Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü Təşkilatı (EITI) oktyabrın 26-da Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanla bağlı toplantı keçirəcək.
Baki-xeber.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə açıqlamasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) enerji və təbii sərvətlər üzrə direktoru Rikardo Puliti (Riccardo Puliti) bildirib.
Onun sözlərinə görə, toplantıda veriləcək qərar Xəzər qazını Avropaya daşıyacaq TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinə AYİB tərəfindən kredit ayrılıb-ayrılmayacağında mühüm rol oynayacaq.
AYİB-in "Cənub Qaz Dəhlizi" layihəsini və onun bütün komponentlərini reallaşdırılmağa başlanan ilk gündən dəstəklədiyini deyən Puliti bankın "Şahdəniz-2" və "Cənub Qaz Dəhlizi"nə kredit ayırdığını xatırladıb: "Hazırda TANAP və TAP-ın maliyyələşdirilməsi üzərində çalışırıq, qiymətləndirmə mərhələsindəyik.
TAP üçün maliyyə prosesinin bir az irəlilədiyini deyə bilərəm, lakin proseslər aşağı yuxarı paralel gedir. Yəni ikisi üçün də hələ son bir qərar yoxdur. Bütün texniki, hüquqi, maliyyə və ətraf mühitə təsir göstəriciləri diqqətlə incələnir.
Maliyyə miqdarı mövzusunda da hələ bir dəqiqlik yoxdur, amma TANAP və TAP-a birlikdə 600-900 milyon dollar arasında öz qaynaqlarımızdan kredit ayırmağı planlaşdırırıq. Təxminən bu qədər krediti də türk və Avropa banklarından götürməyə çalışırıq. Hər iki layihə üçün ümumi 1,5 milyard dollarlıq bir maliyyə paketi olacaq amma bu məbləğin iki layihə arasında necə bölünəcəyini demək hələ tezdir".
EITI-nin oktyabrın 26-da Astanada keçirəcəyi toplantıya diqqət çəkən direktor daha sonra bildirib: “Bildiyimiz kimi, bu təşkilat sənaye sahəsində çalışanların şəffaflığına qiymət verir. Biz bu məsələdə Azərbaycanda irəliləyişin olduğunu görürük və bunun davamlı olacağına inanırıq. Qeyd etdiyim məqam bizim qərara təsir edən əsas amillərdən biridir....
Bu məsələ Azərbaycanın milli neft şirkəti ARDNŞ-nin daha çox pay sahibi olduğu TANAP üçün xüsusi əhəmiyyətə malikdir".