“ABŞ dövlət katibi Reks Tillerson “Cənub Qaz Dəhlizi” layihəsinə tam dəstək ifadə edir”. “APA-Economics”xəbər verir ki, bunu dövlət katibinin xüsusi elçisi vəzifəsini icra edən Meri Uorlik Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.
Diplomat qeyd edib ki, ABŞ bundan sonra da adıçəkilən layihəyə dəstək verməkdə qətiyyətlidir. “Bu layihə və onun komponenti olan TAP layihəsi Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir”.
ABŞ Dövlət Departamentinin başqa bir xüsusi elçisi Amos Hokstayn isə bildirib ki, rəsmi Vaşinqton “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşacağına inanır: “ABŞ “Cənub Qaz Dəhlizi”layihəsi vasitəsilə qaz almayacaq, lakin əvvəldən onun reallaşmasını dəstəkləyən ölkələrdən biri olub”.
“Azərbaycan hər zaman verdiyi sözü tutur”. Bunu isə “Statoil”şirkətinin baş vitse-prezidenti Al Kuk ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib. A.Kuk buna misal olaraq bir neçə layihəni göstərib. Onun sözlərinə görə, bu layihələrin fonundan“Əsrin müqaviləsi” xüsusilə seçilir.
Norveç nəhənginin rəsmisi qeyd edib ki, “Statoil” Azərbaycanın neft-qaz sektorunun ikinci iri investoru adını qorumaq niyyətindədir: “Şirkətimiz Azərbaycanın enerji sektoruna 5,6 mlrd. dollar yatırıb. Azərbaycanın enerji sektoru nəhəng potensiala malikdir. 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, dünyanın enerji xəritəsinə öz dəsti-xəttini gətirib. İndi deyə bilərik ki, Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi”.
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib: “Biz ABŞ-ın qlobal səviyyədə rolunu qəbul edirik və inanırıq ki, rəsmi Vaşinqton“Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini davam etdirəcək. Avropanın enerji təchizatında vacib rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası uğurla davam edir”.