Aqşin Əliyev: "Aydındır ki, biz buna təəssüf edirik"
ABŞ və Qərbin bəzi siyasi dairələri "demokratiya ixracı" adı altında bəzi ölkələrə öz şərtlərini diqtə etmək siyasətini prioritet sayır. Bir çox hallarda isə bəlli olur ki, onlardan ixrac olunan isə demokratiya yox, başqalarını siyasi vassala çevirən qaydalar olur. Psixoloji manipulyasiya yolu ilə aqressivləşən və qanuni hakimiyyətlərə qarşı zorakılığa sövq edilən kütlələr sonda bu "inqilabların" qurbanına çevrilib.
Hər kəsə kifayət qədər bəllidir ki, ABŞ və Qərbin siyasi dairələri Azərbaycanda da bu cür "demokratik mühit" qurmağa cəhdlər göstərir. Halbuki, ölkəmizdə mövcud olan demokratiya və plüralizm, söz və ifadə azadlığı hər zaman öz üstünlüyü ilə seçilib. Fakt budur ki, istər daha öncələr, istərsə də hazırkı məqamda - ölkəmizdə referendumla bağlı keçirilən ümumxalq səsverməsində ABŞ və Qərbin bəzi dairələri Azərbaycana qarşı kampaniya keçirdi. Düzdür, heç bir nəticəyə nail ola bilmədilər. Ancaq bu vəziyyət belə bir təsəvvür yaradır ki, deyilən güclər bəzən hüquq normalarına yox, gücə əsaslanaraq siyasət həyata keçirir.
Onda maraqlı sual yaranır: dünya siyasətində beynəlxalq hüquq normaları daha təsirli rol oynayır, yoxsa Qərb və ABŞ-ın diqtəsilə həyata keçirilən imperiya siyasəti?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, dünyada hüquqi normaların olduğunu inkar etmək olmaz: "Ancaq gəlin görək dünyanın idarə olunmasında onlar kimə qarşı və nə vaxt tətbiq edilir. Dünyanın nizamını qoruyub saxlamaq üçün bir sıra beynəlxalq qurumlar təsis olunub. Təbiidir ki, onların da bütün fəaliyyəti beynəlxalq hüquq normaları əsasında tənzimlənir. Məsələn, BMT-ni buna misal göstərə bilərik. Bu qurum beynəlxalq hüquqa əsaslanaraq münaqişələri və başqa məsələləri nizama salır. Ancaq bəzən biz görürük ki, həmin qurumun da qərarlarında böyük ölkələrin təsiri olur. Məsələn, ABŞ və Qərb öz maraqları çərçivəsində olanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini güclə olsa da həyata keçirir. Biz bunu Əfqanıstan, İraq, Liviya ilə bağlı görmüşük. Maraqlıdır ki, 25 ilə yaxındır BMT-nin Dağlıq Qarabağla bağlı icra olunmamış 4 qətnaməsi var. Bu adi bir misaldır. Belə halları araşdıranda ortaya bir nəticə çıxır ki, dünyanın idarə olunmasında beynəlxalq hüquq beynəlxalq güclərin maraqlarına cavab verəndə işə salınır. Təbiidir ki, belə güclərdən ən mühümü ABŞ və Qərbdir. Həmin ölkələrin imperialist siyasətindən irəli gələn diqtəsi bəzən beynəlxalq hüquq normalarını üstələyir. Aydındır ki, biz buna təəssüf edirik".
Məhəmmədəli QƏRİBLİ