Vüqar Qədirov: "Nalbandyanın dediyi ərazilərdə isə, demək olar ki, mülki əhali yaşamır"
Ermənistanın xarici işlər naziri səlahiyyətlərini yerinə yetirən Edvard Nalbandyan Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında etdiyi çıxış zamanı bildirib ki, guya Azərbaycanın aprel aqressiyası nəticəsində onlar qaçqın axını ilə üzləşib.
Nalbandyanın bu fikri ermənilərin beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi kimi xarakterizə oluna bilər. Ermənistan öz təcavüzkar siyasətini pərdələmək üçün hər bir vasitəyə əl atır.
Qaçqın və Məcburi Köçkün Kənclər Təşkilatının rəhbəri Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, Nalbandyanın BMT-dəki çıxışını Azərbaycana yönəlik növbəti avantyura kimi qəbul etmək olar: "Əvvəla hansı aqressiyadan söhbət gedə bilər? Azərbaycan heç bir aqressiya göstərməyib. Ermənistan tərəfdən nümayiş olunan aqressiyanın layiqli cavabını verib. Aprel hadisələri zamanı döyüşlər Azərbaycana aid olan işğal edilmiş ərazilərdə gedib. Bizim istənilən zaman oranı işğaldan azad etməklə bağlı əməliyyatlar keçirməyə ixtiyarımız var. Çünki ərazi bütövlüyümüzü təmin etmək bizim suveren və konstitusion haqqımızdır. Ermənistandakı demoqrafik vəziyyətin acınacaqlı olmasını özləri də etiraf edir. Dözülməz həyat şəraiti ucbatından əhali Ermənistanı tərk edir. Nalbandyanın dediyi ərazilərdə isə, demək olar ki, mülki əhali yaşamır. Hər kənddə bir-iki yaşlı adam qalıb. Onlar həmin kəndlərin köklü əhalisidirsə, demək, Azərbaycan vətəndaşı sayılır. Əksinə, işğalçılıq siyasəti nəticəsində onların yaşayışını və rahatçılığını Ermənistan pozur. Nalbandyanın "narahatlığı" tam əsassızdır. Aprel hadisələri zamanı həmin kəndləri tərk etməyən yaşlı insanları erməni əsgərlərinin öldürməsinə dair kifayət qədər faktlar mövcuddur. Belə halların olmasını ilkin mənbə kimi erməi KİV-i yayıb. Yaxşı olardı ki, Nalbandyan həmin faktlara nəzər yetirsin.
Cari il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozduğu səbəbindən gərginlik yaşanıb.
Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artilleriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəyib və ya onlar dağıdılaraq tam yararsız hala salınıb. Göründüyü kimi, həmin hadisələr zamanı daha çox Azərbaycan tərəfi zərər çəkib".
Məhəmmədəli QƏRİBLİ