"Belə razılaşma əldə olunubsa, hansısa ümidlər ola bilər"
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir.
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. Diplomat qeyd edib ki, həmsədrlərin 25 fevral tarixli bəyanatında atəşkəs rejiminə hörmət edilməsi ilə bağlı çağırış bir daha səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin 25 fevralda yaydığı məlumatda bildirilirdi ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində ordumuz itki verib. İrəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutub. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.
ABŞ-lı həmsədrin danışıqlarla bağlı təşəbbüsünü yeni tipli çağırış kimi qəbul etmək olarmı və burada nə nəzərdə tutula bilər?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Azərbaycan torpaqlarının işğalı davam etdikcə, regionda gərginlik qalacaq və daha da artacaq: "Çox maraqlıdır ki, vasitəçilər təmas xəttində gərginlik yaranan kimi aktivləşməyə başlayır. Onların fəaliyyəti bizi qane etmir. Hər zaman da Azərbaycan rəsmiləri bu passivliyi tənqid edib. Biz anlayırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan və Ermənistandan asılı deyil. Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu münaqişənin həllində prinsipial mövqe nümayiş etdirmir. Hələ ki, biz nizamlama ilə bağlı mandatı olan ATƏT-in Minsk Qrupunun qeyri-effektiv fəaliyyətinin şahidi oluruq. Buradan da məntiqi nəticə çıxır ki, həmsədrlər münaqişəni həll etmək iqtidarında deyil. Buna baxmayaraq, biz hər bir yeni təşəbbüsü və cəhdi yüksək qiymətləndiririk. ABŞ-dan olan həmsədrin çağırışında konkret mexanizmlərdən söhbət açılmadığı üçün, bunun uğur vəd edəcəyini söyləyə bilmirik. Buna baxmayaraq, həmin təklifi dəyərləndirmək lazımdır. Məlumdur ki, bu münaqişəni hansısa dövlət təkbaşına həll edə bilməz. Yəni digər həmsədrlər, xüsusilə də Rusiya ilə kollegial razılaşma əldə olunmalıdır. Belə razılaşma əldə olunubsa, hansısa ümidlər ola bilər. Yoxdursa, həmsədrlərin sıradan bir çağırışı hesab edə bilərik".
Məhəmmədəli QƏRİBLİ