Vüqar Qədirov: "Xüsusilə də biz bir daha əmin olduq ki, xalqımız stabillik, əminamanlığı, dayanıqlı inkişafı təmin etmək üçün bu dəfə də dövlətinə dəstək oldu"
Azərbaycanda keçirilən referendumun tam legitim olması ilə bağlı dünyanın nüfuzlu qurumları və dövlətləri rəylərini açıqlayıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və respublika rəhbərinin səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək niyyətində deyil:
"Bu demokratik prosesin hansı nəticələrinin ola və ya olmaya biləcəyini diqtə etmək bizim işimiz deyil. Bir istisna ilə ki, harada qanun pozuntusu var, onlar araşdırılmalı, bu prosesdə harada ki, çatışmazlıqlar var, onlar öyrənilməli və yaxşılaşdırılmalıdır. Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik".
Departament rəsmisi əlavə edib ki, Birləşmiş Ştatlar "demokratik institutların işinin yaxşılaşdırılması" üçün bundan sonra da Azərbaycanla işləmək niyyətindədir.
AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə ümumxalq səsverməsi (referendum) monitorinqinin yekunlarına həsr edilmiş mətbuat konfransında Azərbaycan xalqını dinc şəraitdə keçən referendumla bağlı təbrik edib: "Referendum Azərbaycan qanunvericiliyinə uyğun olaraq təşkil edilib və legitimdir. Biz Azərbaycan xalqının iradəsinə hörmət edirik". Onun sözlərinə görə, səsvermə prosesi şəffaf şəkildə təşkil olunub və səslərin sayılması zamanı ciddi pozuntulara yol verilməyib: "Bizim mandatımız seçki günlərinin monitorinqi və seçki təşviqatı ilə bağlı məsələləri araşdırmaqdır. Biz Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq. Nümayəndə heyəti referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini və ölkənin sabitliyi üçün addım olduğunu hesab edir".
Referenduma verilən yüksək beynəlxalq qiyməti necə dəyərləndirmək olar?
Seçki prosesində geniş təcrübəyə malik olan QHT rəhbəri Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, özünə hörmət edən, obyektivliyi meyar seçən bütün beynəlxalq qurum və dövlətlər belə münasibət bildirməlidir: "Referendumdan qabaq bəzi dairələr obyektivliyə şübhə toxumu səpmək istədi. Ancaq ölkəmizdə olan müşahidə missiyaları gördü ki, proses tam demokratik keçirilir. Bu hər bir ölkənin daxili işinə aid olan məsələdir. Dünyanın demokratik sayılan dövlətləri bir neçə dəfə konstitusiyalarını dəyişib. Bizim belə addım atmağımıza kimsə irad bildirə bilməz. Məsələnin digər mühüm tərəfi bundan ibarətdir ki, bu məsələdə yekun rəy xalqa məxsusdur. Xalq da öz iradəsini seçkilər vasitəsilə ifadə edir. Müşahidə missiyaları və dövlətlər seçkinin hansı səviyyədə keçirilməsinə qiymət verə bilər. Bunu da ediblər. Bizim özümüz də seçki məntəqələrində olan zaman obyektivliyin şahidi olduq. Açıqlanan beynəlxalq rəylər bir daha sübut etdi ki, referendumun legitimliyinə qətiyyən şübhə ola bilməz. Xüsusilə də biz bir daha əmin olduq ki, xalqımız stabillik, əminamanlığı, dayanıqlı inkişafı təmin etmək üçün bu dəfə də dövlətinə dəstək oldu".
Məhəmmədəli QƏRİBLİ