İnsanlıq əleyhinə yönəlmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması bu gün Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas priortet istiqamətlərindən biridir. Dünyanın bu faciədən xəbər tutması və ona beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməsi, ən azından, belə halların təkrarlanmasının qarşısının alınması baxımından çox böyük önəm kəsb edir.
Beynəlxalq aləm bilməlidir ki, ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan edən ermənilər tərəfindən burada əsl soyqırım törədilib, çox böyük qəddarlıqla mülki insanlar qətlə yetirilib. Özü də onların içərisində başı kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar çoxluq təşkil edib.
Hazırda bu faciə ilə bağlı dünyanın məlumatlandırılmasında, digər istiqamətlərlə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası mühüm rol oynayır. Artıq danılmaz faktdır ki, ötən dövr ərzində məhz bu kampaniya çərçivəsində Xocalı soyqırımının dünyada tanınması ilə bağlı böyük işlər görülüb. Elə İslam Əməkdaşlıq Təşkilatının bu xüsusda qətiyyətli mövqeyi, hər il verdiyi açıqlamalar, qəbul etdiyi qərar və qətnaməl bunun ən real təsdiqidir. Cari il ərzində faciəyə bir daha beynəlxalq ictimaiyyətin diqqətinin yönəldilməsində "Xocalıya ədalət" kampaniyası böyük işlərin müəllifi qismində çıxış etdi. Məsələn, ötən ay Nijni Novqorod şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirin reallaşması məhz "Xocalıya ədalət" kampaniyası çərçivəsində baş tutdu. Bu tədbirdə iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsinə və "Xocalıya ədalət!" kampaniyasına dair ədəbiyyat və multimedia məhsulları təqdim olundu. "Xocalıya ədalət" beynəlxalq kampaniyasının məqsəd və vəzifələri, nəticələri və əhəmiyyəti barədə iştirakçılara geniş məlumatlar təqdim edildi. Bununla bir daha erməni vəhşiliyinin Qarabağ münaqişəsinin gedişində hansı fəlakətlərə gətirib çıxardığı Rusiyada ictimaiyyətin fəal üzvlərinin diqqət mərkəzinə çatdırıldı.
Strasburqda da Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində çox mühüm tədbirin keçrilməsinə nail ola bildi. Avropanın mərkəzində avropalılara bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat çatdırıldı. Qərb dünyasının təmsilçiləri bir daha gördülər ki, Xocalı soyqırımı Azərbaycan tarixinin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı və qanlı səhifələrindən biridir. O da bilindi ki, Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal altında saxlanır, bu ərazilərdən bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Xocalının Ermənistan tərəfindən işğalı nəticəsində isə 613 dinc sakin amansızlıqla qətlə yetirilib. Sözügedən tədbirdə mühüm məqamlardan biri isə fransız yazıçısı Jerar Kardonun çıxıış olub. O, Srebrenitsa faciəsindən əvvəl Dağlıq Qarabağda 366-cı motoatıcı alayın yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı qətliamının törədildiyini bildirib. Xocalı soyqırımı haqqında geniş danışan yazıçı beynəlxalq ictimaiyyətin bu faciəyə layiqli qiymət verməməsi və günahkarların cəzasız qalmasından hiddətləndiyini qeyd edib. Bakıda olarkən Xocalı sakinləri ilə görüşdüyünü bildirən Kardon ermənilərin ağlasığmaz vəhşiliklərindən dəhşətə gəldiyini deyib. O, təəssüf hissi ilə bildirib ki, ədalətsizlik və cəzasızlıq insanlığa qarşı yönəlmiş bu cür faciələrin təkrarlanmasına yol açır. Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını vurğulayan yazıçı beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid edib.
TEAS-ın Strasburq bürosunun direktoru Eliza Pieter Xocalı soyqırımını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. "Xocalıya ədalət" kampaniyasının önəmindən bəhs edən Pieter bu kampaniya çərçivəsində mühüm tədbirlərin həyata keçirildiyini xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, Xocalı soyqırımının anılması gələcəkdə bu cür vəhşiliklərin bir daha təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır. Qeyd edək ki, burada Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına dair hazırlanmış qısametrajlı film nümayiş olunub, tədbir iştirakçılarına soyqırımı ilə bağlı fransız dilində bukletlər və fransız bəstəkarı Pyer Tiluanın "Xocalı 613" adlı əsərinin diskləri paylanıb. Bütün bunlar isə faciənin tanınması baxımından böyük əhəmiyyətə malikdir.
Eyni zamanda bu hal İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının Xocalı qətliamından dünyanın bir çox ölkələrində xəbərdar olunmasında nə dərəcədə vacib əhəmiyyət kəsb etdyini də aydın nümayiş etdirir. Bu fonda beynəlxalq miqyasda ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edənlərin sayının artması da olduqca müsbət haldır.
