"Belə olan halda, onların ümidi muzdlulara qalır"
Müdafiə Nazirliyi Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab verib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımız sərəncamında olan istənilən müasir silahdan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır: "Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib.
Son günlər düşmənin verdiyi onlarla itki arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən, qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir".
Ermənistan xaricdən gətirilən muzdluları bu məqamda hərbi əməliyyatlara niyə cəlb edib?
İstefada olan polkovnik-leytenant Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin ordu sıralarına muzdluları cəlb etməsi yeni fakt deyil: "Biz bu barədə daim mətbuata açıqlamalar vermişik. Hazırda bu halın intensivləşməsinin bir sıra səbəbi var. Ermənilər aprel döyüşlərindəki məğlubiyyəti kompensasiya etmək üçün bütün vasitələrə əl atır. Onlarda orduda qulluq etmək istəyənlərin sayı kəskin azalıb. Əsasən də fərarilik halları artıb. Ağır sosial durum ucbatından cavanların çoxu Ermənistanı tərk edib. Belə olan halda, onların ümidi muzdlulara qalır. Bizim tərəfdən yayılan rəsmi məlumata əlavə olunan videogörüntülərdən aydın olur ki, düşmən canlı qüvvə sarıdan itkilər verib. Mən müqayisə aparmaq üçün erməni mətbuatını da oxuyuram. Orada bu itkilər barədə məlumat verilmir. Bilirsiniz ki, internetin inkişaf etdiyi dövrdə belə itkiləri gizlətmək bir az çətindir. Ermənistanın daxilindən kimlərin ölməsi ilə bağlı səsin çıxmaması həmin adamların xaricdən gətirilən muzdlu olmasına şübhə yeri qoymur. Birinci Qarabağ müharibəsi dönəmində də bizim ordu onlar tərəfdə döyüşən bir çox muzdlunu məhv edib. Onların arasında tanınmış terrorçular da olub".
Məhəmmədəli QƏRİBLİ