Dağlıq Qarabağ münaqişəsinin gedişində ermənilərin Azərbaycana qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri sayılan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər qarşı tərəfin gedərək ciddi narahatlığına yol açmaqdadır. Burada açıq etiraf edilir ki, Dağlıq Qarabağ konflikti, o cümlədən Xocalı məsələsində Azərbaycanın atdığı addımlar dünyada ermənilərin mövqeyinə baxışın dəyişməsinə səbəb olur.
Ermənistanın "Joxovurd" qəzeti belə bir məqama diqqət çəkir ki, ötən illər ərzində Azərbaycan diplomatiyası, erməni tərəfindən fərqli olaraq, daha fəal, çevik olub. Nəticədə dünyada Azərbaycanın mövqeyini dəstəkləyənlərin sayı artır və hətta erməni lobbisi belə bunun qarşısını almaqda acizlik çəkir.
Digər tərəfdən o da etiraf edilir ki, Xocalı məsələsində də Azərbaycan diplomatiyası kifayət qədər səmərəli fəaliyyət göstərir. Nəticə etibarı ilə bunu soyqırım kimi tanıyan dünya ölkələrinin sayı artır. Perspektivdə soyqırımı tanıyan ölkələrin sayının daha da çoxalması isə Ermənistanı indiki ilə müqayisədə daha çətin vəziyyətdə qoyacaq. Daha bir maraqlı məqam odur ki, Xocalı soyqırımının dünyanın ən müxtəlif ölkələrində tanıdılması da ermənilərdə böyük narahatlığa yol açır. Hesab edilir ki, bu addım da Ermənistan üçün ciddi zərbə olacaq. Çünki erməni diplomatiyasının fəaliyyət göstərmədiyi, səfirliyinin olmadığı ölkələrdə belə Azərbaycan Xocalı soyqırımını tanıdır. Bu həqiqətə qarşı isə Ermənistan hansısa formada müqavimət göstərə bilmir. Məhz bu hal ermənilər üçün daha bir ciddi diplomatik məğlubiyyət anlamına gəlir.
Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlər fonunda erməniləri başqa bir məqam da ciddi şəkildə narahat etməkdədir. Belə ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərin baş tutduğu ölkələrdə ictimai, siyasi, dövlət xadimlərinin, vətəndaş cəmiyyəti üzvlərinin, media təmsilçilərinin həmin tədbirlərə qatılması faciənin geniş rakursda tanıdılmasına xidmət edir. Başqa sözlə, həmin şəxslər vasitəsilə xarici ölkə cəmiyyətlərində daha çox insan Xocalı soyqırımından xəbərdar olur. Məsələn, bu günlərdə Sankt-Peterburqda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib. Bura Rusiyanın ictimai və siyasi xadimləri, diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan xalqının dərdinə şərik olan insanlar toplaşıb. Nəticədə 1992-cı il fevralın 26-na keçən gecə Xocalı şəhərində dəhşətli faciə barədə xəbər tutanların sayı bir qədər də artıb. Elə erməni mediası da diqqəti ona yönəldir ki, Azərbaycan Qarabağ məsələsilə bağlı xaricdə keçirdiyi tədbirlərdə uğurlu taktika seçib və mövqeyini xarici ölkələrin ictimai-siyasi xadimlərinin vasitəsilə də gedərək gücləndirir. Yeri gəlmişkən qeyd edək ki, Sankt-Peterburqda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar xatirə gecəsi də məhz "Xocalıya ədalət" kampaniyasının tərkib hissələrindən biri olub. Bir daha xatırladaq ki, bu kampaniya beynəlxalq ictimaiyyəti Xocalı hadisələri barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır. Tarixi gerçəkliyin düzgün əks etdirilməsi və bu qorxunc cinayəti törədənlərin mühakimə edilməsi baxımından bu kampaniya böyük əhəmiyyət daşıyır.
"Xocalıya ədalət" kampaniyasının olduqca mühüm və ermənilər üçün kabusa çevrilən tərəflərindən biri də odur ki, bu vəhşiliyi pisləyənlərin, ermənilərin əməllərinə hüquqi qiymət verməyə çağıranların sayı artır. Məsələn, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın Neapol şəhərində baş tutan anım tədbirində Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliya yaşananları dəhşətli hal, erməni vəhşiliyinin bariz nümunəsi adlandırıb, günahkarların cəzalandırılmasının vacibliyini önə çəkib. Polşanın Vrotslav Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbirdə eyni mövqeni universitetin rektoru Adam Yezerski də sərgiləyib. Həmçinin diqqəti ona yönəldib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Yaponiya ictimai-siyasi dairələrinin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə paytaxt Tokioda keçirilən tədbirlərdə də bu qəbildən olan məsələlərə geniş diqqət yetirilib. Sasakava Sülh Fondunun baş elmi işçisi, professor Akira Matsunaqa Xocalı soyqırımının Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu, bu faciənin yenidən təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini bildirib. Xocalı soyqırımı haqqında dünya, o cümlədən Yaponiya ictimaiyyətinin kifayət qədər məlumatlı olmadığını qeyd edən professor Azərbaycanın ədalətli mövqeyi haqqında məlumatların hər zaman ermənilər tərəfindən təhrif edildiyini nəzərə çatdırıb. Yaponiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılması üçün səylərini əsirgəməyəciyini bildirib. Tarixə nəzər salan professor hazırda Ermənistanın yerləşdiyi ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu vurğulayaraq, bu ölkənin Azərbaycana qarşı təcavüzünün xaricdəki erməni lobbisi və digər qüvvələr tərəfindən dəstəkləndiyini bildirib. Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı ikili standartların mövcudluğunu qeyd edən A.Matsunaqa Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasının vacibliyini vurğulayıb.
