"Münaqişənin həll olunmamasından region dövlətləri də bu və ya digər dərəcədə zərər görür"
"Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışarkən deyib.
Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etdiyini və münaqişənin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylərin hələ də nəticəsiz qaldığını xatırladan R.T.Ərdoğan İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi ilə ciddi nəticələr əldə etməyin mümkün olduğunu bildirib: "Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik. 20 ildən artıq davam edən danışıqların heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk Qrupu bu işi həll edə bilməyib. Biz bu istiqamətdə birlikdə hərəkət etməliyik. İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirləri həyata keçirə bilərik. Mən inanıram ki, biz bu məsələni birlikdə qaldırsaq, nəticəni də daha tez ala bilərik".
O, çıxışı zamanı, həmçinin, Əfqanıstanda terror məsələsinə də toxunub. Ərdoğan bu ölkədə terrora qalib gəlmək üçün bütün qüvvələri birləşməyə çağırıb. "Türkiyə YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə aparır. Terrorun qarşısını birdəfəlik almalıyıq", - deyə, Türkiyə prezidenti vurğulayıb.
Türkiyə Dağlıq Qarabağ məsələsində, birmənalı olaraq, hər zaman Azərbaycana dəstək verib. Qardaş ölkənin bu məsələdə prinsipial mövqeyi dəyişməzdir. Ermənistanın işğalçılıq siyasətinin bütün beynəlxalq tədbirlərdə gündəmə gətirilməsinə siyasilər necə yanaşır və bunun ümumən nə kimi müsbət nəticəsi ola bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ərdoğanın bu təklifi təqdirəlayiqdir: "Görünən odur ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkiyəni də çox narahat edir. Çünki münaqişənin həll olunmamasından təkcə Azərbaycan əziyyət çəkmir. Bundan region dövlətləri də bu və ya digər dərəcədə zərər görür. Sülhün əldə olunmaması bölgədə həyata keçirilən enerji və digər layihələr üçün potensial təhdid mənbəyidir. Belə ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişə öz həllini tapsa, bu, regionun inkişafına müsbət təsir göstərəcək. Təəssüflər olsun ki, işğalçı Ermənistan bütün bunları anlamaq istəmir. Həmçinin, böyük dövlətlərin regionla bağlı geosiyasi maraqlarının haçalanması buna mane olur. Bu azmış kimi, işğalçı dövlətə də hər hansı təzyiq göstərilmir. Bütün bunlara rəğmən, Ermənistanın apardığı işğalçılıq siyasəti davamlı olaraq beynəlxalq tədbirlərdə, qurumlarda gündəmə gətirilməlidir. Bu işdə bütün dövlətlərlə, o cümlədən islam ölkələri ilə sıx əməkdaşlıq etmək lazımdır. Bəzi dünya dövlətləri Ermənistanın işğalçılıq siyasətindən yetərincə məlumatlı deyil. Hesab edirəm ki, beynəlxalq platformalarda bu məsələnin gündəmə gətirilməsi faydalı ola bilər".
Vidadi ORDAHALLI