Mübariz Əhmədoğlu: "Həmsədrlərin bu məsələyə susqun münasibəti başadüşülən deyil"
Hamburqda Dağlıq Qarabağ məsələsinə dair "3+2" formatında Fransa tərəfindən təklif edilmiş görüşün mümkünlüyü məsələsi müzakirə edilir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ona verilmiş "Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nazirlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü keçiriləcəkmi?" sualının cavabında deyib: "Əgər bu barədə razılaşma əldə edilsə, sizə məlumat verəcəyik".
Rusiya nümayəndəsinin də bu məsələ ilə bağlı əmin danışmaması görüşün baş tutacağına şübhə yeri qoyur.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda keçirdiyi mətbuat konfransında Ermənistanın Hamburq görüşünə razılıq vermədiyini bildirmişdi. Nazirin fikrincə, danışıqlar prosesində ləngimə var: "Ermənistan görüşdən qaçır. Bu o deməkdir ki, deməyə sözü yoxdur".
Çox maraqlıdır ki, Ermənistanın Hamburq görüşünü pozmasına həmsədr ölkələrdən heç bir reaksiya yoxdur. Həmsədrlərin bu susqunluğu nə ilə bağlıdır?
Ekspert Mübariz Əhmədoğlunun sözlərinə görə, Almaniyanın Hamburq şəhərində keçiriləcək ATƏT XİN Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşünə yalnız o zaman ümid etmək olar ki, "3+2" formatında görüş alınsın və orada mühüm prinsipial məsələlər razılaşdırılsın. "3+2" deyəndə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin XİN rəhbərləri ilə Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü nəzərdə tutulur. Söhbət ondan gedir ki, Ermənistan bu formatda görüşə hazır deyil. Bunu ona əsasən deyirəm ki, bu yaxınlarda prezident Serj Sarkisyan XİN rəhbəri Edvard Nalbandyanı qəbul etdi və orada yaxın bir il ərzində görüləcək tədbirlər müzakirə olundu, Sarkisyan onlara razılıq verdi. Amma bir neçə gün sonra keçiriləcək Hamburq görüşünə razılıq verilmədi. Bu məsələni açıq saxladılar. Bu isə o deməkdir ki, rəsmi İrəvan Hamburq görüşünə razılıq verməyib.
Ermənistanın yalanları artıq yerimir, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret addım tələb edir. Ermənistan isə konkret addıma gedə bilmir. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə Azərbaycan torpaqlarının mərhələli yolla geri qaytarılması nəzərdə tutulur. Ermənistan bunu etməyə hazır deyil. Lakin indiki vəziyyətin əvvəlki dövrlərdən bir fərqi var, bu da ondan ibarətdir ki, artıq beynəlxalq ictimaiyyət başa düşüb ki, Ermənistan yalan danışır, imitasiya ilə məşğuldur və Qarabağ münaqişəsini tənzimləmək istəmir. Hesab edirəm ki, həmsədrlərin bu məsələyə susqun münasibəti başadüşülən deyil. Bu səbəbdən də onlar mütləq Ermənistanın qeyri-konstruktivliyini xüsusi vurğulamalıdır".
Məhəmmədəli QƏRİBLİ