"Aparılan islahatları Qərbin gözünə soxmaq istəyilə Sarkisyan seçkilərlə bağlı onların rəyini yumşaltmaq istəyir"
Ermənistan prezidenti Serj Sarkisyan Avropaya etdiyi səfər çərçivəsində "Karnegi" mərkəzinin də qonağı olub. Onun həmin fondda etdiyi çıxışa Ermənistan KİV-i geniş yer ayırıb. Sarkisyanın çıxışının mətnindən görünür ki, o özünü Qərbin gözünə böyük demokrat kimi soxmaq istəyib.
Bildirib ki, Ermənistan tam demokratik ölkə olmaq üçün, hətta dövlətin idarə edilməsini belə dəyişib və bundan sonra dövlətin yönləndirilməsində şəxsiyyətlər deyil, siyasi qüvvələr əhəmiyyətli rol oynayacaq. Ermənistan prezidenti bu xüsusda həm də qeyd edib ki, onlar qarşıdan gələn seçkiləri çox demokratik, ədalətli və şəffaf keçirməyi planlaşdırır.
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, bu açıqlamanı da Sarkisyanın növbəti uydurması sırasına aid edə bilərik:
"Sarkisyan və demokratik seçki bir-birinə yad olan məfhumlardır. Onun keçdiyi həyat yolu bunu aydın büruzə verir. Ermənistanın daxilindəki siyasi qüvvələr Sarkisyanın korrupsioner, avtoritar olduğunu bəyan edir. Aparılan islahatları Qərbin gözünə soxmaq istəyilə Sarkisyan seçkilərlə bağlı onların rəyini yumşaltmaq istəyir. Ermənistanda heç bir köklü islahat həyata keçirilməyəcək. Sadəcə, Sarkisyan bu kosmetik yeniliklə öz hakimiyyətinin ömrünü bir qədər də uzatmaq istəyir. Seçkilərin nəticələri indidən bəllidir. Sarkisyanın rəhbəri olduğu partiya parlament seçkilərini udacaq və nəticədə oradakı Qarabağ klanı yenə hakimiyyəti əlində saxlayacaq. Sarkisyanın dövründə keçirilən seçkilərin hansı demokratik olub ki, bu da olsun? Yəqin prezident seçkilərində onun alternativlərinin küçənin ortasında güllələnməsi yadından çıxıb. Ermənistanda heç vaxt demokratik seçki olmayıb. Bunu Qərb dairələri bizdən yaxşı bilir. Amma təəssüflər olsun ki, onlar bu məsələdə də ikili standarta yol verir. Ermənistanda seçki, insan haqları ilə bağlı olan tənqidi məqamlar əksər hallarda arxa plana keçir. Daxili vəziyyət həddən artıq gərgin olduğu üçün, Sarkisyan belə manevrlər etməyə məcburdur. Bir neçə gündən sonra onun Rusiyaya səfəri reallaşacaq. Yəqin ki, orada "başqa musiqini ifa edəcək".
Məhəmmədəli QƏRİBLİ