"O zaman müəyyən nəticə əldə etmək olar ki, ortada konkret həll mexanizmi olsun"
Parisdə Fransa prezidenti Fransua Ollandla Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Fransa prezidenti F.Olland 24 il davam edən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə irəliləyişin olmadığını və mövcud status-kvonu qəbuledilməz hesab etdiyini bildirib. "Heç nə status-kvo qədər pis deyil", - deyə Olland bəyan edib.
Olland qeyd edib ki, ötən illər ərzində dəfələrlə münaqişənin həll olunması perspektivi olub: "2014-cü ildə mən özüm təşəbbüs göstərib azərbaycanlı həmkarınızla birlikdə sizi Parisə dəvət etdim. Biz, xüsusilə, münaqişə əsnasında itkin düşmüş şəxslərin kədərli taleyi məsələsində tərəqqiyə nail olduq. Lakin daha uzaq gedə bilmədik".
Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli şərtləri olaraq Madrid prinsiplərini dəstəkləyib. O, güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyünə hörmət və xalqların öz müqəddəratını müəyyən etmək hüququnun bu prinsiplərdə öz əksini tapdığını bildirib. Olland bəyan edib ki, Fransa bu istiqamətdə istənilən təşəbbüsə dəstək olmağa hazırdır.
O da məlumdur ki, həmsədr dövlət olaraq, Fransa Rusiya və ABŞ qədər fəal deyil. Ən yaxşı halda, cəbhədə toqquşmalar baş verəndə rəsmi Paris müəyyən fəallıq göstərir. Bu baxımdan Ollandın ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını müəyyən etmək haqlarını bərabər götürməsi nə dərəcədə məntiqidir?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun fikrincə, Ollandın bu məsələdə ciddi təşəbbüs göstərməsi real görünmür: "Ona görə real görünmür ki, Fransa prezidentinin səlahiyyət müddəti bitmək üzrədir. Prezidentlik dövrü bitməmişdən öncə bəlkə də istəyir ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi nəsə etsin. Ancaq yaxşı olardı ki, Olland ötən dövrlərdə nəsə edəydi. Təəssüf ki, biz bunu görmədik. Fransa da, digər həmsədrlər kimi, deklarativ bəyanatlarla kifayətlənib. Ancaq hər hansı konkret təkliflə çıxış etmir. Halbukm, o zaman müəyyən nəticə əldə etmək olar ki, ortada konkret həll mexanizmi olsun. Məsələn, 33 Avropa dövlətinin 1975-ci ildə imzaladığı Helsinki Yekun Aktında xalqların öz müqəddəratını təyin etmək prinsipi müstəqillik demək deyil. Burada ərazi bütövlüyü çərçivəsində təyin olunan müqəddəratdan söhbət gedir. Ancaq indiyəcən heç bir həmsədr dövlət bunun üzərində xüsusi dayanmayıb. Fransanın Ermənistanla sıx və özəl əlaqələrinin olması heç kəsə sirr deyil. Ancaq məsələ ondadır ki, Fransa heç olmasa Dağlıq Qarabağa bitişik bir neçə rayonun boşaldılması məsələsində Ermənistana hər hansı təzyiq etmir. Yoxsa ümumi ifadələr işlətməklə, problemin həllinə ümid etmək sadəlövhlük olardı".
Vidadi ORDAHALLI