Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının (AES) bölgədə ciddi təhlükə mənbəyi olması barədə dəfələrlə xəbərdarlıq edilsə də, onun fəaliyyəti hələ də dayandırılmayıb. Əksinə, İrəvan hökuməti müxtəlif vasitələrlə stansiyanın fəaliyyətini uzatmaqda israrlıdır. Bu arada bəlli olub ki, AES-də yeni təmir işləri aparılacaq.
Stansiyanın direktoru Movses Vardanyanın sözlərinə görə, AES-də təmir işləri sentyabrın 20-də başlayacaq: "Təmir işləri 61 gün - noyabrın 20-dək davam edəcək. Bu tarixdən sonra yenidən istimara veriləcək".
Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb edib. Amma hələ də bu istiqamətdə əməli addımlar atılmayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov isə diqqəti ona yönəldir ki, "Metsamor" atom elektrik stansiyasında sentyabrın 20-dən iki ay müddətində aparılacaq təmir işləri onun təhlükəliliyinin azalmasına, bölgənin radioaktiv tullantılarla çirkləndirilməsi səviyyəsinin enməsinə təsir göstərməyəcək. Onun sözlərinə görə, AES-də aparılan təmir işləri cari təmir işləridir. Bu təmir işləri zamanı AES-in gücünün sabit qalması üçün yanacağın hissə-hissə dəyişilməsi işləri aparılır, sistemlərin yoxlanışı həyata keçirilir.
A.Qəribov əlavə edib ki, "Metsamor"un istismar müddətinin uzadılmasına hazırlıq məqsədilə 2014-cü ildən 2016-cı ilədək cari təmir işləri aparılıb: "Bu iki ay müddətində isə son sınaq və təmir işləri görülür. İki ay müddətində "Metsamor"da son yoxlama işləri də aparılacaq və sonda Nazirlər Kabinetinin qərarı ilə onun istismar müddəti 10 il müddətinə uzadılacaq, müvafiq olaraq, lisenziya müddəti də uzadılacaq. Bütün bu təmir işlərinə baxmayaraq, "Metsamor" AES yenə də bölgə üçün təhlükəli obyekt olaraq qalır".
Bu yaxınlarda "Metsamor" AES-dən işdən qovulmuş mütəxəssis Aleksandr Ovakimyan da açıq şəkildə bildirir ki, sözügedən atom elektrik stansiyası təkcə Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün təhlükə ocağına çevrilib. O bildirib ki, daha əvvəl Müdafiə Nazirliyinin əks-kəşfiyyat orqanlarında çalışarkən AES barədə bəzi məxfi məlumatlar əldə edib. Həmin məlumatlar ictimaiyyətdən gizlədilib. A.Ovakimyan qeyd edib ki, Ermənistan hökuməti AES-i yaxın vaxtlarda bağlamasa, həmin məlumatları KİV-lə bölüşəcək. həmin məlumatlar isə stansiyanın həqiqətən də ciddi təhdid mənbəyi olduğunu göstərir. Məsələ artıq beynəlxalq miqyasda da diqqət mərkəzinə gəlməkdə davam edir. Məsələn, nüfuzlu "The Korea Times" qəzetində "Ermənistanda nüvə təsisatı" adlı məqalədə Ermənistan vətəndaşlarının nüvə və radioaktiv nüvə tullantıları materiallarının qaçaqmalçılığı ilə məşğul olmasına dair məlumatlara diqqət yetirilir. Cari ilin aprelində əvvəllər bu atom elektrik stansiyasında işləmiş üç Ermənistan vətəndaşının nüvə materiallarını qanunsuz yolla Gürcüstana keçirmək və dəyəri 200 milyon ABŞ dolları olan silahı, uran-238-i qanunsuz satmaq istərkən həbs edildiyi, tutulanlardan birinin Ermənistan xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olduğunun üzə çıxdığını qeyd edilir. Məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı fonunda "Metsamor" AES-in bütövlükdə region üçün təhlükə olduğu, eyni zamanda, Koreyanın regiondakı investisiya layihələri üçün də ciddi narahatlıq yaratdığı bildirilir. Qəzet Beynəlxalq Atom Enerjisi Agentliyini və dünya ictimaiyyətini Ermənistan tərəfindən radioaktiv maddələrin qaçaqmalçılığına qiymət verməyə və ciddi şəkildə nəzarətə götürməyə çağırıb.
Gürcüstan-Qafqaz Strateji Tədqiqatlar İnstitutunun prorektoru Simon Kopadze də bildirir ki, bu gün Ermənistan həm də regionda ən böyük radioloji problemli ölkədir. "Metsamor" AES buna ən böyük misaldır: "Bu stansiya öz ömrünü, istismar müddətini başa vursa da, onun bağlanması və ya modernləşdirilməsi mümkün deyil. Bunun üçün ilk növbədə siyasi iradə lazımdır. Ermənistan hakimiyyəti başa düşmür ki, "Metsamor" AES təkcə azərbaycanlılar, türklər və gürcülər üçün deyil, erməni xalqının özü üçün də ciddi fəlakət mənbəyidir. Biz tarixdən atom silahının nəyə qadir olduğunu yaxşı bilirik. Yaxın keçmişimizdə Çernobılda baş verən partlayışı da xatırlayırıq. 30 ilə yaxın vaxt keçib, amma hələ də Çernobıl problemi yaşanır. Ona görə də hesab edirəm ki, bu stansiya bağlanmalıdır".
Tahir TAĞIYEV