"Xocalıya ədalət" kampaniyasının mühüm tərəflərindən biri də odur ki, bu, çox geniş coğrafiyanı əhatə edir. Qeyd edilən hal cari ildə faciə ilə bağlı keçirilən tədbirlərin gedişində də özünü qabarıq surətdə göstərdi. Belə ki, Xocalı soyqırımının 25-ci ildönümü Koreyanın paytaxt Seulda da yürüşlə qeyd olundu. Bu tədbir də məhz "Xocalıya ədalət" kampaniyası çərçivəsində baş tutdu. Üzərində "Xocalıya ədalət" yazılmış köynəklər geyinən yürüş iştirakçıları Koreya dilində hazırlanan kitabçaları və müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylayıblar. Bundan başqa, Seulun mərkəzi ərazisində yerləşən İtevon küçəsində fevralın 18-dən asılan 100-ə yaxın "Xocalıya ədalət!" bannerləri 10 gün ərzində orada qaldı. Bunun əhəmiyyəti odur ki, İtevon küçəsi Seulun ən izdihamlı küçələrindən biri olmaqla yanaşı, xarici turistlərin ən çox ziyarət etdiyi ərazilərdən hesab edilir. Bura həm də xarici ölkələrin Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların binalarının yerləşdiyi əsas ərazidir. Bu da Xocalı faciəsindən daha çox insanın xəbər tutmasına səbəb olur. Səudiyyə Ərəbistanında faciə ilə bağlı baş tutan tədbirdə də "Xocalıya ədalət" kampaniyasına dair materiallar və bu qətliama aid buraxılışlar nəticəsində erməni vəhşiliyinə burada da növbəti dəfə şahidlik edilib.
"Xocalıya ədalət!" kampaniyası ABŞ-da da mühüm işlər görür. Burada müxtəlif şəhərlərdə, ştatlarda keçirilən tədbirlərdə iştirakçılara əyani materiallar təqdim olunması xüsusi diqqət mərkəzində yer alır. Onlardan biri də Xocalı qətliamından bəhs edən "Sonsuz Dəhliz" filmidir. Xocalı qətliamının 25-ci ildönümünə həsr olunmuş və Boston şəhərində keçirilmiş toplantıda bu film iştirakçılara təqdim edilib. Bir daha xatırladaq ki, sözügedən film "Xocalıya ədalət" kampaniyası çərçivəsində Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub. Bostonla yanaşı, Hyuston şəhərində də ABŞ və Litva kinematoqraflarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş "Sonsuz dəhliz" filmi nümayiş etdirilib.
Ötən ay Berlinin ən məşhur sərgi qalereyalarından biri olan "Galerie Schultz"da Xocalı soyqırımının qurbanlarına həsr olunmuş sərgi keçirilib. Sərgi yenə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin Berlin nümayəndəliyi tərəfindən təşkil olunub. TEAS-ın sədri Tale Heydərov burada bir daha "Xocalıya ədalət" kampaniyasının faciənin tanınması istiqamətində nə dərəcədə böyük önəmə malik olduğunu iştirakçıların diqqətinə çatdırıb: "Bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilir. 2008-ci ildən etibarən keçirilən bu kampaniya regionda ədalətin bərqərar edilməsi yolunda apardığı işlərdə böyük beynəlxalq dəstək qazanıb. İndiyədək bu kampaniya Avropa, Amerika, Asiya və Afrikadakı 100-dən artıq ölkədə tədbirlər təşkil edib. Avropa Azərbaycan Cəmiyyəti öz tədbirlərini Afina, Bern, Brüssel, London, Lüksemburq, Paris, Praqa, Sofiya və Vilnüs şəhərlərində keçirir. Tədbir 25 il əvvəl baş vermiş Xocalı soyqırımına və ata-baba yurduna dönmək arzusu ilə yaşayan qaçqın və məcburi köçkünlərin talelərinə bir daha işıq salır". Ümumiyyətlə, bu qəbildən olan tədbirlərin sayı kifayət qədərdir. Bunlar həm də onu göstərir ki, Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər artıq öz nəticəsini verməkdədir. Artıq məlumdur ki, dünyanın bir sıra ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Dünya qəbul edir ki, qəddarlığı ilə seçilən bu faciə bəşəriyyət tarixində insanların kütləvi şəkildə qətlə yetirildiyi misli görünməmiş soyqırımıdır. Xocalı qətliamının ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanınması istiqamətində işlərin isə bundan sonra da intensiv şəkildə davam etdirilməsi, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Görülən işlərin məntiqi nəticəsi olaraq dünya daha əyani şəkildə ermənilərin işğalçılıq siyasətinin mahiyyətindən onun hansı faciələrə gətirib çıxarmasından xəbərdar olur. Məhz bu fonda da ermənilərin əməllərinə hüquqi-siyasi müstəvidə real qiymət verənlərin sayı artır və bu hal Azərbaycan üçün olduqca böyük önəmə malikdir. Buna müqavimət göstərmək isə ermənilər üçün gedərk daha çətin olur, çünki Azərbaycanın bu məsələdə haqlı olduğunu dünya da yaxşı bilir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.