Rauf Zeyni: "Bütün bunlara vahid kampaniyanın tərkib hissəsi kimi baxmaq lazımdır"
Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli münasibətini davam etdirir. Təəssüflər olsun ki, bu sırada dünyanın nüfuzlu qurumlarının da adı keçir. Artıq bəzi xarici dairələrin davranışı onu deməyə əsas verir ki, hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində onların fəallaşması təsadüfi deyil. Sanki eyni mərkəzdən idarə olunan proseslər özünü ardıcıl və oxşar qətnamələrin qəbulunda da büruzə verir.
Sentyabrın 20-də Avropa Şurasının Venesiya Komissiyası referendumla bağlı oxşar qətnamələrin qəbulunda da öz qərəzli rəyini açıqladı. Adətən Venesiya Komissiyası tez-tələsik şəkildə hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir. Ancaq bu dəfə referendum layihəsi ilə bağlı bütün prosedurlar pozulub və AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində tələm-tələsik rəy hazırlanaraq yayılıb. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilib. Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst hesabat açıqlayaraq Azərbaycanı hədəfə götürüb.
Hazırlanan hər iki sənədlə bağlı Azərbaycan rəsmi səviyyədə mövqeyini açıqlayıb. Rəsmi Bakı hər iki sənədi qərəzli hesab edir. Məsələnin başqa maraqlı tərəfi isə bu iki fərqli qurumun hansı formada ortaq nəticəyə gəlməsi mexanizmi ilə bağlıdır. Azərbaycana qarşı oxşar qərəzli mövqeyi ortaya qoyan qurumların belə koordinasiyalı işi necə həyata keçirilə bilər? Bu sual heç də təsadüfdən ortaya çıxmır. Çünki ortada olan fakt qurumlar arasında Azərbaycana yönəlik gizli bir razılaşmanın olmasını iddia etməyə əsas verir.
BMT və Venesiya Komissiyası belə razılaşmanı hansı mexanizmlərdən istifadə etməklə əldə edə bilər?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda keçiriləcək referendumla bağlı proses tam qanun çərçivəsində aparılır: "Tarix göstərir ki, cənab İlham Əliyevin həyata keçirdiyi bütün islahatlar cəmiyyət tərəfindən birmənalı olaraq dəstəklənib. Bunu indiyə qədər keçirilən seçkilərin nəticəsi və islahatlara xalqın verdiyi dəstək aydın göstərib. Yəni demək istədiyim budur ki, dövrün real tələblərinə uyğun olaraq Konstitusiyamıza dəyişiklik etmək bizim tam haqqımızdır. Bu praktikadan dünyanın ən demokratik ölkələri də istifadə edib. Daxildə bir problemin olmadığı bəzi beynəlxalq dairələri narahat edir. Bu səbəbdən də ölkəmizə qara yaxmağa başlayıblar. Venesiya Komissiyasının biabırçı rəyini və ondan heç də geri qalmayan BMT hesabatını buna misal göstərə bilərik. 25 illik müstəqillik dönəmində biz belə hadisələrin çox şahidi olmuşuq. Azərbaycan üçün həssaslıq təşkil edən bir dönəmdə bəzi ölkələrin əlində oyuncağa çevrilən qurumlar ortaq platformadan çıxış edərək, Azərbaycanı qaralayır. Ancaq bir faktı da qeyd edim ki, Azərbaycan elə bir zəif ölkə deyil ki, belə təzyiqlə bizi yolumuzdan döndərmək mümkün olsun. Venesiya Komissiyası ilə Forstun hesabatının üst-üstə düşməsi təəccüblü deyil. Bəllidir ki, belə qarayaxma kampaniyaları eyni mərkəz tərəfindən hazırlanır. İndi kommunikasiya elə inkişaf edib ki, onların görüşməyinə də ehtiyac qalmayıb. Hesab edirəm ki, bu məsələdə onlar özlərinə dost, lakin Azərbaycana qarşı qərəzli olan digər insan haqları təşkilatlarının hesabatlarından istifadə edib. Demək olar ki, həmin hesabatları araşdırmadan kopyalayıblar. Bundan sonra başqa koordinasiyaya ehtiyac qalmır. Bundan sonra da hansısa təşkilat oxşar bəyanat yaysa, təəccüblənməyə dəyməz. Bütün bunlara vahid kampaniyanın tərkib hissəsi kimi baxmaq lazımdır".
Məhəmmədəli QƏRİBLİ