Ermənistanın bir dövlət olaraq kənardan idarə edildiyi, bu ölkənin yürüdəcəyi siyasətin əsas etibarı ilə Moskvada müəyyən edildiyi danılmaz həqiqətdir. Hətta iş o yerə çatıb ki, Ermənistanda təkcə prezident yox, digər vacib sayılan kadr təyinatları da xaricdən həyata keçirilir.
Son günlərdə baş verən hadisələr bunun növbəti təsdiqi oldu. Belə ki, bu günlərdə "168 saat", "A1 plyus" və daha bir neçə erməni media orqanında Ermənistan hökumətindəki mənbələrə istinad edilərək yuxarı siyasi dairələrdə artıq Seyran Ohanyanın yerinə müdafiə naziri postuna Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyanın təyin olunacağı barədə qərar qəbul edildiyinə dair məlumat yayıldı. Eləcə də xarici işlər naziri Edvard Nalbandyanın da başqa bir şəxslə tezliklə əvəzlənməsinə dair məlumatlar yayıldı. Xarici işlər naziri Eduard Nalbandyanın vəzifəsindən azad olunacağı və Fransaya səfir göndəriləcəyi haqda məlumatlar ümumiyyətlə erməni mediasında xeyli çoxalıb. Maraqlıdır ki, Ermənistanda hər iki nazirliyin rəhbərliyi "Rusiya agenti" hesab olunur.
Bu fonda "Aykakan Jamanak" qəzeti yazır ki, Nalbandyan Rusiyanın gizli şəkildə etdiyi köməklə öz postunu saxlamağı bacarıb: "Viqen Sarkisyan isə Müdafiə Nazirliyində Seyran Ohanyanı əvəz edəcək. Seyran Ohanyan Rusiyanın təsirilə öz postunu qoruyacaqsa, o zaman, XİN-də olduğu kimi, Müdafiə Nazirliyində də dəyişiklik baş tutmaya bilər".
Ölkənin yeni baş naziri Karen Karapetyan da Rusiyanın adamı sayılır. Ehtimallara görə, Rusiya bununla erməni iqtidarı üzərində təsirini daha da artırmağa hazırlaşır. Belə vəziyyət isə perspektivdə Qarabağ münaqişəsinə də təsir edə bilər. Xatırladaq ki, daha əvvəl "Lragir" saytı da bu xüsusda maraqlı məqamlara toxunmuşdu. İddia olunurdu ki, Ermənistan hakimiyyətinin növbəti 10 illik dövrü tədricən sona yaxınlaşır. Serj Sarkisyan və komandası hakimiyyəti ağrısız şəkildə təhvil verməyə hazırlaşır. Sayt "Qazprom"da çalışmış, Kremlə yaxın şəxs olan Karen Karapetyanın baş nazir postuna gətirilməsini bununla izah edir: "Karapetyanın gəlişi və Sarkisyanın hakimiyyəti təhvil verməyə hazırlaşdığı haqda xəbərlərin ortaya çıxması müəyyən suallar yaradır. Ehtimallara görə, Kreml Karapetyanı hakimiyyəti təhvil almağa göndərib. Serj Sarkisyanın da buna etiraz etmədiyi deyilir. Çünki Ermənistanda sosial vəziyyət yaxşı deyil və iqtisadi çöküşdən xilas yolu görünmür. Sarkisyan məsuliyyətdən qaçmaq üçün hakimiyyəti təhvil verə bilər".
Digər əsas səbəb isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətdir. Belə ki, İrəvan üzərində hökmə sahib olan Kreml münaqişənin həlli üçün Sarkisyanı sıxışdırır. Sarkisyan əvvəlcə ərazilərin bir qismini qaytarmalı, daha sonra digər ərazilərin azad olunması istiqamətində danışıqlara başlamalıdır. Vaxtilə ermənilər rayonların qaytarılması əvəzinə Qarabağın müstəqilliyi şərtini irəli sürür və öz müqəddəratını təyin etmə prinsipinin təmin olunacağını düşünürdülər. Lakin aprel müharibəsindən sonra reallıq dəyişdi və Bakının əli gücləndi. İndi ərazilərin qaytarılmasının əvəzinə Ermənistana yalnız "müharibə olmayacaq" sözü verilir. İrəvanın Rusiyanın təzyiqləri qarşısında Qərbdən gözlədiyi dəstək də alınmadı. Xüsusilə ABŞ-dakı prezident seçkiləri Vaşinqtonun qınına çəkilməsinə səbəb olub. Belə situasiyada Sarkisyanın şərtlərlə razılaşmaqdan başqa yolu qalmır. Çünki ölkədə iqtisadi vəziyyət sürətlə pisləşir. "Transparency International"ın məlumatına görə, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Təşkilatın işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən yarımillikdə də azalmayıb, əksinə artıb. Bu xoşagəlməz halla bağlı mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib. Vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər külli miqdarda rüşvət ödədiklərini deyirlər. Onların hökumətə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edir. Məlumatda Ermənistan prezidentinin qardaşı Aleksandr Sarkisyanın iş adamlarından gəlirlərin yarısını aldığı da vurğulanır.
Nahid SALAYEV