"Donalt Tuskun açıqlamasını bu kontekstdən dəyərləndirmək lazımdır"
"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. O yalnız istisnasız olaraq sülh yolu ilə həll edilməlidir". Yayılan məlumata görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyanla görüşündən sonra bəyan edib. Tusk deyib ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyir.
Sarkisyan isə deyib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququ beynəlxalq sənədlərdə əksini tapıb: "Biz Qarabağ məsələsinə də toxunduq. Hesab edirik ki, problemin hərbi yolla həlli yoxdur. Ermənistan ağlabatan güzəştlərə hazır olduğunu bəyan edir. Bu problemin həllində baza olaraq Dağlıq Qarabağ xalqının hüquqları dayanır".
Çox maraqlı məqam ondan ibarətdir ki, D.Tusk Sarkisyanla görüşündə ərazi bütövlüyü məsələsindən bir kəlmə də danışmayıb. Halbuki, fevralın əvvəllərində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bu məsələyə xüsusi toxunmuşdu. Eyni zamanda, qurumun bu məsələdə mövqeyini bəyan etmişdi: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik".
Nəzərə alsaq ki, Avropa İttifaqı enerji layihələrinin həyata keçirilməsi ilə əlaqədar münaqişənin tez həll olunmasında maraqlıdır, o zaman niyə ərazi bütövlüyü məsələsinə xüsusi önəm verilmir?
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin sözlərinə görə, Avropa Birliyi rəsmiləri bir tərəfə bir söz, digər tərəfə tamam başqa söz deyirlər: "Bu cür açıqlamalar da çox vaxt daban-dabana zidd olur. Ona görə də D.Tuskun verdiyi bəyanatda qəribə və yaxud da başqa məqam axtarmaq sədəlövhlük olar. Avropanın əsas dövlətlərinin yeritdiyi siyasətin nəticəsidir ki, Dağlıq Qarabağla bağlı qeyri-müəyyən vəziyyət davam etməkdədir. Qərb diplomatlarının işidir ki, problemə ikili standartla yanaşıb ərazi bütövlüyü ilə milli müqəddərat müddəalarını eyniləşdirirlər. D.Tuskun açıqlamasını da bu kontekstdən dəyərləndirmək lazımdır. Avropa dövlətləri Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa söykənib mövqe ortaya qoysaydılar, işğal faktı bu dərəcədə uzanmazdı. Həmçinin, Sarkisyan Avropanın mərkəzində həyasız açıqlamalar verməzdi. Bax, reallıq bundan ibarətdir". Vidadi ORDAHALLI