Əli Orucov: "Bu ölkə 4 dövlətlə quru sərhədinə malikdir ki, bunlardan ikisi ilə sərhəd bağlıdır"
Postsovet ölkələrindən Ermənistan yeganə dövlətdir ki, orada əhalinin sayı artmır, əksinə, azalmağa doğru gedir. Özü də son dövrlər bu tendensiya daha qabarıq formada özünü göstərir. Artıq ən yüksək səviyyədə bunu ermənilər də etiraf edir. Ermənistan parlamentinin üzvü Tevan Poqasyan yerli mətbuata açıqlamasında 25 illik müstəqillik ərzində ölkənin demoqrafik göstəricilərinin pisləşdiyini bildirib. Onun fikrincə, Ermənistanda əhalinin sayı azalıb.
Bundan bir müddət öncə Ermənistan Milli Statistika Xidmətinin Siyahıyaalma və Demoqrafiya Şöbəsinin rəhbəri Karine Kuyumcyan da bənzər açıqlamalar vermişdi. Onun sözlərinə görə, miqrasiya axını təbii artımı üstələyir.
O qeyd edib ki, 2016-cı ilin yanvarından iyunadək ölkəni 115395 nəfər tərk edib. Rəsmi məlumatlara əsasən, 2016-cı ilin birinci rübündə Ermənistanda əhalinin sayı miqrasiya səbəbindən azalıb. Ermənistanda doğum sayı azalır. Bunun səbəbi yalnız sosial şərait yox, həm də bu ölkə üçün ağır olan 1990-cı illərdə doğulmuş reproduktiv yaşda insanların azlıq təşkil etməsidir. Erməni rəsmiləri demoqrafik vəziyyətin kəskin pisləşməsinin əsas səbəblərindən birini miqrasiya ilə əlaqələndirir. Ermənistanda miqrasiya vəziyyətilə bağlı 3 illik tədqiqatların nəticələri göstərir ki, hər il 40 minə qədər insan ölkəni tərk edir. Bu isə ümumi Ermənistan əhalisinin 1-1,5 faizini təşkil edir.
Rəsmi statistika göstərir ki, 1 yanvar 2016-cı il üçün Ermənistanın daimi əhalisinin sayı 2 milyon 998 min 600 nəfər təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min nəfər azdır. Ermənistan müstəqillik əldə edəndən sonra isə əhalisinin sayı 634 min 700 nəfər azalıb.
Maraqlıdır, siyasilər Ermənistanda əhalinin azalmasını nə ilə əlaqələndirir?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bunun çox sadə izahı var: "O da ondan ibarətdir ki, Ermənistan təcavüzkar siyasət yeritdiyi üçün iqtisadi baxımdan təcrid olunub. Bu da birbaşa olaraq əhalinin sosial vəziyyətinə təsir göstərir. Nəticədə demoqrafik vəziyyət daha da pisləşməyə doğru gedir. Nəzərə almaq lazımdır ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Bu ölkə 4 dövlətlə quru sərhədinə malikdir ki, bunlardan ikisi ilə sərhəd bağlıdır. İqtisadi baxımdan Ermənistan dünya üçün çəkici hansısa üstünlüyə malik deyil. Hansısa dünya bazarına məhsul çıxarmır ki, bu, əhalinin ehtiyaclarını ödəsin. Az-çox rentabelli sənaye sahələri Rusiyanın nəzarəti altındadır. Enerji resurslarının böyük hissəsini idxal hesabına təmin edir. Belə olan halda, təbii ki, əhalinin sayının azalması qaçılmazdır. Ermənistanda həm doğumun səviyyəsi aşağı düşüb, həm də ölkəni tərk edənlərin sayında azalma yoxdur. Ermənistan hakimiyyətinin yeritdiyi işğalçı və özünü təcrid siyasəti ölkədə əhalinin azalmasına səbəb olub. Məsələnin kökündə dayanan əsas faktor bununla əlaqədardır". Vidadi ORDAHALLI