Yeganə Hacıyeva: "Azərbaycan həmin qurumda təmsil olunan ölkələrə adekvat münasibət sərgiləyir"
Dünən Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıb. Dövlət başçısı yüksək qonaqpərvərliyə və İƏT-in XIII Sammitinin mükəmməl təşkilinə görə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirib.
Respublikamızın 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev bu təşkilata üzv ölkələrin hamısı ilə yaxşı münasibətlərə malik olan Azərbaycanın öz tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi əlaqələrini gücləndirdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın İƏT-i mühüm beynəlxalq təşkilat hesab etdiyini, 2012-ci ildən İƏT-in sədri kimi ölkəmizin bu qurumu gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etmək üçün əlindən gələni əsirgəmədiyini bildirib.
Sonra Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin İƏT-in XIII Sammitinin sədri seçildiyini elan edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Ölkə başçısının sammitdə iştirakı Azərbaycanın İslam dünyası ilə əməkdaşlığının intensivləşməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ölkə başçısının belə nüfuzlu tədbirlərdə iştirakının ölkəmiz üçün yalnız müsbət nəticəsi ola bilər: "Azərbaycan öz xarici siyasət kursunda balanslaşdırılmış, çoxvektorlu siyasət yürüdür. Bu baxımdan da bizi bütün istiqamətlərdə etibarlı tərəfdaş kimi qəbul edirlər. Azərbaycan müasir ölkə olmaqla yanaşı, eyni zamnda milli, dini adət-ənənələrin qorunub saxlanmasına da böyük önəm verir. Artıq bu amil özünü dövlətin yürütdüyü siyasətdə də göstərir. Respublikamızda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi islam ölkələri tərəfindən rəğbətlə qarşılanıb. İƏT bizim haqlı mövqeyimizi daim müdafiə edib. Xüsusilə də onlar tərəfindən Dağlıq Qarabağ münaqişəsilə bağlı prinsipial və ədalətli mövqe nümayiş olunub. Həmin qurumda təmsil olunan bəzi böyük müsəlman ölkələri bu günə kimi Ermənistanla münasibətlər belə qurmayıb. Təbii ki, bu bizi qane edir və İƏT-lə münasibətləri daha aktiv fazaya keçirməyimizi şərtləndirir. Azərbaycan da, öz növbəsində, həmin qurumda təmsil olunan ölkələrə adekvat münasibət sərgiləyir. Bu il ölkəmizdə həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Həmin idman yarışı da İƏT ölkələrilə münasibətlərimizin daha da yaxşılaşmasına rəvac verəcək".
Məhəmmədəli QƏRİBLİ