Qulu İsmayılov: "Ölkənin düzgün kursla idarə olunması bir daha sübut etdi ki, asılılığı olmayan dövlət təzyiqlərə də davam gətirə bilir"
"Bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir. Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında deyib. Ölkə başçısı daha sonra bildirib: "Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi.
Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin".
Ölkə başçısının Azərbaycanın indiki qədər güclü, indiki qədər azad və müstəqil olmaması ilə bağlı səsləndirdiyi fikirləri hansı amillər şərtləndirir?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, İlham Əliyevin bu fikirlərini əsaslandırmaq üçün tutarlı arqumentlər yetərincədir: "Azərbaycan müstəqildir. Bunu hamı bilir. Ancaq bu müstəqillik yalnız sözlə ifadə olunmur. Azərbaycanın yürütdüyü siyasət bunu sübut edir. Biz heç vaxt kimdənsə asılı olmamışıq. Belə gücü bizə verən başlıca şərt iqtisadi qüdrətimizdir. Təbiidir ki, biz təbii sərvətlərimizin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu müstəqillikdən sonra daha yaxşı anlamağa başladıq. İqtisadi azadlığımızı təmin edəndən sonra özümüzü daha rahat hiss etdik. Bu gün Azərbaycanda görülən işlər sübut edir ki, Azərbaycan kimdənsə asılı deyil. Neftin qiymətinin kəskin düşməsi büdcə gəlirlərimizi azaltsa da, Sumqayıtdakı açılışlar sübut etdi ki, ölkə inkişaf qatarından düşməyib. Əksinə, neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi postneft dövrü üçün yeni prioritetlər açır. Ölkə başçısı regionların inkişafını da xüsusi qeyd edib. Bəli, bu proqram dayanmayıb. Bütün deyilənlər Azərbaycanın müstəqilliyinin, gücünün və azadlığının nişanələridir. Ölkənin düzgün kursla idarə olunması bir daha sübut etdi ki, asılılığı olmayan dövlət təzyiqlərə də davam gətirə bilir".
Məhəmmədəli QƏRİBLİ