NATO-nun Qafqaza artan marağı burada geosiyasi mühitə də təsirsiz ötüşmür. Moskva NATO-nun bölgədə fəalaşmasına qarşıdır və bu istiqamətdə atılan addımları cavabsız buraxmayacağını bildirir. NATO isə ilk olaraq Gürcüstan vasitəsilə bölgədə mövqelərini gücləndirməyə çalışır. Bu fonda Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin sədr müavini Frans Klintseviç bildirir ki, belə gedişlə Gürcüstan yaxın zamanlarda NATO-ya üzv olacaq.
Rusiya mətbuatına açıqlamasında o deyib ki, Rusiya bu məsələ ucbatından yerində saymayacaq: "Biz ən doğru olanı edəcəyik. Abxaziya ilə hərbi ittifaqımız olduğuna görə onun sərhədlərini möhkəmləndirəcəyik". Qeyd edək ki, bundan öncə Rusiya qondarma Abxaziya ilə vahid ordu birləşmələrinin yaradılması haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, müharibə şəraitində ordu birləşmələri Rusiyanın tabeliyinə veriləcək. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi isə bildirib ki, ABŞ Rusiya ilə Abxaziya arasında imzalanan vahid ordu birləşmələri haqqında müqaviləni tanımır. Onun sözlərinə görə, Abxaziya rəsmən Gürcüstan ərazisidir və Vaşinqton bu qondarma rejimi tanımır.
Bu şəraitdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qeyd edir ki, NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstan hökumətinin prioritetidir: "Əlbəttə, Avropa İttifaqı və NATO-ya inteqrasiya və alyansa üzv olmaq bizim dövlətimizin dönməz məqsədidir. Bu istiqamətdə bizim çoxlu fikirlərimiz var və biz onlardan axıradək istifadə etməyi planlaşdırırıq". O, eyni zamanda, Rusiya ilə münasibətlərin normallaşması prosesində Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələləri üzrə kompromisin olmayacağını qeyd edib. Baş nazir, həmçinin, Gürcüstan dövləti olaraq bütün beynəlxalq platformalarda Abxaziya və Sxinvali bölgələrinin müstəqilliyinin tanınmaması siyasəti istiqamətində işlərini davam etdirəcəyini bildirib. Rusiya isə əksinə, Gürcüstandakı separatçı qurumlar vasitəsilə bölgədə mövqelərini gücləndirir. ABŞ kəşfiyyatının kölgəsi sayılan "Stratfor" təşkilatı isə qeyd edir ki, Kreml Qafqazdakı mövqelərindən əl çəkmək niyyətində deyil: "Donbas, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluq Moskvaya Ukrayna, Moldova və Gürcüstan üzərində təsir üçün güclü rıçaqlar verir. Dolayı yolla Dağlıq Qarabağ konfliktini dəstəkləməklə Rusiya həmçinin Qafqazdakı mövqelərini qoruyur. Rusiya özünün siyasi və iqtisadi təcridini zəiflətmək üçün taktiki güzəştlərə gedə bilər, amma istənilən halda onun separatçı bölgələrlə bağlı geniş strategiyası qorunub saxlanacaq. Dağlıq Qarabağ ərazisində Rusiyanın birbaşa hərbi mövcudluğu yoxdur, amma məhz bu konflikt sayəsində Moksva hələ də Qafqazda əsas güc rolunu oynayır. Nəticədə Ermənistan Rusiyayönlü siyasi kurs yeridir, Azərbaycan balanslı xarici siyasətə üstünlük verir". Amma belə fikirlər də səslənir ki, Moskva müəyyən proseslər müqabilində Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər.
Rusiyalı hərbi ekspert Pavel Felqenhauer bu xüsusda maraqlı məqamlar açıqlayır. Ermənistan və Rusiya arasında vahid hərbi birləşmə yaradılmasını şərh edərkən o bildirib: "Rusiyanın Cənubi Qafqaza dair uzunmüddətli planları var. Bu planlardan biri də bölgədə vahid hərbi birləşmə yaratmaqdır və bu ideya, əslində, keçmiş sovet sərhədləri çərçivəsində Gürcüstan və Azərbaycanı da buraya daxil etməkdir". Onun sözlərinə görə, sovetlər vaxtı transqafqaz hərbi dairəsi mövcud idi: "Rusiya məhz həmin hərbi dairəni yenidən qaytarmaq, bölgə ölkələrini yenidən ora daxil etmək niyyətindədir. Yəni Ermənistanla vahid hərbi birləşmənin yaradılması erməni ordusunun Rusiya ordusuna daha sürətli inteqrasiyasıdır, lakin bu həm də regionda ümumi vahid hərbi birləşmənin yaradılması üçün atılan ilk addımdır".
Ekspert qeyd edir ki, Rusiyanın bu planının baş tutmasına ciddi əngəllər var. Onlardan biri Dağlıq Qarabağ münaqişəsidir. Yəni rəsmi Bakı belə bir hərbi dairədə olmağa razılaşarsa belə, yenə də ərazilərini işğal etmiş Ermənistanla eyni sırada dayanmaqdan imtina edəcək. Bəllidir ki, indiyə qədər o bunu dəfələrlə bəyan edib və praktiki siyasətdə sübut edib. P.Felqenhauer isə hesab edir ki, Rusiya hər şeyi ölçüb-biçib: "Bütün bunları Moskvada da bilirlər. Ona görə də Rusiya Qarabağ münaqişəsini həll edəcək. Əslində, başqa yolu da yoxdur. Bu baş verəcək". Ekspert Qərb istiqamətində də Rusiyanın fəallaşdığını bildirir. Qeyd edir ki, bu fonda Rusiya-Belarus birgə qoşun qruplaşmasının təlimləri gələn il NATO sərhədləri yaxınlığında keçiriləcək və miqyasına görə misli görünməmiş təlimlər olacaq. Təlimlərdə Avropa kontinentində böyük müharibə aparılması imkanları araşdırılacaq. Ekspertin sözlərinə görə, birgə təlimlərə Rusiya ordusunun tank hissələri də cəlb olunacaq. Tankların dəmiryol platformaları ilə Belarusa daşınması planlaşdırılır. Gözlənir ki, təlimlərə yüz minlərlə hərbçi qatılacaq. O hesab edir ki, bununla bağlı rəsmi açıqlamalara əsasən, gələn il Belarusa daşınacaq 4 min 126 vaqon yük hərbi yüklərin heç də hamısı deyil. Yüklərin bir hissəsi məxfi daşınacaq və reallıqda Belarus ərazisinə daşınacaq hərbi yüklərin həcmi daha çox olacaq. Analitiklərə görə, Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, eyni zamanda Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirmək məqsədi daşıyacaq.
Nahid SALAYEV