NATO-nun keçmiş komandanı avropalılara vahimə doğuran xəbərdarlıqla çıxış edib.
Baki-xeber.com xəbə verir ki, "The Times" qəzetinə müsahibə verən general Riçard Barrons deyib ki, Avropa müdaxilədən qorunmaq üçün məxsusi plana malik olmasa, Rusiyanın tamamilə real hücumuna məruz qala bilər.
General bildirib ki, Rusiya istəsə, özünün döyüş təyyarələrini, gəmilərini və qoşunlarını 48 saat ərzində Avropa torpağına çıxara bilər. Onun sözlərinə görə hazırkı vəziyyəti ilə NATO bunun qarşısında hər hansı əks-həmləyə yalnız bir neçə aydan sonra qabil ola bilər. Birləşmiş Qüvvələr Komandanlığının keçmiş rəisi xəbərdarlıq edib ki, Fransa, Almaniya və İtaliya kimi ölkələrin Rusiya təcavüzünə barmaqarası baxması quru, dəniz və hava məkanının itirilməsi ilə nəticələnə bilər: "Rusiya iki gün içində NATO ölkələrinin burnunun dibində bitə bilər. Əgər bu reallaşsa, 28 üzv ölkə hərəkətə keçmək üçün razılaşma əldə edənə qədər NATO torpaqlarının bir hissəsini, hava və dənizdəki nəzarətini də itirər".
General deyir ki, Avropanın mərkəzində və cənubunda yerləşən ölkələr Vladimir Putinin ölkəsi ilə bilavasitə qonşu olan ölkələrin narahatlıqlarını lazımınca qiymətləndirmirlər: "Hazırda Avropa İttifaqı ölkələrinin başı terror təhlükəsinə və miqrant axının qarşısını almağa qarışıb".
Belə bir vaxtda Moskva NATO ilə rəqabətə qabil təkmil hərbi texnikanın yaradılmasına investisiyalar yatırır. Bunu dəyərləndirən Riçard Barrons deyir ki, NATO-nun döyüş qabiliyyəti Rusiyadan güclüdür: "Əgər bütünlükdə NATO-nun döyüş qabiliyyətinə baxılarsa, bu qüvvə Rusiyadan güclüdür. Lakin bu qüvvə əsas etibarilə yarıyuxulu vəziyyətdədir".
Onun fikrincə bundan istifadə edən Rusiya Qərbə hücum etmək qərarı qəbul etsə, NATO böyük təzyiqlə üzləşəcək, çünki Rusiyanı dəf etmək üçün konkret döyüş planları yoxdur.
Barrons deyib ki, Avropanın şimalı, cənubu və mərkəzi arasında belə bir müdafiəyə dair konsensus mövcud deyil.
NATO-nun əvvəllər olabiləcək hücumlara qarşı plan və hazırlıq gördüyünü deyən Barrons, ancaq “Soyuq müharibə”dən sonra bu praktikaya son qoyulduğuna diqqət çəkir: "Ukraynadakı hadisələrə və Rusiyanın hərbi sənayesinə böyük investisiyalar yatırmasına baxmayaraq, NATO bu planları yenidən həyata keçirməyə o qədər də həvəsli görünmür".
Məqalədə deyilir ki, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynada hərbi təcavüzü beynəlxalq miqyasda güclü tənqid olunsa da, NATO Rusiyanın Avropaya mümkün müdaxiləsi üçün hərəkət planı hazırlamayıb. General deyib ki, Baltik ölkələrinin hər birində 1000 nəfərlik əsgəri güc yerləşdirilsə də, onların Moskvanın mümkün zərbəsinə reaksiyası üzərində düşünülməyib.
Barrons mövcud planların yalnız vitrin olduğunu və real qüvvəni əks etdirmədiyini deyib.
Barrons, Fransa, İtaliya, Yunanıstan, Macarıstan və az da olsa Almaniyanın Rusiyanı qıcıqlandırmaq istəmədiklərinə də diqqət çəkir.
TAHİR