Məhərrəm Zülfüqarlı: "Belə olan halda, hansı ədalət prinsipindən danışmaq olar?"
Qərbdə və ABŞ-dakı bəzi anti-Azərbaycan dairələrin ölkəmizə qarşı ikili standartlardan çıxış etməsi, daim qərəzli mövqe sərgiləməsi artıq adi hal alıb. Artıq zaman-zaman ortaya çıxan ikili standartlar cəmiyyət üçün də, bir növ, adiləşib. Bunun nəticəsidir ki, Azərbaycanda bir sıra beynəlxalq təşkilatlara, eləcə də Qərb ölkələrinə etimad və inam azalıb. Özü də anti-Azərbaycan dairələrinin hər dəfə ölkə üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşdığı da faktdır.
Demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər. İnsan haqları adı altında əslində müəyyən siyasi dairələrə xidmət edən bəzi qurumlar realda siyasi təzyiq rıçaqı kimi istifadə olunur.
Məsələn, ötən il keçirilən parlament seçkilərinə, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, 40-dan artıq müşahidə missiyası yüksək qiymət verdi. Ancaq buna rəğmən, bəzi anti-Azərbaycan dairələri nəticələrə kölgə salmağa cəhd göstərdi. Onların təsiri altında olan müəyyən təsisatlar hər addımda beynəlxalq hüquqdan irəli gələn prinsipləri tərsinə yozmağa başladılar. Halbuki, həmin dairələr 2008-ci ilin martında Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş verən saxtakarlığa etiraz edən ölkə vətəndaşları gülləbaran edilənda susdular. Özlərini elə apardılar ki, sanki belə bir hadisə olmayıb. Ondan əvvəl 1999-cu ildə Ermənistanda parlament gülləbaran edilmişdi. Analoji yanaşma onda da özünü göstərdi. Ancaq bundan fərqli olaraq Azərbaycanda insan haqları ilə bağlı hansısa bir məsələ olan kimi dərhal bunu şişirtməyə çalışırlar. Halbuki, Qərb ölkələrinin özündə belə insan haqlarının vəziyyəti heç də ürəkaçan deyil. Təkcə ABŞ-da qaradərili ölkə vətəndaşlarına göstərilən "münasibət" göz qabağındadır.
O baxımdan Qərbdə və ABŞ-dakı bəzi anti-Azərbaycan dairələrin yeritdiyi ikili standart siyasəti beynəlxalq hüquqda ədalət prinsipinin tətbiqinin zəifləməsində necə rol oynayır?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, belə siyasət ədalət prinsipinin tamamən yox olmasına birbaşa xidmət edir: "Doxsanıncı illərin əvvəllərində aşırı dərəcədə Qərbə aludəçilik var idi. Elə bilirdilər ki, Qərb demokratiyanın beşiyidir. Qərblə münasibətlər yaxşı olarsa, Azərbaycanda tezliklə demokratik cəmiyyət quruculuğuna onlar kömək edəcək. Ancaq artıq Azərbaycanda çox az vətəndaş Qərbin səmimiyyətinə inanır. Çünki Qərb və ABŞ öz maraqlarından irəli gələrək ikili standartlardan çıxış edir. Nəticədə dünyada beynəlxalq hüquqdan irəli gələn ədalət prinsipləri demantaj edilir. Bu da həmin prinsiplərin yox olmasına gətirib çıxarır. Bunu sübut etmək üçün çoxsaylı misal gətirmək olar. Qərbdəki bəzi dairələrə lazımdırsa, hansısa ölkəni tənqid edirlər, təzyiq edirlər və s. Lazım olmayanda isə buna göz yumurlar. Belə olan halda, hansı ədalət prinsipindən danışmaq olar? Ona görə də Azərbaycan dövləti gücləndikcə, bütün xarici təzyiqlərə davam gətirir və gətirəcək də. Müstəqil siyasət yeritməsini davam etdirəcək. Əsl dövlət, millət öz mənafeyindən çıxış edən dövlətdir ki, Azərbaycan da bu yolda qətiyyətlə addımlayır".
Vidadi ORDAHALLI