyyət Cənubi Qafqazda regional əməkdaşlığa və təhlükəsizliyə mane olur... Əslində, Qarabağın və Ermənistanın rəqibi beynəlxalq birlikdir. Bu o beynəlxalq birlikdir ki, biz ona meydan oxuyuruq". Amma bu məqalə və mövqedən sonra Ermənistan parlamentində məlum terror aksiyası baş verdi və Ter-Petrosyanın tərəfdarları olan parlamentin sədri, baş nazir, 6 nəfər deputat qətlə yetirildi. Sonda Ter-Petrosyanın özü də istefa vermək məcburiyyətində qaldı. O vaxtdan hakimiyyətə gələn qüvvələr, o cümlədən indiki prezident Serj Sarkisyan Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tutaraq Ermənistanı məhvə sürüklədi. Bununla həm də Ter-Petrosyanın proqnozları özünü tam şəkildə doğrultdu. Məhz onun dediyi kimi, indiki Ermənistan Qarabağ münaqişəsi üzündən olduqca səfil bir durumdadır. Elə bu konfliktə görə erməni xalqı acınacaqlı, məhrumiyyətlərə məhkum olunmuş vəziyyətdə yaşamaq məcburiyyətində qalıb. İmkanı olan şəxslər Ermənistanı tərk etməyə üstünlük verir. Ermənistanda dözülməz həyat şəraiti üzündən gedərək sayı azalan əhali artan problemlərin kökündə məhz Qarabağ münaqişəsinin dayanadığını yaxşı bilir və ölkəyə yalnız çətinliklər qazandıran bu konfliktin həllini vacib sayır. Elə bu da parlament seçkiləri ərəfəsində Qarabağ münaqişəsinin həlli istiqamətində dəqiq təkliflər irəli sürən Ter-Petrosyanın və tərəfdarlarının daha çox diqqət mərkəzinə gəlməsinə səbəb olur.
Qeyd edək ki, eks-prezident ölkəsinin güclü dövlət olması üçün hakimiyyətə Dağlıq Qarabağ münaqişəsini həll etməyi məsləhət görərək, rəsmi İrəvanı güzəştlərə getməyə dəvət edir. Ter-Petrosyan yenə də bildirir ki, yalnız bu halda Ermənistan bir dövlət kimi tamamilə məhv olmaqdan xilas ola bilər. O, Ermənistan Milli Konqresinin son qurultayında da bu məsələni kifayət qədər arqumentlərlə tam şəkildə əsaslandıra bilib: "Fakt bundan ibarətdir ki, 1998-ci ildə bizdə bir ölkə var idi, bu gün isə biz tamamilə ayrı ölkədə yaşayırıq. Bu o deməkdir ki, həmin mühüm vəzifəni ki, biz 19 il əvvəl daha güclü mövqedə olanda həll edə bilərdik, indi müqayisəolunmaz dərəcədə zəif vəziyyətdə həll etməyə məcburuq. Daha bir qədər gözləyəndə isə biz indikindən də betər vəziyyətə düşəcəyik, bu qaçılmazdır. Belə hesab edilirdi ki, 2008-c il iqtisadi böhranının hələ də tam müəyyən edilməyən nəticələri, artan mühacirət tempi, təhlükəli səviyyəyə gəlib çatmış dövlət borcu, defolt təhlükəsi və xüsusən də aprel müharibəsindən sonra baş qaldıran çaxnaşmalar Ermənistan hakimiyyətinə ayıldıcı təsir göstərəcək. Onu məcbur edəcək ki, Qarabağ məsələsində yürüdülən destruktiv, fəlakətə aparan siyasətini kökündən dəyişsin, indiki çağırışlara qarşı tamam ayrı strategiya işləyib hazırlasın. Ancaq mövcud rejimin reaksiyalarına baxanda görünür ki, bizi bu məsələdə də məyusluq gözləyir". Keçmiş prezident hakimiyyətin Qarabağ siyasətini sərt tənqid edərək bildirir ki, Azərbaycanla və Türkiyə ilə ziddiyyətlərin aradan qaldırılması, mehriban qonşuluq münasibətlərinin qurulması ancaq bir məsələdən, Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır: "Təəssüf ki, indiki Ermənistan hakimiyyəti ötən 18 ilin acı təcrübəsindən dərs götürməyib, rejim Azərbaycan və Türkiyə ilə əbədi qarşıdurma siyasətini davam etdrməyi qərara alıb. Bu siyasət qısa dövr ərzində artıq Ermənistanda və Qarabağda böyük sosial, iqtisadi, demoqrafik, mənəvi-psixoloji dağıntılara gətirib çıxarıb. Bu o deməkdir ki, həmin dağıntılar daha 18 il də davam etsə, Ermənistandan və Qarabağdan heç nə qalmayacaq, problem aktuallığını öz-özünə itirəcək. Dəfələrlə deyilib ki, Ermənistanın təhlükəsizliyinin, iqtisadi inkişafının və demoqrafik vəziyyətinin yaxşılaşmasının təminatı Qarabağ münaqişəsinin və erməni-türk münasibətlərinin nizamlanmasıdır. Lakin belə məlum olur ki, bu elementar həqiqəti dərk etməyə bizim hakimiyyətə 18 il də bəs etməyib.
