Arzu Nağıyev: "Əks təqdirdə bu mübarizə istənilən effekti vermir"
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.
Prezident İlham Əliyev çıxış edərək deyib ki, bu iclas ölkələrimizin təhlükəsizlik orqanları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi işinə xidmət edəcək:
"Mənə məlumdur ki, sizin gündəliyiniz yetərincə genişdir, olduqca çoxsaylı məsələlər müzakirə olunacaq. Təbii ki, bütün bu məsələlər əməkdaşlıq, qarşılıqlı anlaşma və dəstək ruhunda müzakirə olunacaq. Biz şuranın fəaliyyətinə böyük əhəmiyyət veririk, hesab edirik ki, o çox səmərəli, gərəklidir, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrimizdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edir. Azərbaycan şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq".
Daha sonra Prezident dünyanı bürüyən terror təhlükəsindən danışıb: "Bu gün dünyada mövcud vəziyyət hamımıza yaxşı məlumdur. Təəssüf ki, təhlükələr get-gedə artır. Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir".
İlham Əliyevin fikirlərində xüsusilə diqqətçəkən məqam ölkələri terror bəlası ilə birgə mübarizəyə səsləməsi və təkbaşına mübarizənin effektsiz olacağını söyləməsi oldu. Bu, əslində, MDB məkanında mübarizənin yeni formulu kimi də başa düşülə bilər. Prezidentin bu təklifi MDB məkanındakı dövlətlərin daha koordinasiyalı fəaliyyəti üçün stimul verəcəkmi?
Ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, cənab İlham Əliyevin fikirləri əsasən region üçün milli və dövlət təhlükəsizliyinə ən böyük təhdid olan terrorizmlə bağlıdır: "Hər bir zaman kəsiyində təhdidlər dəyişir. Bu gün üçün ən mühüm təhdid məhz terror təhdididir. Məqsəd isə istər iqtisadi, istərsə də digər layihələrin həyata keçirilməsinə mane olmaq və hakimiyyətin zəifliyini nümayiş etdirməkdir. Bu, MDB məkanında da arabir özünü büruzə verir. Həm də unutmaq lazım deyil ki, ərazilərimizdən çox da uzaq olmayan yerlərdə terrorizm vüsət alıb. Bundan başqa, Orta Asiyada, o cümlədən Qazaxıstanda, Türkmənistanda, Qırğızıstan sərhədində və digər ərazilərdə baş verənlər mübarizənin birgə aparılması üçün zəmin yaradır. Məlumdur ki, radikal dini qurumlar mütəmadi olaraq Rusiyada, Şimali Qafqazda terror aktları həyata keçirir. Bundan başqa, Dağlıq Qarabağ ərazisində bəlkə də yüzlərlə erməni terror təşkilatının nümayəndələri var. Belə bir şəraitdə informasiya mübadiləsi çox mühüm amildir. Əks təqdirdə bu mübarizə istənilən effekti vermir. Hər bir tədbirin əsas qələbə meyarı alınan dürüst ilkin məlumatdır. Təbii ki, bu məlumatlar əsasında antiterror və digər əməliyyatlar müsbət nəticə verir, həm ikitərəfli, həm də koordinasiyalı əməliyyat fəaliyyəti bu gün MDB-nin də xüsusi xidmət orqanları qarşısında qoyulan mühüm bir məsələ olmalıdır".
Məhəmmədəli QƏRİBLİ