“Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesi izləyirik”. APA-nın İsrailə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri, İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz deyib.
Onun sözlərinə görə, İsrail həqiqətən inanır və ümid edir ki, yeganə həll yolu sülh yoludur: "Regionda belə bir təcrübəmiz olub. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun başçılığı ilə beynəlxalq səylər uğurlu olacaq və biz bu səyləri dəstəkləyirik. İsrailin Ermənistanla da yaxşı münasibətləri var. Biz sülh istəyirik. Əgər sülh olarsa, regionun iqtisadi potensialı güclü olacaq".
Keçmiş səfir İsraildə Azərbaycan səfirliyinin açılmasından çox məmnun olacaqlarını bildirib: "Biz danışıqlar aparırıq. Lakin yekun qərarı Azərbaycan hökuməti verməlidir".
Səfir baş nazir Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfərinə toxunaraq İsrail hökumətinin bu səfərin reallaşmasında maraqlı olduğunu bildirib.
R.Harpaz deyib ki, Azərbaycanla İsrail arasında siyasi münasibətlər unikaldır. O, iki ölkə liderlərinin çox yaxın münasibətlərə malik olduğunu bildirib: “Son üç ilə baxdıqda, biz siyasi münasibətlərimizdə ciddi irəliləyiş görürük. Hər iki ölkə çətinliklərlə qarşı-qarşıyadır və bir-birini yaxşı anlayır”.
XİN nümayəndəsi iqtisadi münasibətlər üçün imkanların geniş olduğunu söyləyib: “İsrail iqtisadiyyatı çox güclüdür. Bizim startaplarımız dünyada məşhurdur. Bir çox şirkətlər Qafqaz və Avrasiyada yeni bazar axtarışındadır. İsrail enerjinin böyük bir hissəsini Azərbaycandan alır. İndi biz qaz yataqları aşkar etmişik. Biz onu hələ ixrac etmirik. Biz bu sahədə sizin təcrübənizə yiyələnmək istəyirik”.
Keçmiş səfir Azərbaycanın tolerantlıq modeli olduğunu vurğulayıb: “Biz bunu yüksək qiymətləndiririk. Dünyanın elə yerləri var ki, sən orada yəhudi olduğunu bildirsən, həbs oluna bilərsən. Lakin Quba və ya Gəncəyə getdikdə, orada yəhudilərin necə yaşadığını görürsən. Bu, bir modeldir”.