Ramil Hüseynov: "Davamlı olaraq bu məsələni beynəlxalq tədbirlərdə qaldırmaq lazımdır"
"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxış edərkən bildirib.
Dövlət başçısı deyib ki, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul edib: "İslam Əməkdaşlıq Təşkilatının sonuncu zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılıb. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".
O da heç kəsə sirr deyil ki, beynəlxalq qurumlar tərəfindən Ermənistana yönəlik müəyyən sanksiyalar tətbiq olunsa, işğalçı dövlət qəbul olunan qərarlara bu dərəcədə saymazyana yanaşmaz və danışıqlarda kompromis mövqe tutmağa məcbur olar. Ancaq təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində sərgilənən ikili standartlar buna imkan vermir. Bütövlükdə, İƏT Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə necə təsir göstərə bilər? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, prinsipcə, bu çətin olsa da, müəyyən mənada mümkündür: "Məsələ ondadır ki, müsəlman ölkələri BMT-nin üzvü olsa da, bu dövlətlərin heç biri TŞ-nin daimi üzvü deyil. TŞ-nin 5 daimi üzvündən dördü xristian dövlətləridir. Çinə gəldikdə isə, sözügedən ölkə bu məsələdə daha çox tərəfsiz mövqedən çıxış edir. Heç olmasa bir müsəlman dövləti TŞ-nin daimi üzvü olsaydı, bəlkə o zaman bu məsələ daha aktual xarakter alacaqdı. Ancaq buna rəğmən, hesab edirəm ki, İƏT ölkələri praktiki baxımdan Ermənistana yönəlik yekdil mövqedən çıxış etsələr, o zaman sanksiyaların tətbiqi, BMT qərarlarının icrası gündəmə gələ bilər. Təəssüflər olsun ki, bəzi müsəlman ölkələrinin Ermənistanla yaxın münasibətləri buna imkan vermir. O üzdən, davamlı olaraq bu məsələni beynəlxalq tədbirlərdə qaldırmaq lazımdır. Elə etməliyik ki, İƏT və digər bu kimi təşkilatlar bu istiqamətdə səylərini birləşdirsin".
Vidadi ORDAHALLI