Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinə Qərbdə maraq Rusiyanın yeni siyasəti fonunda daha kəskin şəkildə artır. Məsələ bundadır ki, hazırda Avropanın qaz bazarında əsas hegemon qüvvə olan Rusiya yenə burada istədiyi şərtləri diqtə edir. Məsələn, məlumdur ki, cari ildə Moskva Avropa üçün qazın qiymətini 180-190 dollara kimi artırmağı düşünür. "Qazprom" şirkəti rəhbərinin müavini Aleksandr Medvedyev də faktı təsdiqləyib və Avropa bazarının bundan sonra da "Qazprom" üçün prioritet təşkil edəcəyini bildirib.
Qeyd edək ki, "Qazprom"un keçən il Avropa bazarında payı 31%-dən 34%-ə qədər artıb. Şirkət Avropa ölkələrinə qazı 167 dollara satıb. Bu qiymət MDB və Baltikyanı ölkələr üçün isə 152 dollar həcmində müəyyənləşdirilib. Amma Avropada Rusiyanın müəyyən etdiyi qazın qiyməti ilə heç də hamı razılaşmır. Bu fonda Azərbaycandan Avropaya uzanan qaz kəmərlərinin mümkün qədər tez reallaşması indi buradakı ölkələrin böyük əksəriyyəti üçün prioritet təşkil edir. Çünki bu hal Avropaya qaz idxal mənbələrini şaxələndirməyə imkan verəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycandan Avropaya çəkilən "Cənub Qaz Dəhlizi" ilə təkcə ölkəmizin yox, bir sıra digər dövlətlərin də qazının nəqli gözlənir. Bu da o deməkdir ki, "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropa daha böyük həcmdə qaz almaq imkanı qazanacaq. Təbii ki, bu hal Avropanın sözügedən marşruta marağını daha da artırır. Digər tərəfdən ABŞ da "Cənub Qaz Dəhlizi"nə hərtərəfli dəstək verir. Bu arada ABŞ dövlət katibi Reks Tillerson da "Cənub Qaz Dəhlizi" layihəsinə tam dəstək ifadə etdiklərini bildirib. Faktı dövlət katibinin xüsusi elçisi vəzifəsini icra edən Meri Uorlik də təsdiq edib. Diplomat qeyd edib ki, ABŞ bundan sonra da adıçəkilən layihəyə dəstək verməkdə qətiyyətlidir. "Bu layihə və onun komponenti olan TAP layihəsi Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir". ABŞ Dövlət Departamentinin başqa bir xüsusi elçisi Amos Hokstayn isə bildirib ki, rəsmi Vaşinqton "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla reallaşacağına inanır: "ABŞ "Cənub Qaz Dəhlizi"layihəsi vasitəsilə qaz almayacaq, lakin əvvəldən onun reallaşmasını dəstəkləyən ölkələrdən biri olub". ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan isə bildirir ki, ölkəsi Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır: "ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə, Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək".
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç isə bildirir ki, Avropa Komissiyası Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək: "Biz 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıyıq və bunun həyata keçirilməsi üçün çalışırıq". Burada bir məqamı da qeyd edək ki, Avropada indidən görülən işlər Azərbaycandan qaz alan qitə ölkələrinin sayının xeyli artmasına gətirib çıxaracaq. Məsələn, hazırda Azərbaycan qazının çəkilişi ilə bağlı olaraq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) fəal çəkilişi həyata keçir. Bu da Azərbaycan qazının gələcəkdə daha geniş coğrafiyaya nəqlinə töhfə verəcək. Azərbaycanın enerji təhlükəsizliyi, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfələrini yüksək dəyərləndirən Bolqarıstanın energetika naziri Nikolay Pavlov qeyd edir ki, IGB vasitəsilə 2020-ci ildə layihə çərçivəsində "Şahdəniz" yatağından hasil olunan qazın illik 1 milyard kubmetri Bolqarıstana çatdırılacaq. Bundan başqa, Bolqarıstan və Serbiya qaz kəmərlərini birləşdirən qaz kəmərinin 2019-cu ilin may ayınadək tikintisinə başlanması və 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, "Şahdəniz", "Abşeron" və digər yataqların ehtiyatları hesabına əlavə qaz həcmləri ilə yanaşı, birləşdirici kəmərlər də "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətli dərəcədə genişlənməsini təmin edəcək.
Bununla yanaşı, yenə "Cənub Qaz Dəhlizi" ilə bağlı olaraq Avropada "İon-Adriatik" qaz boru kəməri həyata keçirilir. Bu layihə ilk olaraq Monteneqroya Azərbaycanın təbii qazının çatdırılması üçün yeganə mənbədir. Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç bu xüsusda bildirir: "İon-Adriatik" boru kəməri Avropanın və dünyanın bu hissəsi üçün ən yüksək prioritet təşkil edən enerji layihələrindəndir. Biz layihənin mümkün qədər tez icra olunması üçün əlimizdən gələni edəcəyik. Monteneqroda təbii qaz yoxdur. Layihə ölkəmizə təbii qazın ötürülməsi üçün yeganə mənbədir. Bu layihə Azərbaycan qazının Avropaya və eyni zamanda Avropanın qərbindən şərqinə çatdırılmasında rol oynayır". Nazir vurğulayıb ki, qaz kəmərinin mahiyyəti enerji təhlükəsizliyini təmin etmək, bütün ölkələrin qaz təchizatını şaxələndirməkdir: "Lakin Monteneqroya gəldikdə, bu layihə yeganə qazlaşdırma yoludur. Bu bizim üçün ən əhəmiyyətli layihədir".
Tahir TAĞIYEV