Məlumat verildiyi kimi, Pakistanda səfərdə olan Prezident İlham Əliyevin bu ölkənin baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib.
Azərbaycanla Pakistan arasında siyasi əlaqələr müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulanıb. Görüşdə ən çox diqqət çəkən məsələlərdən biri müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələrin müzakirə olunması olub. Məlumatlara görə, Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Beləliklə, qarşıdakı dövrdə Azərbaycanın hərbi təyinatlı məhsul aldığı ölkələrdən biri də Pakistan olacaq.
Ümumiyyətlə, Pakistanın hərbi təyinatlı məhsullar istehsal edən şirkətləri də Azərbaycanla bu sahədə əməkdaşlığa böyük maraq göstərir. Məsələn, məlumdur ki, Pakistanın GIDS (Global Industrial & Defence Solutions) şirkəti quru qoşunları, hərbi dəniz qüvvələri və daxili qoşunların təchizatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Pakistanlı general-mayor Tariq Cavadın sözlərinə görə, şirkət artıq Pakistanda daxili qoşunlara silah təminatını həyata keçirir: "Daxili qoşunları dəbilqələr, tüstü bombası ilə təmin edirik. Hərbi Hava Qüvvələri və quru qoşunlarına gəlincə, artıq müqavilələrimiz var və hər iki ölkənin yüksək rütbəli məmurlarından təsdiq gözləyirik". GIDS rəhbəri, həmçinin, əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu məsələ ilə bağlı müəyyən razılaşma var. Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn də bildirir ki, ölkəsi Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı genişləndirməkdə və birgə layihələr həyata keçirməkdə maraqlıdır. Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycanla bu istiqamətdə yaxşı əlaqələri mövcuddur: "Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə - kiçikçaplı silah və sursat istehsalından təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq". Nazir əlavə edib ki, "JF-17 Thunder" döyüş və "Super Mushshak" təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur: "Biz "Super Mushshak" təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq".
Artıq ötən ilin sonlarından məlumdur ki, Azərbaycan Pakistanın "JF-17 Thunder" döyüş təyyarələrini almaq niyyətindədir. Bir daha xatırladaq ki, "JF-17 Thunder" qırıcılarını Pakistanla Çin birgə istehsal edir. "JF-17 Thunder" qırıcıları daha müasir və daha geniş imkanlara malikdir. Bu qırıcılar hədəfə görünmə məsafəsindən çox aralıda "hava-hava" raketləri ilə zərbə endirə bilir, yüksək manevr qabiliyyətinə malikdir. Müasir radioelektron mübarizə sistemləri ilə təchiz olunub.
Azərbaycan Pakistandan orta və yaxın mənzilli müasir ballistik raketlər almaqda da maraqlıdır. Söhbət ilk olaraq Pakistan istehsalı olan "Şahin-1" raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi vurur. "Hatf-1" raketinin də alınması istisna olunmur. O, "Şahin-1"in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə (HHM) sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Azərbaycanın Pakistandan almaq istədiyi ballistik raketlər regionda qüvvələr balansını daha radikal şəkildə ölkəmizin lehinə dəyişəcək. Bir daha xatırladaq ki, operativ-taktiki raketlər düşmən ərazilərinin dərinliklərində yerləşən hədəfləri vurmaq üçün istifadə olunur. Həmçinin operativ-taktiki raketlərdən dərinliklərdə yerləşən aerodromlara, silah anbarlarına zərbə endirmək olar. Ümumiyyətlə, Azərbaycan heç bir maneəyə rast gəlmədən operativ-taktiki raketləri, Pakistanla yanaşı, Türkiyə və İsraildən də ala bilir. Bu, Ermənistana problem yaratmaya bilməz. Çünki raketlərlə zərbə artıq arxa cəbhə obyektlərinə, hərbi hissələrə endiriləcək.
Tahir TAĞIYEV