Seyid Camal Əzimbəyli: "İlham Əliyevin bu yöndə çıxışı onun həm də gerçək bir islam təəssübkeşi olduğunu göstərdi"
"Azərbaycan müsəlman ölkələri və dövlətləri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək". Bunu Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı qeyd edib.
Ölkə başçısı bildirib ki, islamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır: "Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan islamın dəyərlərinin təşviqini davam etdirməliyik".
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir: "Qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcək. Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var".
Həqiqətən də son illər dünyada islamın terrorla əlaqələndirilməsi tendensiyası var və bu narahatlıq doğurur. O baxımdan, dövlət başçısının toxunduğu məsələ tamamilə reallığı əks etdirir.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu, dünyəvi dövlətin müsəlman liderinin cəsarətli çıxışıdır: "Bir araşdırmaçı-şərqşünas kimi deyirəm ki, bu bütün müsəlman ölkələri ilə bərabər, digər özünü demokratik təsisatların təbliğatçısı, öndəri kimi aparan ölkələrə də nümunədir. Azərbaycanın dövlət başçısının bu yöndə çıxışı onun həm də gerçək bir islam təəssübkeşi olduğunu göstərdi. Düşünürəm ki, bu, bütün müsəlman ölkələrinə Azərbaycan nümunəsinin, ölkədə tolerantlığın, həmrəyliyin, birlik və bərabərliyin başında duran, təminatçısı olan ölkə başçısının çağırışıdır. İslam araşdırmaçıları, özünü islam təəssübkeşi sayanlar bunun fərqində olmalıdır. Bununla cənab Prezident bütün dünyaya islamın mərhəmət, rəhmət, şəfqət dini olduğunu bir daha göstərdi. Fikrimcə, bütün müsəlman dövlətləri islam dininə yönəlik zərərli tendensiyalara qarşı birgə mübarizə aparmalıdır. Çünki terrordan daha çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Belə olan halda, terroru dinimizlə əlaqələndirmək tamamilə yanlış yanaşmadır".
Vidadi ORDAHALLI