Gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinə təsiri gözlənildiyindən də çox olacaq. Belə görünür ki, Ermənistanda Serj Sarkisyan iqtidarının münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq niyyətinə qarşı çıxanların sayı artır və bu durumda siyasi qüvvələr də yaranmış situasiyadan öz məqsədləri naminə istifadə etməyə çalışır. Amma məsələ özünü təkcə daxili çərçivədə göstərmir.
Ölkə xaricindən də parlament seçkiləri fonunda Qarabağ məsələsinə görə Sarkisyana təzyiqlər artır. Söhbət ilk olaraq Rusiyadan gedir.
Məlum olduğu kimi, aprel ayında keçiriləcək parlament seçkilərinə və 2018-ci ilin aprelində Sarkisyanın səlahiyyətlərinin başa çatacağı müddətə qədər prezident hakimiyyətdə daha loyal baş nazirin olmasını istəyir. Məhz buna görə aprelin 2-də keçiriləcək parlament seçkilərində hakim partiyanın siyahısına müdafiə naziri Vigen Sarkisyan rəhbərlik edir. Bu şəxs Sarkisyanın əmrlərini sözsüz icra edir. Məhz belə bir şəxsin baş nazir olması fonunda Sarkisyan səlahiyyətləri başa çatdıqdan sonra da ölkəyə rəhbərlik niyyətini həyata keçirə bilər. Plana əsasən, 2018-ci ilin aprelinə, yəni Sarkisyanın prezidentlik səlahiyyətləri başa çatana qədər hakim Respublika Partiyası prezidentin baş nazir olması üçün tədbirlər hazırlayacaq. Məlumata görə, 2018-ci il aprelin 9-da isə Vigen Sarkisyan istefa verəcək və Sarkisyan baş nazir postuna gələcək.
Amma indiki baş nazir Karen Karapetyanın vəzifədən uzaqlaşdırılması Sarkisyan üçün müşkülə çevrilib. Hətta bir müddət əvvəl Serj Sarkisyan Karen Karapetyanı baş nazir təyin etməklə böyük səhvə yol verdiyini etiraf edib. İddia edilir ki, Karapetyan Sarkisyan rejimini parçalamaqla məşğuldur. Serj Sarkisyanın Karen Karapetyanı baş nazir vəzifəsindən uzaqlaşdırmaq cəhdi isə sonuncunun Kreml tərəfindən dəstəklənməsi səbəbindən müşkülə çevrilib. Məhz belə bir vaxtda Serj Sarkisyanın Moskvaya səfərində bu məsələnin əsas müzakirə mövzularından biri olması gözlənir. Rusiyanın "İzvestiya" nəşri İrəvandakı diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də Moskvaya səfər edəcəyini bildirir. Ermənistan mediası isə Sarkisyanın aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Moskvadan Vigen Sarkisyana dəstək almaq istəyində olduğunu yazıb. Bu dəstək alınmasa da, Sarkisyan ən azından Rusiyanın adamı Karen Karapetyanın nüfuzunu zəiflətməyə çalışacaq. "Armenianreport" saytı yazır ki, Sarkisyan Moskvaya Ermənistan üçün yox, özü üçün gedir: "Seçki ərəfəsində Sarkisyan Putini inandırmağa çalışacaq ki, ona dəstəyi kəsməsinlər. Çünki o, indiyə qədər Rusiyanın bütün planlarına uyğun hərəkət edib. Bu məsələ Putin üçün olduqca asandır. Çünki onun Sarkisyana kifayət qədər təsir mexanizmi var. Lakin Ermənistan Prezident Administrasiyası Sarkisyanın Moskva səfərindən fil düzəldəcək, şişirdəcəklər. Putinin ona göstərişləri haqda isə sadəcə susacaqlar. Sarkisyan Kremlə özünü xilas etmək üçün gedir".
"Lragir" saytı isə Putinin Moskvada Sarkisyana Qarabağla bağlı danışıqları yeniləmək tapşırığı verəcəyini yazıb: "Putin Moskvanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar təklif edə bilər. Lakin bu format bir neçə dəfə uğursuz olub. Güman ki, Moskva danışıqların yenilənməsi əvəzində Ermənistana daha sıx hərbi-siyasi münasibətlər təklif edəcək. Sarkisyan razılaşmasa belə, Putinin ona kifayət qədər təzyiq rıçaqı var. Bunun alternativ variantı yoxdur. Çünki Sarkisyanın Putinin dediyini edəcəyi şübhəsizdir". Qeyd olunur ki, belə durumda Rusiya Sarksiyandan Qarabağ məsələsində müəyyən güzəştlər tələb edə bilər və bu hal əsas sülhyaradıcı dövlət kimi Rusiyaya regionda nüfuzunu daha da gücləndirmək üçün lazımdır. Beləliklə, Sarkisyan Rusiyadan dəstək qarşılığında Qarabağ məsələsində müəyyən güzəştlərə vadar ediləcək.
Başqa bir maraqlı məqam odur ki, Ermənistanda parlament seçkiləri öncəsi müxalif qüvvələr birləşir. Artıq bəllidir ki, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs" partiyasının sədri Raffi Ovannisyan "Ohanyan-Raffi-Oskanyan" blokunda birgə hərəkət edir. Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" isə seçkiyə ayrılıqda gedir. İndilikdə "Erməni Milli Konqresi" ilə "Ohanyan-Raffi-Oskanyan" blokunun siyasi görüşlərində uzlaşan məqamlar var. Xüsusilə hər iki qüvvə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün ağır nəticələrə səbəb olduğu fikrini paylaşır. Hətta Seyran Ohanyan belə bəyan edir ki, münaqişənin dinc yolla həlli istiqamətində addımlar atılmalıdır. Ohanyan səsləndirdiyi bəyanatında bildirdi ki, danışıqlar masasındakı variantla razılaşmalı, güzəştlər edilməlidir. Ter-Petrosyan hələ ötən ilin dekabrında ərazilərin təcili qaytarılmasının və münaqişənin həllinin vacibliyini vurğulamışdı. Beləliklə, müxalif qüvvələr də Qarabağ məsələsində artıq müvafiq addımların atılmasını, məsələnin sülh yolu ilə çözümünü tələb edir. Bu mövqeni erməni cəmiyyətində də bölşünələrin sayı kifayət qədərdir. Sarkisyanın isə həm Rusiyadan, həm də daxildən olan Qarabağ təzyiqlərinə uzun müddət davam gətirə biləcəyi inandırıcı görünmür.
Tahir TAĞIYEV