Yenə Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn, ABŞ və Litva kinematoqraflarının birgə istehsalı olan, çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş "Sonsuz dəhliz" sənədli filmi də keçirilən tədbirlərdə Xocalı faciəsinin dünyaya çatdırılmasında önəmli əhəmiyyətə malikdir. Bu il dünyanın müxtəlif ölkələrində nümayiş edilən filmə Çexiya ictimaiyyəti də baxmaq imkanı əldə edib. Bununla Çexiya ictimaiyyəti də ona şahidlik edib ki, Xocalı soyqırımı Azərbaycanın müasir tarixində ən dəhşətli hadisədir. Çexiya parlamentinin vitse-spikeri Voytek Filip bu xüsusda bildirib: "Biz Dağlıq Qarabağ müharibəsinin ən kədərli hadisələrindən biri olan Xocalı qətliamı şəhidlərinin əziz xatirəsini yad etdik. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 106 qadın, 63 uşaq və 70 qoca da daxil olmaqla, 613 nəfər mülki şəxs həyatını itirib. Biz bu vəhşiliyi unuda bilmərik və unutmamalıyıq. Təəssüf ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına görə hələ də öz doğma torpaqlarına qayıda bilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, hələ də irəliləyiş yoxdur".
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter isə bildirib: "Xocalı soyqırımının 25-ci ildönümünü yad etmək üçün ötən həftə ərzində TEAS London, Paris, Berlin, Brüssel, Bern, Cenevrə, Afina, Vilnüs və Avropanın digər şəhərlərində fotosərgilər, anım konsertləri və "Sonsuz dəhliz" filminin nümayişlərini təşkil edib. Daha əvvəl biz Xocalıya həsr olunmuş ənənəvi anım konsertini keçirmək üçün Parisdəki kilsələrin birində toplaşmışdıq. Olduqca hirsli və aqressiv olan ermənilər kilsəni mühasirəyə alaraq konsertin baş tutmaması üçün əllərindən gələni etməyə çalışırdılar. Məmnuniyyətlə bildirmək istəyirəm ki, konsert çox uğurla keçdi".
Xocalı soyqırımının canlı şahidi və "Sonsuz dəhliz" filminin baş qəhrəmanı, litvalı jurnalist Riçards Lapaitis isə bildirib: "Xocalı şəhərində baş vermiş qırğının 25-ci ildönümünü yad edirik. Həmin müdhiş gecə erməni hərbi qüvvələri Xankəndidə dislokasiya olunmuş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub. Ermənistan Xocalıdakı qanlı hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb. Hücum etmək haqqında əmr fevral 25-də, saat 20:50-də faksla Xankəndiyə göndərilmişdi. Ermənistanın Müdafiə Nazirliyi həmin faktı təsdiq etmişdi ki, onun Dağlıq Qarabağdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilərək hücum əmri verilib. Erməni millətçiləri tərəfindən həyata keçirilmiş bu qırğın keçmiş sovet məkanında törədilmiş ən dəhşətli vəhşilik olub. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da daxil olmaqla, Xocalının mülki əhalisinə qarşı bu təcavüz aktında iştirak edənlərin hamısı birbaşa məsuliyyət daşıyır. Ümidvaram ki, bir gün ədalət qalib gələcək və bu qırğının törədilməsində günahkar olan şəxslər Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri qarşısında cavab verəcəklər".
Qeyd edək ki, "Sonsuz dəhliz" filmi 2015-2016-cı illər ərzində beynəlxalq səviyyədə uğurlu premyerasından sonra xarici kinotənqidçilər tərəfindən müsbət qiymətləndirilib. Film ABŞ-da keçirilən nüfuzlu "Akkolad Qlobal Film" müsabiqəsində "Ən yaxşı tamaşa", Madrid şəhərində keçirilən Tenerife Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film" və "Sənədli filmin ən yaxşı rejissoru", Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında isə "Sənədli filmin ən yaxşı montajı" mükafatlarına layiq görülüb. Ekran əsəri, həmçinin, bir çox xarici kanallarda nümayiş etdirilib.
Beləliklə, yuxarıda qeyd edilənlərdən də aydın şəkildə göründüyü kimi, "Xocalıya ədalət" kampaniyası çərçivəsində baş tutan tədbirlər mühüm nəticələrini verir. Bütün bunlar eyni zamanda Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, erməni vəhşiliklərinin hansı fəsadlara gətirib çıxara biləcəyinə dair bilgilərin, məlumatların beynəlxalq aləmə təqdim olunması baxımından da böyük önəm kəsb edir. Elə erməniləri narahat edən əsas məqamlar da məhz bunlardır və düşmən tərəf Azərbaycanın bu gedişlərinə getdikcə daha az qüvvə ilə müqavimət göstərə bilir. Əksər hallarda isə bu müqavimətin hansısa ciddi effekti də olmur. Çünki həqiqətləri Azərbaycanın həyata keçirdiyi fəaliyyət nəticəsində görənlər erməni vandallarını yaxına buraxmaq belə istəmir. Əksinə, erməni işğalını, onun nəticələrini pisləyənlərin sayı artır, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edənlər çoxalır. Təbii ki, bu vəziyyət də ermənilər üçün yeni diplomatik məğlubiyyətlərə yol açır, düşmənin mövqelərini sürətlə zəiflədir. Hərb cəbhəsində olduğu kimi, indi diplomatiyada da Azərbaycan düşmən üzərində böyük üstünlüyə malikdir. Bu üstünlüklər isə Dağlıq Qarabağ münaqişəsinin həllini daha çevik hala gətirir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.