Üzeyir Cəfərov: "O silahlar ermənilərdə olsaydı..."
İrəvanda keçirilən hərbi parad zamanı şəhərin küçələrində əvvəllər heç zaman nümayiş olunmamış silah və hərbi texnikanın mövcudluğu müşahidə edilib. Təbii ki, bu cür baha silahları almaq Ermənistanın büdcəsinə uyğun deyil. Rusiya Azərbaycana çox baha qiymətə silah satdığı halda, Ermənistana silah qeyri-adi səxavətlə hədiyyə olunur.
Hesab etmək olarmı ki, Rusiya bizə çox baha satdığı silahların hesabına Ermənistana verilən silahları kompensasiya etmiş olur? Çünki bir çox ekspertlərin qənaətincə, Ermənistana həmin silahlar hədiyyə edilib. Yəni Ermənistana bağışlanan silahların da pulu əslində Azərbaycandan çıxarılır.
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun sözlərinə görə, müasir silahlar Rusiya ilə ikitərəfli razılığa əsasən, Ermənistana yalnız paradda nümayiş olunmaq üçün verilib: "Onlar Ermənistanın silahlı qüvvələrinin arsenalında olan silahlar deyil. Ermənistan iqtisadi cəhətdən o qədər imkana malik deyil ki, o silahları ala bilsin. Sadəcə, o silahlar, məsələn, "İsgəndər-M", "İnfauna", "Smerç" və s. Rusiyanın 102-ci hərbi bazasından götürülüb, üzərinə Ermənistanın emblemləri, bayraqcıqları vurulub. Bu, ermənilərin informasiya müharibəsinin tərkib hissəsidir. Ermənilər bununla bizə psixoloji təsir göstərmək istəyir, demək istəyirlər ki, guya bizim 500 km-dən hədəfi vurmağı bacaran raketlərimiz var. Bu başdan-ayağa blefdir. Bu növbəti erməni həyasızlığı və yalanıdır. O silahlardan Ermənistan ordusunda olmayıb, indi də yoxdur. Bu, həm də Rusiyanın bizə təzyiq elementlərindən biridir".
Ekspertin fikrincə, Rusiya o silahları heç zaman Ermənistana verməyəcək: "Rusiya Ermənistanın etibarlı tərəfdaş olmasına inanmır və "İsgəndər" raketlərini də onlara heç vaxt verməz. Bunlar, sadəcə, regionda ajiotaj yaratmaq, Ermənistanda guya güc sahibi olduğu görüntüsü yaratmaq üçündür. O silahlar ermənilərdə olsaydı, onlar çoxdan bunu başımıza qaxanc edib deyərdilər ki, biz Bakını vurarıq, elə edərik, belə edərik. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da deyirdi ki, bizim nüvə silahımız var. Bəs nə oldu axırı? Beynəlxalq təşkilatlar məsələ ilə bir balaca maraqlanan kimi dedilər ki, yoxdur. Heç ola da bilməzdi. İndi də "İsgəndər" raketlərini göstərib lotuluq edirlər. Beynəlxalq qurumlar da onlara gülür. İndiyədək adi silahlar üzrə inspeksiya aparanlar bircə dəfə də olsun o silahların Ermənistanda olması ilə bağlı fikir səsləndirməyib. Rusiya heç 200 milyonluq kreditlə alınmış silahın hamısını Ermənistana hələ verməyib, o ki qala bu raket kompleksləri".
Məhəmmədəli QƏRİBLİ