Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının, Qafqazla yanaşı, dünya təhlükəsizliyinə də hədə yaratdığı beynəlxalq miqyasda açıq etiraf olunur. Bu hal BMT Baş Assambleyasının 71-ci sessiyasında yenidən xüsusi olaraq diqqətə çatdırıldı. Estoniya prezidenti Toomas Hendrik İlves diqqətə çatdırdı ki, gücdən istifadə qadağası və dövlət sərhədlərinin toxunulmazlıq prinsipi BMT nizamnaməsində öz əksini tapıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağda və Dnestryanıda "dondurulmuş" münaqişələr davam edir. Toomas Hendrik İlves beynəlxalq hüquq normalarına riayət olunmasını təmin etməyə imkan verəcək mexanizmlər yaradılmasının zəruri olduğunu qeyd edib. O hesab edir ki, BMT bu istiqamətdə işə başlamasa, öz aktuallığını itirəcək.
Latviya prezidenti Veyonis Raymonds da eyni mövqeni bölüşür. O, BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı bu xüsusda bildirib:"Avropanın Şərq qonşularının stabillik və təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır". O qeyd edib ki, Rusiya da daxil olmaqla, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdır. Həmin tribunadan çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Qafqazda təhlükəli durum yarandığını bildirib:"Qafqazda münaqişələrin daha təhlükəli - isti mərhələyə keçməsi risqi qalmaqdadır. Halbuki, dünyadakı mövcud böhran və problemlərin əksəriyyətinin yüngül həll yolları var".
Amma hazırda beynəlxalq narahatlığa baxmayaraq, Ermənistanın qeyri-konstuktivliyi üzündən münaqişənin həlli uzanır. Bu isə regiona daha böyük problemlər vəd edir. Xarici işlər naziri Elmar Məmmədyarov da Ermənistanın yenə danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı sıyasət yürütdüyünü bildirir. Bu səbəbdən də konfliktin həlli gecikir. Belə bir vaxtda Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlər keçirməklə vəziyyəti daha da gərginləşdirir. Qeyd edək ki, erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb. Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir. Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərində aydın eşidilir. Azərbaycan isə bu təlimlərin yolverilməz olduğunu bəyan edir. Artıq Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində növbəti hərbi təlimlərə başlaması ilə bağlı etiraz bəyanatı yayıb. ATƏT-in iştirakçı dövlətlərinə ünvanlanmış bəyanatda qeyd edilib ki, təlimlər zamanı ağır artilleriya və texnikanın açdığı atəşlər və hərəkət nəticəsində yaranan toz dumanı cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrindən aydın müşahidə olunur. Bəyanatda Ermənistanın bu təxribatçı addımı qətiyyətlə pislənib: "Ermənistanın bu təxribatı ən yüksək siyasi səviyyədə vasitəçilik prosesinə cəlb olunmuş həmsədr ölkələrin sülh təşəbbüslərinə birbaşa təhqirdən başqa bir şey deyil. Ermənistanın bu cür davranışı sülh danışıqlarına və həmsədrlərə münasibətdə Ermənistan rəhbərliyinin səmimiliyini ciddi sual altına qoyur".
İndi Ermənistanın atdığı addımlar açıq müharibəyə yol açır. Xatırladaq ki, məsələ ilə bağlı bu günlərdə Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib. Müşavirədə regionda yaranmış hərbi-siyasi vəziyyət təhlil edilərək, müəyyən edilmiş əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin gücləndirilməsilə düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvedilmə ardıcıllığının müəyyənləşdirilməsi, Quru Qoşunlarının birlik və birləşmələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Silahlı Qüvvələrin digər növ və qoşun qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyətinin artırılmasına xüsusi diqqət yönəldilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq, düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.
Nahid SALAYEV