Dünən Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində açıq havada rayon seçiciləri ilə görüş keçirib.
Baki-xeber.com-a Nəsimi Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün mövcud iqtidarın monolit birliyi nəticəsində milli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir.
M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin təklif etdiyi referendum aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacaq:
“Konstitusiyaya prezidentlik institutunun gücləndirilməsi ilə bağlı təklif olunan dəyişikliklər ölkədə siyasi sistemin sabitliyinin təmin edilməsinə, dövlət idarə-etmə aparatında səmərəli idarəçilik və çevik qərar qəbul etmə mexanizminin for-malaşdırılmasına xidmət edir. Çevik qərarların qəbul olunaraq icra edilməsi, səmərəli fəaliyyət göstərilməsi, xüsusilə iqtisadi islahatların davamlılığının təmin edilməsi idarəetmədə yeni keyfiyyət dəyişiklikləri yaradacaq“.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər əks olunub. Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir:
“Hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz hüquqdan sui-istifadəni qadağan edən bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq”.
Tədbir musiqili konsert proqramı ilə davam edib.