Əslində bir vəzifə var: Qarabağ probleminin həlli. Bundan sonra erməni-türk münasibətləri öz-özünə nizamlanacaq. Qarabağ məsələsinin isə mərhələli həlldən başqa yolu mövcud deyil. Bu gün danışıqlar masası üzərində olan təklif faktiki olaraq 1997-ci ildəkinin eynidir: Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusun verilməsi, əvəzində müəyyən ərazilərin qaytarılması, yekun status məsələsinin sonraya saxlanması, sülhməramlı qüvvələrin yerləşdirilməsi.
Qarabağ məsələsinin Ermənistanın maksimal səylərlə indi nail ola biləcəyi həllinə daha sərfəli şərtlərlə hələ 1998-ci ildə nail olmaq mümkün idi. Bu baş versəydi, nəinki biz son 18 ilin mənasız itkilərindən və əzablarından yaxa qurtarardıq, eyni zamanda indi daha fərqli - çiçəklənən, əhalisi sıx, inkişaf etmiş və təmin olunmuş Ermənistana nail olmuşduq. Təəssüf ki, bu sadə həqiqətlər vaxtında mənim müəyyən həmkarlarım tərəfindən dərk edilmədi və biz məsələnin həlli üçün ən münasib məqamı əldən buraxdıq".
Onun sözlərinə görə, ermənilər bu gün yenidən Qarabağ məsələsinin nizamlanması üçün yaranmış yeni fürsəti əldən buraxmamaq imperativi qarşısındadır: "Ermənistan Milli Konqresi bu ölkədəki yeganə partiyadır ki, özünün sülh və kompromislər tərəfdarı olduğunu nəinki gizlətməyib, eyni zamanda dəfələrlə bu haqda açıq bəyan edib. Bunun davamı olaraq və eyni zamanda mövcud situasiyanın tələbləri əsasında Konqres qarşıdakı parlament seçkilərinə silahlanma yarışının dayandırılmasına, yeni müharibə təhdidlərinin istisna edilməsinə, Qarabağ münaqişəsinin və Türkiyə ilə münasibətlərin nizamlanmasına yönəlmiş proqramla gedir.
Axı biz nəyə görə öz taleyimizi və ağrımaz başımızı sınağa çəkirik? Ona görə ki, Ermənistanda həqiqətin gözünə dik baxa bilən qüvvə artıq yoxdur. Biz də başqaları kimi susacağıqsa, o zaman ölkəmizdə sağlam düşüncə közü birdəfəlik sönüb gedəcək. Ona görə də, bizə hansı yarlıqların yapışdırılacağından asılı olmayaraq, biz, seçkilərə "Sülh, barışıq, mehriban qonşuluq" devizi altında gedirik. Bu deviz xalqın əksəriyyətinin dəstəyini qazanmaya bilməz, çünki Ermənistanın xilasının, rifahının başqa yolu yoxdur".
Sabiq prezident bir daha xüsusi vurğulayır ki, Qarabağ problemi həll olunmadan Ermənistan hansısa inkişaf, çiçəklənmə və rifah perspektivlərinə malik deyil. Parlament seçkilərinə Qarabağda sülh, barışıq və mehriban qonşuluq devizi ilə gedən Ter-Petrosyan və tərəfdarları qalib gələcəyi təqdirdə Qarabağ məsələsinin dinc yolla çözülmə ehtimalı artır və elə bu hal da sadə ermənilərin keçmiş prezident ətrafında birləşməsinə şərait yaradır. Çünki sadə ermənilərin bir çoxu onlara böyük problemlər gətirən Azərbaycan ərazilərinin işğalının davam etməsini istəmir. Onların ehtiyat etdiyi digər məqam isə güclü Azərbaycanın uzun sürən sülh danışıqlarından imtina edərək məsələni hərb müstəvisində həll edə biləcəyidir. Bu halın isə Ermənistan üçün daha dağıdıcı nəticələrə gətirib çıxaracağını qarşı tərəf yaxşı bilir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.