Ramil Hüseynov: "Son illər Azərbaycan ən müasir silah komplekslərinin alınmasını həyata keçirib və bu proses indinin özündə də davam edir"
Sentyabrın 21-də Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan silahlar erməni silahlı qüvvələrinə məxsusdur. Bu haqda açıqlamasında Rusiyanın Ermənistandakı səfiri İvan Valıkin bir sıra KİV-də paradda nümayiş olunan hərbi texnikanın erməni tərəfinə məxsus olmaması ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirib:
"Şayiələr gəzir ki, paradda nümayiş olunan hərbi texnika Ermənistanın deyil, Rusiyaya məxsusdur. Bu tamamilə belə deyil. Bununla bağlı Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlama verib - bütün texnika Ermənistan silahlı qüvvələrinə məxsusdur".
Həmçinin rusiyalı diplomat bir sıra ekspertlərin qiymətləndirməsi ilə razılaşmayıb: "Rusiya tərəfindən təchiz edilən silahlar müdafiə xarakteri daşıyır. Deməzdim ki, təchiz edilən silahlar regionda güc balansının pozulması məqsədini daşıyır".
Məlumat üçün qeyd edək ki, ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə hərbi parad keçirilib. Paradda Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən "İsgəndər" operativ-taktiki raket kompleksləri (OTRK) də nümayiş etdirilib.
Məlum proseslər bir daha sübut etdi ki, Rusiya Ermənistanı təmənnasız müasir silah kompleksləri ilə təchiz edir. Bütün bunların fonunda Azərbaycan özünün müdafiə və təhlükəsizlik tələblərinin ödənilməsində nə qədər gücə sahibdir?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Azərbaycanın bunun qarşılığında imkanları məhdud deyil: "Məsələ ondadır ki, son illər Azərbaycan ən müasir silah komplekslərinin alınmasını həyata keçirib və bu proses indinin özündə də davam edir. Bu da ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bir sıra silahların istehsalı ölkədə həyata keçirilir. Aprel döyüşləri Azərbaycanın necə modern silah komplekslərinə malik olduğunu göstərdi. Çünki həmin silah növləri praktikada tətbiq olunaraq bir neçə erməni tankı məhv edildi. Bunu qarşı tərəf də etiraf etmək məcbuiyyətində qaldı. Azərbaycan dünyanın bir sıra ölkələrindən, xüsusən də İsraildən müasir silah komplekslərini idxal edir. Ermənistanın isə elə bir maddi imkanı yoxdur ki, həmin silahlardan əldə edə bilsin. "İsgəndər" raket komplekslərinin nümayiş olunması daha çox Ermənistanın gücünün şişirdilməsinə hesablanıb. Məsələ ondadır ki, Dağlıq Qarabağ danışıqları dalana dirənib. Bu da müharibə risqini əhəmiyyətli dərəcədə artırıb. Bunu önləmək üçün belə raket kompleksləri nümayiş etdirilir ki, Azərbaycan çəkinsin. Ancaq bu mümkün deyil. Əvvəl-axır, Azərbaycan düşmənə öz gücünü göstərəcək".
Vidadi ORDAHALLI